İkinci “neft bumu”: Gələcək üçün yatırım?


İkinci “neft bumu”: Gələcək üçün yatırım?

Hazırda Azərbaycan neftinin dünya bazarında qiyməti 72 dollar civarındadır. 2019-cu il büdcə layihəsində isə neftin maksimal qiyməti 65 dollar nəzərdə tutulur. Nəzərə alsaq ki, 2015-ci ildə neft kəskin ucuzlaşaraq 29 dollara qədər endi, hazırkı qiymətləri kifayət qədər yüksək hesab etmək olar. Neft  ucuzlaşanda ciddi iqtisadi çətinliklər yarandı. Milli valyuta-manat kəskin devalvasiya getdi, ərzaq və digər idxal malları bahalaşdı. Hazırda isə ölkə iqtisadiyyatında nisbətən sabitlik hökm sürür ki, bunu da ekspertlər neftin hazırkı qiymətləri ilə əlaqələndirir. 

Neft qiymətlərinin qarşıdakı dövrlərdə daha da bahalaşacağı gözlənilir. Belə ki, Bakıda BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bildirib ki, Dünya bazarında neftin qiyməti 100 dollar/ barelə qalxa bilər, amma bu, davamlı olmayacaq.

Neftin qiymətinin ucuzlaşacağı da istisna edilmir. Nəzərə alsaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrdə hazırkı neft qiymətlərindən narazı olduğunu, ucuzlaşmanın vacibliyini vurğulayıb, dünya bazarında neftin ucuzlaşması ehtimalı da yüksək qiymətləndirilə bilər.

Maraqlıdır, neftin baha olduğu dövrdə Azərbaycan hansı sahələrə investiya yatırmalıdır ki, növbəti ucuzlaşma zamanı ağır vəziyyətlə üz-üzə qalmasın?

“Cümhuriyət” qəzetinə şərhində iqtisadçı-ekspert Rəşad Həsənov bir çox məqamlara toxunub. R.Həsənov bu məsələyə bir az fərqli yanaşmağın tərəfdarı olduğunu deyib: 

“Tərəfdarı deyiləm ki, neft vəsaitləri dövlət müəssisələrinin yaradılmasına yönəldilsin. Burada məsələ ondan ibarətdir ki, neftin baha qiymətə satıldığı, büdcənin əhəmiyyətli hissəsinin neft vəsaitləri ilə təmin olunduğu bir dövrdə hökumət real iqtisadiyyatın inkişafı üçün daha əlverişli mühit yaratmaq imkanı əldə edir. Məsələn, hökumət vergiləri daha da aşağı sala bilər. Azərbaycanda kommersiya gəlirlərində vergi yükü Dünya Bankının 2017-ci il üçün hesablamalarına görə 39.6 faizdir. Amma qonşu Gürcüstanda müvafiq göstərici 16 faizdir. Neft ölkələrində, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyində 14-17 faiz aralığında dəyişir. Qazaxıstanda bu rəqəm 29 faizdir. Göründüyü kimi Azərbaycanda vergi yükü kifayət qədər yüksəkdir. Vergi yükünü azaltmaqla, ölkə iqtisadiyyatını təşviq etmək, investisiya qoyuluşunu artırmaq olar. İstehsalı, innovasiya imkanlarını genişləndirmk mümkündür. Yəni, bu istiqamətdə addımlar atılmalıdır. Neft gəlirlərinin olduğu dövrlərdə daha mükəmməl və təşviqedici iqtisadi resursların formalaşması istiqamətində qərarlar qəbul etmək, addımlar atmaq lazımdır”. 

R.Həsənov hesab edir ki, iqtisadiyyatda daha aşağı faizli kreditləşmənin təmin olunması vacibdir: 

“Söhbət dövlət büdcəsində xərcləmə yolu ilə iqtisadiyyata neft vəsaitinin axıdılmasından getmir. Sadəcə kredit yolu ilə verilən vəsaitlər, həm məcmu tələbin, iqtisadi aktivliyin artmasına, innovasiyanın tətbiqinə, investisiyaların qoyuluşuna vəsait ayrılır, sabah da təbii yolla həmin pullar iqtisadiyyatdan kənarlaşdırılır. Yəni, həm bu vəsaitlərdən istifadə olunur, həm də növbəti dövrlərdə iqtisadiyyatdan neft pulları təmizlənir. Bu istiqamətdə addımlar atmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda iqtisadiyyatın inkişaf mərhələləri təbii, qanunauyğun şəkildə həyata keçməyib. 70 il təbii reformasiyadan uzaqlaşmağımız, planlı iqtisadiyyat modelində olmağımız Azərbaycan əhalisinin kapital yığımı imkanlarını tamamilə məhdudlaşdırdı. Bundan əvvəlki dövrdə yığılan kapital isə qurulan Sovet imperiyasının təzyiqləri ilə hər kəsin əlindən alındı. Nəticədə Azərbaycan vətəndaşı bazar iqtisadiyyatına xırda kapitalla daxil oldu. Bu şəraitdə hökumət əldə etdiyi vəsaitdən istifadə edərək ilkin kapitallaşma mənbəyi formalaşdıra bilər. Bunun üçün müxtəlif mexanizmlər, Sahibkarlığa Kömək Milli Fondu və sair yaradıblar. Amma demək olar ki, bu mexanizmlər özünü doğrultmadı. Bu qurumların həm reputasiyaları kifayət qədər aşağıdır, həm nəzarət mexanizmləri yoxdur, həm də onların verdiyi kreditlərdə o qədər qeyri-qanuni ödənişlər var idi ki, onların verdiyi kreditlərin faizi kommersya banklarından yüksək olurdu. Bu da müxanizmlərin qeyri-işlək olması ilə nəticələndi. Nəticədə Sahibkarlığa Kömək Milli Fondu ləğv olundu, yerində yeni agentlik yaradılır. Nə qədər ki, bu vəsaitlər var, onu iqtisadiyyatın liberallaşmasına, təşviq olunmasına, təşviq institutlarının formalaşmasına, kapitallaşma imknalarının genişlənməsinə yönəltmək lazımdır”.

R.Həsənovun sözlərinə görə, vergi yükünün azaldılması, bir tərəfdən marjanı, mənfəət normasını artırmaqla iqtisadi aktivliyi dəstəkləyirsə, digər tərəfdən Azərbaycanda mövcud olan gizli iqtisadiyyatın leqallaşmasına müsbət təsir göstərir, leqallaşma səviyyəsini artırır: 

“Biznes mədəniyyəti yaranır. Normal davranışları özündə birləşdirən biznes institutu formalaşır. Amma digər bir tərəfdən də sahibkar əlində qalan vəsaitləri biznesin genişləndirilməsinə, kapitalın böyüməsinə yönəldir. Bunun nəticəsində də iqtisadi sektorlar üzrə dayaqlar formalaşır, iqtisadiyyat şaxələnir. İqtisadiyyatın redifikasiyasının nəticəliyi ortada olur. Bir zaman neftin qiyməti ucuzlaşanda artıq problemi çox rahat şəkildə yola vermək mümkün olur. Təbii ki, ABŞ, Norveç kimi neft ölkələri də var, Venesuella, Səudiyyə Ərəbistanı kimi neft ölkələri də”.

İqtisadçı sonda təklif edib ki, insan kapitalına vəsait xərclənməsi vacibdir: 

“Bu gün insan kapitalının inkişafına pul yönəldilməlidir. Çox təəssüflə qeyd etməliyik ki, Dövlət Neft Fondunun xaricdə təhsil proqramı 2008-2015-ci illərdə bitdi, yenisi isə olmadı. 

Bu çox acınacaqlı bir vəziyyətdir. Azərbaycan 2014-cü ildən sonrakı-kənd təsərrüfatının inkişaf etdirilməsi dövrünə qayıdıb. Bu sahə vacibdir, başa düşürük, amma biz bununla iqtisadi inkişafa nail ola bilmərik. Kənd təsərrüfatında yaradılan əlavə dəyər çox aşağıdır. Ölkə iqtisadiyyatı o zaman güclü hesab olunur ki, orada ixrac xidmətlərinin payı çox olsun. İxracat strukturunda əlavə dəyər butonu, yəni beyin məhsulları, bugünkü informasiya texnologiyaları məhsulları daha da üstünlük təşkil etsin. Yüksək sənaye məhsulları çox olsun. Bu  kimi istiqamətləri maliyyələşdirmək üçün müəyyən addımlar atmaq olar. Eyni zamanda bu vəsaitləri xərclənməsinə də nəzarət etmək lazımdır. Bu gün müxtəlif layihələr həyata keçirilir, sənaye məhəllələri, texnoparklar yaradılır. Bu texnoparklarında böyük fabriklər, zavodlar açılır. Amma sonradan məlum olur ki, bunların heç biri iqtisadiyyatda ciddi yer tutmur. Çünki bu layihələri həyata keçirən şəxslərmi, qurumlarmı çox məsulliyyətsiz davranır. Təəssüf ki, bu layihələrin nəticəliyini minimum həddə qədər azalda bilirlər”.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 11-11-2018, 20:55
Xəbəri paylaş





Xəbər lenti