Neft ölkələri üçün OPEC "qalxanı": Qoruya biləcək?


Neft ölkələri üçün OPEC "qalxanı": Qoruya biləcək?

Neft İxrac Edən Ölkələr Birliyi+ (OPEC) ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyib. Bunu jurnalistlərə Omanın neft naziri Məhəmməd ər-Rumhi Monitorinq komitəsinin Əbu-Dabidə keçirilən iclasının kuluarlarında deyib. "Bazar həddindən artıq doyub, hasilatın sutkada 1 milyon barel azaldılması ideyası, yaxşı başlanğıcdır", - deyə o bildirib. Nazir əlavə edib ki, hasilatın azaldılması ideyasını Vyana sazişinin əksər iştirakçıları dəstəkləyir.

Qeyd edək ki, bundan əvvəl OPEC+ ölkələrinin oktyabrda razılaşmaya 106 faiz əməl etdikləri barədə məlumat yayılmışdı.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, iyun ayında Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı əldə olunan razılıq yanlış fikir idi: 

“Hələ iyun ayında qlobal neft bazarlarında kifayət qədər neft həcmləri mövcud idi. Yəni, bazar neft qıtlığına köklənməmişdi. Paralel olaraq dünyanın 28-dən çox dövlətində kommersiya təyinatlı neft ehtiyatlarında kifayət qədər artımlar müşahidə olunurdu. Buna görə də, iyun ayından sonra OPEC-ə üzv və qeyri-üzv dövlətlərin hasilat həcmlərinin 1 milyon barel artırılması haqqında razılıq kökündən yanlış qərardır. Hətta neft 85-86 dollara tədarük olunanda bazar iştirakçıları bəyan edirdilər ki, bu qiymət dünyanın hazırkı iqtisadi göstəricilərinə adekvat deyil. Yəni, qiymətlər çox qısa müddətdə sürətlə aşağı düşəcək. Vyanada neft hasilatının sutkada 1 milyon barel artırılmaq haqında qərar İrana tətbiq ediləcək ikinci sanksiya paketinin nəticələri ilə bağlı idi. Məqsəd neft embarqosu tətbiq ediləndən sonra İranın müştəri bazarlarını ələ almaq və bazardan çəkilən İran neftini əlavə neft həcmləri ilə kompensasiya etməkdir. Bu, tamamilə səhv qərar idi. Hətta İrana neft embarqosu tətbiq ediləcəyi təqdirdə də, neft bazarlarında qıtlıq yaranmayacaqdı. Çünki Liviyada neft hasilatı 1 milyon bareli keçib. Bir neçə həftədir ki, bu hasilat sabit şəkildə müşahidə olunur. Digər tərəfdən, İraqda gündəlik neft hasilatı 4.7 milyon barel artıb. Analoji hal Səudiyyə Ərəbistanın da müşahidə olunur. Belə ki, sutkalıq neft hasilatı 10 milyon 700 min bareldir. Rusiya da sutkalıq neft hasilatı 11 milyon 400 min barel artıb. Təbii ki, ABŞ-da da neft hasilatı artıb. Belə ki, noyabrın ilk ongünlüyündə 11 milyon 600 min barel neft hasilatı mövcuddur. Bütövlükdə noyabrın ilk ongünlüyündə OPEC-in sutkalıq neft hasilatı 33 milyon bareldən yuxarı artıb. Belə olan təqdirdə bazarda neft tarazlığının bərqərar olması olduqca çətindir”.

“ABŞ ikinci sanksiya paketində yumşaq mövqe sərgilədi”

Analitik hesab edir ki, Əbu-Dabidə keçirilən görüşdə iki məsələ müzakirə olunmalı idi:

“Birinci, hasilat həcmlərinə paralel olaraq müştəri bazarlarını da indiki səviyyədə saxlamağa hədəflənməli idi. Ya da hasilat kəsintilərinə yol verməklə müştəri bazarlarının bir hissəsindən imtina etmək. Qənaətimcə, ikinci addım doğrudur. Çünki hasilat 1 milyon barel aşağı salınarsa, müəyyən dövrdən sonra bazarda tarazlıq bərqərar olacaq. İlk növbədə 1 milyon barel kəsintilərə yol vermək və ixrac həcmlərini azaltmaq lazımdır. Həmçinin dünyanın mövcud anbarlarındakı kommersiya təyinatlı neft ehtiyatlarını aşağı salmaq lazım idi. Yalnız bu yolla tarazlığı bərqərar etmək olar, eyni zamanda bazarlarda volatilliyi aradan qaldırmaq olar. Buna görə hasilat 1 milyon barel aşağı salınmalıdır. Həm İraq, həm Səudiyyə Ərəbistanı, həm Birləşmiş Ərəb Əmirliyi, həm də OPEC-lə əməkdaşlıq edən Rusiya Federasiyası neft hasilatını aşağı salmalıdır. Uzunmüddətli qiymət tarazlığı bərqərar olandan sonra hasilatı və ixracatı həmin səviyyədə saxlamaq lazımdır. Çünki hələ gələn ilə qədər İranın neft ixracına tam məhdudiyyət qoyulmayıb. Dünyanın ən böyük neft tədarük edən dövlətləri İrandan neft idxal edirlər. ABŞ ikinci sanksiya paketində yumşaq mövqe sərgilədi. 8 ölkə İrandan neft ala bilər.

İran nefti həm Asiyanın potensial neft tədarük edən dövlətlərinə, həm də Avropanın ticarət meydanlarına ixracat ediləcək. Bu baxımdan OPEC-in indiki qərarı başadüşüləndir. Əgər OPEC-ə üzv və qeyri-üzv dövlətləri istəyirlər ki, bazarlarda tarazlıq yaransın, o zaman hasilat həcmlərini azaltmalıdırlar. Hazırda etalon markalı neft 71 dollara tədarük edilir. Əgər OPEC-in indiki strategiyası uğurla davam edərsə, gələn ilin birinci kvartalından sonra neftin bir barelinə 7 dollar əlavə oluna bilər. Yəni, neftin bir bareli 77-78 dollara qalxa bilər. Neft 65-70 dollar koridorunda sabitlik tapmasa, qlobal neft bazarlarında tarazlıq bərqərar olmayacaq”.(Cebhe.info)


Tarix: 13-11-2018, 20:58
Xəbəri paylaş





Xəbər lenti