Dollar və manat: İlin sonuna necə gedir?


Dollar və manat: İlin sonuna necə gedir?

İlin sonu yaxınlaşdıqca və qonşu ölkələrdə mili valyutalara təzyiq artdıqca, Azərbaycan manatı ilə bağlı məsələ gündəmə gəlir.

Artıq uzun müddətdir ki, dollar sabit, yəni 1.70 manat civarında qalıb. Bəzi ehtimallara görə, dolların məzənnəsində artım mümkün görünür və bu, 1.80-1,85 səviyyəsinə qədər çata bilər. Buna əsas səbəblərdən biri kimi, xüsusən İrana qarşı tətbiq edilən sanksiyalar fonunda qonşu ölkədə milli valyutanın sürətlə dəyərdən düşməsi, dollara tələbatın artması göstərilir. Digər tərəfdən, ilin sonunda digər ölkələr kimi Azərbaycanda da dollara tələbat artır və bu, bahalaşmaya müəyyən qədər təkan verə bilər.  

Bəzi ekspertlər də dolların dəyər qazanmasını mümkün hesab edir. Məlumdur ki, Azərbaycan Mərkəzi Bankı  manatın uçot dərəcəsini 15-dən 9.75 faizə qədər endirib. Beynəlxalq təcrübəyə əsasən, milli valyutanın uçot dərəcəsinin aşağı salınması dövriyyədəki pul kütləsinin artırılmasına hesablanan addımdır. Dövriyyədə artan milli valyuta isə xarici valyutaya tələbatı artırır. 

Ümumiyyətlə, manat yaxın zamanlarda ucuzlaşa bilərmi? Bunun ölkə iqitsadiyyatı üçün müsbət və mənfi tərəfləri nə ola bilər? 

Məlumdur ki, ucuz manat ilk növbədə bazarda bahalaşmaya səbəb olacaq. Azərbaycan iqtisadiyyatının böyük hissəsi idxaldan asılı olduğundn bahalaşma nəticəsində bazarda qiymətlərə də təsir edir. Bu zaman yaranan fərq birbaşa əhalinin xərclərini artırır. Bu halda problemli kreditlərin həcmi artır və nəticədə kreditlərin də həcmi böyüyür. 


İqtisadçı-alim Fuad İbrahimov da “Cümhuriyət” qəzetinə şərhində manatın ucuzlaşması üçün ciddi səbəbin olmadığını deyib. Ekspert bununla yanaşı Mərkəzi Bankın manatı müəyyən qədər ucuzlaşdıra biləcəyini də istisna etməyib: “Hazırda institutsional amillərə nəzər salsaq, manatın təzyiq altında olması müşahidə olunmur. Yəni, heç bir göstərici ilə demək olmaz ki, manatın ucuzlaşmasına fon yaranıb. Digər tərəfdən, manatın bu səviyyədə süni şəkildə, zorla saxlanıldığını da demək olmaz. Belə bir vəziyyət əvvəl var idi, amma hazırda yoxdur. Amma Mərkəzi Bank milli valyutanı optimal səviyyəyə gətirmək istəyə bilər. Ola bilsin ki, AMB makroiqtisadi göstəriciləri yaxşılaşdırmaq üçün 1.85 məzənnəsini ən optimal dəyər hesab edir. Amma bunun rəsmi açıqlaması yoxdur. Ona görə də Mərkəzi Bankın məsələyə hansı prizmadan yanaşdığını demək çətindir”.

F.İbrahimovun sözlərinə görə, dollar bahalaşarsa problem yaranar: “Manat ucuzlaşarsa, ən azından idxal məhsullarının qiymətində fərq yaranacaq. Eyni zamanda da Azərbaycandan xaricdə təhsil alan tələbələr, səhhətilə bağlı xaricə gedən insanlar var. Bütün hallarda manatın ucuzlaşması insanların cibinə zərər vurmuş olur. Hesab edirəm ki, manatın ucuzlaşmasına institutsuonal səviyyədə əsas yoxdursa, buna getməyə ehtiyac da yoxdur. Ümumi dəyərləndirməyə görə hazırda Mərkəzi Bankın manatın ucuzlaşmasına getməsi lazımsızdır və inandırıcı görünmür”.(Cebhe.info)



Tarix: 14-11-2018, 10:24
Xəbəri paylaş





Xəbər lenti