Ziddiyyətli inflyasiya rəqəmləri: “Xora” baş banker də qoşuldu


Ziddiyyətli inflyasiya rəqəmləri: “Xora” baş banker də qoşuldu

 “Bu ilin ilk 9 ayında ölkədə orta illik inflyasiya 2,6 faiz təşkil edib ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) qiymət artımı üzrə hədəf dəhlizindən (6-8%) aşağıdır”.

Bunu AMB-nin sədri Elman Rüstəmov deyib. Baş bankir qeyd edib ki, həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda AMB bu ilin yekununda ölkədə inflyasiyanın 4 faiz təşkil edəcəyini proqnozlaşdırır. 

Elman Rüstəmov həmçinin deyib ki, uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan edilmiş hədəf intervalına uyğunluğundan asılı olacaq: “Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabillləşməsini şərtlədirir. Son makroiqtisadi proqnozlar inflyasiyanın bu ilin sonuna 3-4 faiz səviyyəsində qərarlaşacağını göstərir”.

Ümumiyyətlə, rəsmi qurumların açıqladığı statistik rəqəmlər və proqnozlar birmənalı qarşılamır. Ekspertlər hesab edir ki, inflyasiyada azalma deyil, əksinə, artım qeydə alınıb. Ziddiyyətli rəqəmlər Dövlət Statistika Komitəsinin verdiyi məlumatlarda da özünü büruzə verir. Analitiklər bildirirlər ki, statistika iqtisadi kateqoriyalardan daha çox, öncədən səsləndirilən rəqəmlərin təsdiqinə yönəlir. İnkişaf etmiş ölkələrdə statistika çoxşaxəli model üzərində aparılır. Çox təəssüf ki, Azərbaycanda Dövlət Statistika Komitəsindən başqa alternativ hesablama apara bilən qurumlar yoxdur. Buna görə də söylənən hesabatları başqa rəqəmlərlə müqayisə etmək, uzlaşdırmaq mümkün olmur. Real müşahidə ilə statistik rəqəmlər arasında ciddi bir uçurum yaranır.

Ötən gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov statistik göstəricilərin günün reallıqlarını əks etdirməməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

O qeyd edib ki, bu kimi yanaşmalar bütün dünyada var. Tahir Budaqov hesab edir ki, əhalidə statistik məlumatlara inam yaranması üçün insanların statistik savadlılığı yüksəlməlidir: “Hər kəs statistik rəqəmi öz həyatındakı rəqəmlərlə müqayisə edir. Biz orta əməkhaqqının məbləğini açıqlayanda 250 manat əməkhaqqı alan insan bundan narazılığını ifadə etməyə başlayır. Lakin o, nəzərə almır ki, statistika ölkə üzrə orta göstəricilərin məcmusudur”.

Maraqlıdır, bazarda qiymətlər bahalaşdığı halda inflyasiya dərəcəsi necə aşağı düşür? İnflyasiya dərəcəsinin bu səviyyədə aşağı düşməsi rəqəmlərin inzibati qaydada tənzimləndiyi təsəvvürünü yaradırmı?

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə inansaq, bu ilin 9 ayında ölkə üzrə orta illik inflyasiya səviyyəsi 2,6 faiz təşkil edib: “2018-ci ilin 9 ayı üzrə istehlak məhsulları və xidmətlərin qiymətlərinə nəzər salsaq görərik ki, 2017-ci ilin eyni dövründə baş vermiş kəskin bahalaşmanın ardınca bu il də 4 faizlik bahalaşma müşahidə edilib. O cümlədən, ərzaq məhsullarında 4,5 faiz, qeyri-ərzaq mallarında 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə 2,9 faiz bahalaşma baş verib. İl ərzində qoyun və mal əti, zeytun, marqarin, kərə və qarğıdalı yağları, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, şabalıd, göyərti, pomidor, xiyar, soğan, kartof, qəhvə, çay, kakao, düyü və yumurta kimi ərzaq məhsullarının qiymətlərində də kifayət qədər artım olub”.

Ekspert onu da qeyd edib ki, ölkəyə idxal olunan kartofun rüsumu sentyabr ayında 15 faizdən 30 faizə qaldırılıb: “Nəticədə kartof məhsulunun qiymətində 10-15 faizdən çox artım yaşandı. Bildiyimiz kimi, Tarif Şurasının qərarı ilə 2018-ci ilin avqust ayından etibarən ölkədə nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlər də orta hesabla 50 faiz artırıldı. Avqust ayında “Premium Euro-95” benzinin 1 litrinin qiyməti 25 qəpik, “Super Euro-98” markalı avtomobil yanacağının qiyməti isə 10 qəpik bahalaşdırıldı. Artıq 95 əyarlı benzin 1 manat 50 qəpik, 98 əyarlı benzin isə 1 manat 60 qəpikdən satılır.

Bundan başqa, ölkəyə fərdi şəxslər tərəfindən gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu əvvəl bütün növ mobil cihazlar üçün 5 manat təşkil edirdisə, hazırda cihazın bazar qiymətindən asılı olaraq 150 manata kimi artırılıb. 31 iyulda dərc edilmiş Nazirlər Kabinetinin qərarına əsasən “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında” müqavilələrin dövlət qeydiyyatına alınmasına görə rüsumun məbləği bir neçə dəfə qaldırıldı. Qərara əsasən, avtomobil hər dəfə özgəninkiləşdiriləndə, yəni başqasının adına keçəndə bu rüsum avtomobilin mühərrikinin həcmindən asılı olaraq 30-1500 manat arasında dəyişəcək. Rüsumların artırılması dolayısıyla həmin malların qiymətində yüksəlməyə səbəb olacaq. Bütün bu hallar Azərbaycanda inflyasiyanın göstərilən rəqəmlərdən çox olduğunu deməyə əsas verir”. 

Vüsalə Əhmədova hesab edir ki, 2017-ci ildə dünyada neft qiymətlərinin aşağı olması bank sektoruna da təsirsiz ötüşməyib: “Düşən neft qiymətləri və iki devalvasiya dalğası bankların işini çətinləşdirdi, bu da banklarda pul dövriyyəsinin və mənfəətin azalmasına gətirib çıxardı. Hazırda Azərbaycanın bank sektoru öz çətin dövrünü yaşamaqda davam edir. Problemli kreditlərin həcmindəki artım və likvidliyin azalması fonunda kreditləşmədə yavaşlama müşahidə edilir. Bank kreditlərinin 60 faizi dollardadır, bu isə 10 milyard dollar təşkil edir ki, onun da 2,5 milyard dolları istehlak kreditləridir. Devalvasiya istehlak kreditlərinin həcminin 1,5 milyard dollar artmasına səbəb oldu. Nəticədə vətəndaşlar borclarını ödəmək iqtidarında deyillər. Devalvasiyanın ardınca ölkə miqyasında qiymətlərin ümumi səviyyəsindəki artım tempinin hələ də davam etməkdə olduğu bir şəraitdə Mərkəzi Bank rəsmisinin açıqlaması absurd təsir bağışlayır”.

Yeganə Oqtayqızı
Cebhe.info

Tarix: 1-11-2018, 21:23
Xəbəri paylaş





Xəbər lenti