Devalvasiya ilə bağlı AÇIQLAMA - "4 aya yaxındır ki..."

    "Düşünmürəm ki, Azərbaycan indiki şəraitdə manatın növbəti devalvasiyasına getsin”.
 
Sfera.az-a açqılamasında bu sözləri maliyyə naziri Samir Şərifovun manata təzyiqlərin artması barədə fikirlərinin ölkədə növbəti devalvasiya dalğasına rəvac verib-verməyəcəyinə münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
 
Həmsöhbətimizin fikrincə, dünya bazarında neftin mövcud qiyməti Azərbaycan üçün sərfəli olduğundan, manata təzyiqlər artsa da, milli valyutamız devalvasiyaya uğramayacaq:
 
"Samir Şərifovun dedikləri realdır. Manata təzyiqlər həmişə var. Manatın ucuzlaşma təhlükəsi olmasaydı, onun məzənnəsinə dövlətin inzibati qaydada müdaxiləsi və prosesi tənzimləməsinə də ehtiyac qalmazdı. İndiki şəraitdə manata təzyiqlər daha da kəskinləşib. 4 aya yaxındır ki, vəziyyət məhz bu istiqamətdə cərəyan edir, daha ciddi təhdidlərin olduğunu görürük. Ona görə də son zamanlar Azərbaycan hökumətinin manata dəstəyi daha ciddi formaya keçib. Amma bu hələ o demək deyil ki, yaxın zamanlarda ölkəni növbəti bir devalvasiya gözləyir. Düşünmürəm ki, Azərbaycan hökuməti indiki şəraitdə manatın növbəti devalvasiyasına getsin. Bu da ondan irəli gəlir ki, hazırda neftin qiyməti Azərbaycan üçün sərfəlidir. Dünya bazarında neft yaxşı qiymətə satılır. Onun da nəticəsində Azərbaycan özünün valyuta ehtiyatlarını müəyyən qədər möhkəmləndirməyə nail olub. Bu fonda da hökumət manatın məzənnəsini sabit saxlamaq üçün xeyli böyük manevr imkanları və dəhlizinə sahibdir. O səbəbdən də düşünürəm ki, yaxın aylarda hökumətin manatı sabit saxlamaq yolunda xərcləri artacaq. Amma manatın məzənnəsi sabit saxlanılacaq”.
 
Qeyd edək ki, bu günlərdə mətbuata açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov manata təzyiqlərin artdığını bəyan edib. Onun dediyinə görə, manata təzyiqlər xüsusən də qonşu ölkələrin valyutalarında dollara nisbətən ucuzlaşmanın qeyd edilməsi fonunda baş verir. Belə ki, artıq 4-cü aydır ki, rus rublu, türk lirəsi, İran rialı, hətta gürcü larisi dollara nisbətdə kəskin dəyər itirməyə başlayıb. Anoloji proses bu gün də öz kəskinliyini göstərməkdə davam edir. Bu fonda da qonşu ölkələrin valyutalarında baş verən tendensiya öz növbəsində onlarla ticarət edən Azərbaycana, onun milli valyutasına da istər-istəməz təzyiq edir. Yaranmış vəziyyətdə isə bir çox ekspertlər rəsmi şəxs olaraq S. Şərifovun sözügedən fikirlərini əslində yeni devalvasiya dalğasına, dolların manata nisbətən uzun müddət sabit qalan məzənnəsinin möhkəmlənəcəyi kimi dəyərləndirməyə üstünlük verirlər.
Tarix: 6-11-2018, 17:19
Xəbəri paylaş





Xəbər lenti