Dövləti “Azərenerji” yükündən necə xilas etmək olar?


Dövləti “Azərenerji” yükündən necə xilas etmək olar?
Deputat Zahid Oruc “Azərenerji” ASC-nin dövlətin üzərində ağır yük olduğunu deyib. Onun sözlərinə görə, “Azərenerji” uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra da borcları silinən sektor olaraq qalır: “Aydınlıq gətirilməlidir ki, ”Azərenerji" daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək".

Deputatın sözlərinə görə, Azərbaycan çox haqlı öyünür ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.

“Prezident çox haqlı olaraq məlum müşavirədə ”Azərenerji" rəhbərliyini qınayıb. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlmiş olub. “Azərenerji” bundan sonra nə qədər dövlətin çiynində yük olaraq daşınmağa davam edəcək. Bu məsələyə aydınlıq gətirilməlidir."

Qeyd edək ki, Milli Məclis üzvünün qaldırdığı məsələ uzun illərdir Azərbaycanda müzakirə olunur. “Aqzərenerji” ölkədə həm xarici kreditlər, həm də daxili resurslar hesabına ən çox investisiya yönəldilən qurumlardan biri, bəlkə də birincisidir. İllər boyu enerjinin istehsalı deyil, satışı və paylanmasını da həyata keçirən ASC-yə enerji istehsalı müəssisələrində istifadə etdiyi yanacaq böyük güzəştlə verilib. Eyni zamanda yeni enerji güclərinin yaradılması ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün götürülən kreditlərin hamısına dövlət tərəfindən zəmanət verilib, uzun müddət ərzində həmin kreditlər büdcə hesabına qaytarılıb.

Rəsmi məlumatlardan aydın olur ki, 2017-ci ildə “Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib. Qurumun enerji satışından əldə etdiyi gəlirin yalnız ötən il 25,2 faiz artmasına baxmayaraq, “Azərenerji”nin zərəri 602,873 milyon manat olub. Halbuki 2016-cı ildə adıçəkilən cəmiyyətin zərəri cəmi 108,928 milyon manat idi.

2016-cı ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəlir 807 milyon manat olub. Yəni 2017-ci ildə “Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəlirin əvvəlki ilə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq, qurumun zərəri ötən il 6 dəfə çoxalıb.

Bir məsələni də qeyd edək ki, “Azərenerji” dörd il əvvələdək ölkədə enerjinin pərakəndə satışını da həyata keçirib. “Azərişıq” yaradılan zaman hökumət ASC-yə büdcə qarşısındakı bütün borclarını ödəməsi üçün 5 il güzəşt edib. Belə ki, Nazirlər Kabineti 2015-ci ilin iyulunda “Azərenerji” ASC-yə vergi, faiz və maliyyə sanksiyalarına görə borcun ödənilməsi üzrə 5 illik möhlət verib. Qərara əsasən Vergilər Nazirliyinə 2015-ci ilin dövlət büdcəsinin icrası üçün nəzərdə tutulmuş məbləğlər istisna olmaqla, “Azərenerji” ASC-nin balansından “Azərişıq” ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan vergi, faiz və maliyyə sanksiyalarının ödənilməsinə qanunvericiliklə müəyyən edilmiş qayda və müddətlər gözlənilməklə 2020-ci il 31 dekabr tarixinədək möhlət verilməsi üçün qanunamüvafiq tədbirlər görmək tapşırılıb. Vergi möhləti 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş məbləğə şamil edilmir.

“Azərenerji” ASC eyni zamanda ən çox xarici borcu olan dövlət qurumlarından biridir. Belə ki, qurumun hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəliyi də 470 milyon manatdan çoxdur. Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatdan bir az atıq olan “Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon manata çatıb.

Xatırladaq ki, bu ilin iyununda 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilərkən “Azərenerji”yə 81,4 milyon manat ayrılıb. Bu vəsait “Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satın alınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar “Azərenerji”nin nizamnamə kapitalının artırılmasına yönəldilib. Bundan əlavə, Dövlət Neft Şirkəti(SOCAR) tərəfindən idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün də dövlət büdcəsindən SOCAR-a 300 milyon manat subsidiya ayrılıb.

Bir müddət əvvəl isə prezidentin sərəncamı ilə iyul ayında qəza baş verən “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” ASC-yə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48,0 (qırx səkkiz) milyon manat ayrılıb.

Beləliklə, aydın olur ki, “Azərenerji” həqiqətən dövlətin çiynində ağır bir yükdür. Dövlət bu yükün bir qədər də olsa yüngülləşməsi üçün enerji sektorunda idarəetmə sahəsində xarici şirkətdən dəstək almaq niyyətindədir. Bunun üçün artıq Energetika Nazirliyi tərəfindən Almaniyanın “Uniper” şirkətinə təklif də göndərilib.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, “Azərenerji”nin dövlət büdcəsi üçün yaratdığı yükü azaltmaq üçün ASC-nin sağlamlaşdırılmasına ehtiyac var: “Bu qurumun sağlamlaşdırılması, enerji satışının idarıetməyə verilməsi zəruridir. Belə bir addımın atılması şəffaflığı gücləndirmək, xüsusilə də korrupsiyaya qarşı mübarizə, vəsaitlərdən daha sərmərəli istifadə olunması baxımından çox vacibdir. ”Azərenerji" Azərbaycanın ən böyük dövlət şirkətlərindən biridir. Əslində bu qurum dövlətin çiynində yükə çevrilməməlidir. Onun istehsal etdiyi məhsulu - enerjini satmaq üçün bazarı var, ixrac imkanları var. Bunlar imkan verir ki, sağlamlaşdırma tədbirləri ilə “Azərenerji”də səmərəliliyi bərpa etmək mümkün olsun".

Ekspert bildirir ki, əvvəlki illərdə “Azərenerji”də vəsaitlərin səmərəli xərclənməsi müşahidə edilməyib: “Xüsusən də investisiya qoyuluşlarında səmərəlilik prinsipi gözlənməyib. Nəticədə ASC-nin problemləri ildən-ilə kəskinləşib. Amma bütün bunlara baxmayaraq, ”Azərenerji"ni dövlət üzərində yükdən dövlətin dəstəkçisinə çevirmək imkanları var. Həmin imkanlardan istifadə etmək, həmçinin enerji satışını idarəetməyə verməklə bu qurumun rentabelli bir struktur olmasına nail olmaq mümkündür".
“Yeni Müsavat”
 
Tarix: 7-11-2018, 10:29
Xəbəri paylaş





Xəbər lenti