Dollara qarşı daha bir cəbhə: Azərbaycan da qoşuldu


Dollara qarşı daha bir cəbhə: Azərbaycan da qoşuldu

Azərbaycan, Türkiyə və İran milli pulları ilə ticarət etmək məsələsində anlaşıb. Bunu İranın xarici işlər naziri Cavad Zərif Türkiyədə keçirilən Türkiyə-Azərbaycan-İran üçtərəfli xarici işlər nazirləri toplantısından sonra açıqlamada deyib. 

Zərif bu razılaşmanın regional əməkdaşlıq üçün, mühüm bir addım olacağını bildirib: 

“Özəl sektorlarımız arasında bir forum təşkil etdik. Bu çalışma regional əməkdaşlıq üçün çox yaxşı bir addım olacaq. Həmçinin bank sektorları arasında əməkdaşlıq əlaqələri mövzusunda da razılaşdıq. 

Milli pullarımızla ticarət etmək məsələsində razılaşdıq. Bu müqavilə ilə iqtisadi əlaqələrimizi xarici müdaxilələrə qarşı qoruyacağıq. Ayrıca üç ölkədən ibarət texniki heyət qurduq. Bu heyətlər, növbəti 3 ili proqramlaşdırmaq üçün bir araya gələcək. Növbəti görüş İranda keçiriləcək və bu toplantıya qədər yaxşı bir plan hazırlamasını istədik”.

Razılaşmanın mümkünlüyünü “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, dollardan imtina siyasi faktorlara və bəyanatlara söykənirsə və bunun arxasında heç bir iqtisadi bağlantı yoxdursa, razılıq ancaq kağız üzərində qalan niyyətdir:

“Dəfələrlə müxtəlif ölkələr bu tipli cəhdlər etsə də, təəssüf ki, bu, yerli sahibkarları və şirkətləri öz ölkələrində daha da böyük problemə düçar etdi. Dollara ehtiyacı azaltmaq yaxşı niyyət ola bilər. Ancaq maraqlıdır ki, hər bir ölkə öz valyutasının dəyərini necə müəyyənləşdirəcək? Dünya bazarında qızılın qiyməti də dollarla müəyyən olunur. Bu addım beynəlxalq ticarətdə geriyə addım kimi dəyərləndirilir. Dövlət ehtiyatlarına nəsə alınırsa, hesablaşma mərkəzi banklar arasında barter müqavilələri üzrə aparıla bilər. 

Tutaq ki, kiminsə Türkiyədə 100 milyard lirəlik malı var. Pul qarşılığında bunun İrana göndərilməsi mümkün olmursa, əvəzində mal göndərilir. Sanksiyalar zamanı İranla Türkiyə arasında ticarət əlaqələri belə başlayıb. Ancaq burada daha çox barter ticarət növü olub. Bu baxımdan sözügedən məsələnin uzunmüddətli perspektivini görmürəm. Hər hansı bir geosiyasi maraqlardan çıxış edərək bu cür addımlar atılır. Dünya ölkələrində aparılan ticarətin 70 faizdən çoxu dollarla həyata keçirilir. Bu ölkələrin dünya ÜDM-də payı az qala 80 faizə yaxındır, Türkiyənin isə 1  faiz ətrafındadır. Dollardan imtina sırf geosiyasi maraqlara xidmət edir. Güman etmirəm ki, bununla İran, Türkiyə və eləcə də Azərbaycan hökumətləri bəyan etdikləri hədəflərə nail ola biləcəklər. Çünki vaxtı ilə Çin, Rusiya kimi dövlətlər dollardan imtina etməyə cəhd etsələr də, amma nəticə etibarilə iqtisadiyyatlarını daha da pis vəziyyətə gətiriblər. Onlar texnoloji geriləməyə məcbur olurlar”.

Nazim Bəydəmirlinin sözlərinə görə, hansı valyuta ilə ticarət etməyi sahibkarlara  məcbur etmək olmaz: 

“Sahibkar azaddır, o, öz malını istədiyi valyutada sata bilər. Beynəlxalq ticarətdə satılan malın qiyməti konvertasiya mübadiləsində müxtəlif valyutalarda əsas götürülə bilər. Yəni, avro, dollar, funt-sterlinq və digərləri. Bu valyutaların kursu da dollarla müəyyən olunur. Dolayısilə, sahibkarlar öz malının dəyərini başqa valyutada göstərsə də, onu dolların kursuna uyğun göstərəcək. Ticarətin manatla, yaxud lirə və rialla aparılmasına dair razılığın kağız üzərində yazılması, ölkələr arasında qarşılıqlı münasibətlər, eləcə də strateji əməkdaşlıq səviyyəsini daha da genişləndirə bilər. Ancaq qiymət baxımından heç bir dəyişiklik ola bilməz, əksinə o konvertasiyaya əlavə olaraq sahibkardan artıq komissiya tutulacaq. Sahibkar ticarət müqavilələrini istənilən xarici valyutada göstərə bilər. Ancaq bu, sahibkara sərf edəcəkmi ya yox, bunu gələcək göstərəcək”.(Cebhe.info)


Tarix: 1-11-2018, 20:59
Xəbəri paylaş





Xəbər lenti