Büdcənin itirdiyi 20 milyard


Büdcənin itirdiyi 20 milyard

Deputat da Gömrük Komitəsini hədəfə aldı

Azərbaycanda “kölgə iqtisadiyyatı”nın payı təxminən 40 faiz təşkil edir. Bu, kifayət qədər böyük rəqəm hesab olunur. Ümumi iqtisadiyyatda olan pulun 40 faizi rəsmi olaraq gizlədilir və büdcəyə daxilolmalardan kənar saxlanılır. Zaman-zaman bu məsələ geniş müzakirə olunsa da, hələ də “kölgə iqtisadiyyatı” var, büdcədənkənar maliyyə əməliyyatları aparılır. Bugünlərdə deputat Vahid Əhmədov Milli Məclisin komitələrinin birgə iclasında çıxışı zamanı bu məsələyə toxunaraq yeyintiyə yol verən dövlət qurumlarını kəskin tənqid edib. V.Əhmədov dediklərinə sübut olaraq Gömrük Komitəsindən son 24 ildə ilk dəfə büdcəyə daxil olan 1 milyard manatı göstərib. 

“Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, bu, təkcə gömrük sahəsindən 20 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. 

Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

Ümumiyyətlə, Gömrük Komitəsində uzun illər rüşvət, korrupsiya hallarının baş verdiyi, vəsaitlərin mənimsənildiyi haqqında kifayət qədər ciddi informasiyalar yayılıb. Burada daha bir maraqlı məqam var ki, deputat Vahid Əhmədov da məhz bu məsələyə toxunub: “Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?” 

Maraqlıdır, deputatın da vurğuladığı kimi, qaydalar, rüsumlar, gömrük tarifləri artırılmadığı halda 1 milyard vəsait büdcəyə haradan gəlib? Deputatın dediklərindən belə nəticəyə gəlmək olur ki, bu qurumda korrupsiyanın qarşısını almaqla büdcəyə xeyli vəsait qazandırmq mümkün imiş. 

Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin 2018-ci ilin 21 aprel tarixli sərəncamı ilə Gömrük Komitəsinin sədri postunda Aydın Əliyevi Səfər Mehdiyev əvəz edir. Artıq 6 aydır ki, Səfər Mehdiyev Gömrük Komitəsinə rəhbərlik edir. Qısa müddət ərzində Gömrük Komitəsindən büdcəyə daxil olan vəsait 1 milyard manat təşkil edib. Bütün hallarda müsbət nəticədir və büdcə daxilolmalarının artması ölkənin iqtisadi gücünün çoxalması deməkdir. 

Maraqlıdır, əgər bunu təmin etmək mümkün idisə, Aydın Əliyevin rəhbərliyi dövründə niyə gömrükdən büdcəyə vəsait daxil olmurdu və ya daxil olsa belə bu həcmdə deyildi? Deputat da məhz bu məqama vurğu edib və indiyəqədərki korrupsiya müzakirələrini təsdiqləmiş olub. Aydın Əliyev komitəyə sədrlik etdiyi dönəmdə, 2017-ci ilin yekunlarına dair iclasda çıxışında gömrük sahəsində hər şeyin şəffaf olduğunu, hətta işçilərə “paket” belə paylanılmadığını demişdi: “Mən bunu sadəcə təkzib etmirəm, məntiqlə izah edirəm. Çünki biz özümüz 17 nəfəri istintaqa təqdim etmişik. O adamlar orada deməz ki, bunlar elə özləri bizə “paket” verirdilər? Bu məntiq bizdə paket olmadığını aydın edir”.

A.Əliyev elə həmin iclasda daha bir maraqlı statistika açıqlayıb: “Qayda pozuntularına görə 334 nəfər gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.  Prokurorluq orqanları tərəfindən 17  əməkdaşımız cinayət məsuliyyətinə cəlb edilib, 7 əməkdaş barəsində isə komitənin öz istintaq idarəsində araşdırma aparılıb”.

Maraqlıdır, Gömrük Komitəsində hər şey bu qədər şəffaf idisə, o zaman indi büdcəyə daxil olan milyardları kim mənimsəyirmiş? Üstəlik Komitədə kadr dəyişikliyindən sonra 10 yüksək vəzifəli gömrük işçisi tutduğu vəzifədən azad olunub. Aralarında gömrük generalları olan bir neçə nəfər isə istintaqa cəlb edilib. Bu isə deputat Vahid Əhmədovun vurğu etdiyi məqamların üzərindən sirr pərdəsinin aralanmasına kömək edəcək faktlardır.  

Təbii ki, bütün bunlar Gömrük Komitəsində rüşvət, korrupsiyanın tam olaraq aradan qaldırıldığını, şəffaflığın tam təmin edildiyini söyləməyə əsas vermir. Bu gün də Dövlət Gömrük Komitəsinin fəaliyyətindən şikayətlər az deyil. Problemlərin köklü həlli hələ də mümkün olmayıb. Çünki bu sahədə uzun illər elə mexanizm və sistem qurulub ki, qurumda köklü təmizlik aparmaq, tam şəkildə bu sahəni şəffaflaşdırmaq asanlıqla mümkün olmayacaq. (Cebhe.info)


Tarix: 7-11-2018, 16:16
Xəbəri paylaş





Xəbər lenti