Benzin varsa, səs də var:Prezidenti çəkindirən səbəblər


Benzin varsa, səs də var:Prezidenti çəkindirən səbəblər

Bu günlərdə ABŞ dövlət katibi Mayk Pompeo növbəti 180 gün ərzində anti-İran sanksiyalarına məruz qalmayacaq 8 ölkənin adını açıqlayıb.

Bunlar Türkiyə, Çin, Hindistan, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandır. Həmin ölkələr 180 gün ərzində İrandan neft ala, bu ölkə ilə maliyyə əməliyyatları icra edə bilərlər. ABŞ prezidenti Donald Trampın verdiyi açıqlama da İrana qarşı sanksiyaların yalnız hədə-qorxu xarakteri daşıdığını göstərir: “İrana qarşı sanksiyalarda yavaş hərəkət edəcəyəm, çünki neftin qiymətinin artmasını istəmirəm”. 

Donald Tramp əlavə edib ki, sanksiyalar İrana öz təsirini göstərəcək. Bəs, ABŞ rəhbərliyinin bu cür mövqe tutmasının əsasında duran məsələ nədir. Prezident neftin qiymətinin bahalaşmasından niyə narahatdır, bunun ABŞ iqtisadiyyatına təsirləri necə ola bilər? 

İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ vətəndaşlarının hökumətə münasibətinin formalaşmasında rol oynayan birinci faktor benzinin qiymətləridir: “Çünki ABŞ dünyanın ən böyük avtomobil ölkəsidir. Hər 1000 nəfərə hardasa 700 avtomobil düşür. Hər ailədə azı iki avtomabil var. Avtomobil yanacağının qiyməti Amerika seçicisinin hakimiyyətə münasibətində əsas indikatorlardan biridir. Tramp hakimiyyətə gələn zaman, o cümlədən də Obama hakimiyyətinin son dövrlərində ABŞ-da benzin qiymətləri ən aşağı səviyyəyə gəlib çatmışdı. Bir qallon (3.7 litr) təqribən 2 dollar idi. Bu Amerika istehlakçılarının çox xoşuna gəlirdi. Trampın prezidentlik etdiyi iki il ərzində benzinin qiyməti 2 dəfədən çox bahalaşaraq 4 dollardan yuxarıdır. Bu da ABŞ istehlakçılarının narahatçılığına və narazılığına səbəb olur. Trampın çəkindiyi məqam da bununla bağlıdır ki, neftin qiymətinin qalxması, benzinin bahalaşmasına gətirib çıxaracaq. Bu da Trampın ikinci dövr seçkilərdə ciddi səs itirməsinə səbəb olacaq”.

Natiq Cəfərli hesab edir ki, Donald Tramp yaxın zamanlarda neftin qiymətinin ucuzlaşmasına çalışacaq. İqtisadçı ABŞ prezidentinin, hətta indiki qiymətlərdən də narazı olduğunu qeyd edir:“Düşünürəm ki, o, təqribən 10-15 faiz qiymətlərin aşağı düşməsi istiqamətində addımlar atacaq ki, ABŞ-da da benzin qiymətləri aşağı düşsün.

Çünki Amerikada bazar iqtisadiyyatı mövcuddur və qiymətlər dövlət tərəfindən deyil, bazar tərəfindən tənzimlənir. Benzinin qiymətinin aşağı düşməsi nəticəsində 2020-ci ildə kifayət qədər seçici simpatiyası qazanacaq”.

İqtisadçı deyir ki, İranla bağlı münasibətlərdə bu özünü göstərir: “Bir ay əvvəl Tramp daha kəskin mövqedə idi. İrandan bir damla belə neft satılmayacağı bəyanatını vermişdi. Amma İranın 8 ölkəyə neft satışına qadağa qoymadı ki, bu ölkələr arasında da Türkiyə, Çin, Hindistan kimi İranın neftinin böyük əksəriyyətini alan ölkələr də var. Demək olar ki, İrandan ən çox neft alan ölkələrin hamısını sanksiyalardan kənarda tutdu. Bu isə o deməkdir ki, Tramp İrana sanksiyalarla bağlı fikirini dəyişib. Bu da neft qiymətlərinə ciddi təsir edəcək amillərdən biridir”.(Cebhe.info)



Tarix: 7-11-2018, 22:50
Xəbəri paylaş





Xəbər lenti