Dünya bankçılığı Ağ Evin əlində


Dünya bankçılığı Ağ Evin əlində

Fuad İbrahimov: “Özünə hörmət edən hüquqi və fiziki şəxs SWIFT sistemindən kənarda qalan bankların müştərisi arzusunda olmamalıdır”

Beynəlxalq ticarətin inkişafı və pul köçürmələrinin aparılmasında müxtəlif proqramlardan istifadə edilir. Xüsusilə bank sektorunun inkişafı və texnologiyanın inteqrasiyası ilə bərabər müxtəlif terminlər də ortaya çıxıb. Bank sektorunda istifadə olunan bu terminlərin nə olduğu haqda çox məlumatlı olmasaq da, amma bank əməliyyatlarında bundan istifadə edirik. 

Bunlardan biri də SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication -Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemidir. Bu, məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. Banklara verilən SWIFT kodu, xüsusilə beynəlxalq pulköçürmələrə və ya ticarətə əhəmiyyətli əməliyyatlara sürət qatmaq gücünə malikdir. Çünki bu kodun ortaya çıxması və istifadəsi ilə pulun haraya köçürüləcəyi haqqında daha dəqiq məlumat sistemi verilir. Beləliklə, pul köçürmələri daha sürətli həyata keçirilir və treyderlərin ticarət proseslərində heç bir problem yaratmır.

Ciddi əhəmiyyətə malik olan SWIFT sistemi olmadan, banklar iflic vəziyyətə düşür. ABŞ-ın İrana məlum sanksiyalarından sonra noyabr ayından İran Milli Bankı bütün şöbələrdə SWIFT transferləri üçün xidmət göstərilməyəcəyini açıqlayıb. Qeyd edək ki, noyabrın 5-də SWIFT-in verdiyi açıqlamada ABŞ-ın sanksiyalarına riayət edəcəyini və bəzi İran banklarının sistemə daxil olmasını təxirə saldıqlarını bildirmişdi.

Noyabrın 14-də ABŞ-ın Maliyyə Nazirliyi İranın 4 bankına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan etdi. Hazırda İranın “Middle East Bank” ilə yanaşı, “Hekmat Iranian”, “Qarz Al-Hasaneh Mehr Iran” və “Credit Institute for Development” bankları pul köçürmələr üçün beynəlxalq SWIFT sistemindən istifadə edə bilir.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, banklarla bir çox ödəniş və təcili pul köçürmə əməliyyatlarını həyata keçirmək mümkündür: “Amma bank sektorunun əsasını SWIFT sistemi təşkil edir. Dünya səviyyəsində fəaliyyət göstərmək istəyən, eləcə də bu sahədə elastik əməliyyatlar aparmağı hədəfləyən bank, mütləq bu sistemdən istifadə etməlidir. İstənilən milli valyutada əməliyyat aparıla bilər, amma pul köçürmələri SWIFT sistemi ilə həyata keçirilir. Bu gün SWIFT sisteminə birbaşa nəzarət edən qüvvə ABŞ-dır. Bu nöqteyi-nəzərdən müasir dövrdə SWIFT sistemsiz heç bir bank fəaliyyət göstərə bilməz. Bu sistemdən kənar qalmış bank təhlükəlidir. Yəni, belə banklar pulun çatdırılmasında qeyri-ənənəvi üsullardan istifadə edir. Bu isə, qəbulolunmaz haldır. Özünə hörmət edən hüquqi və fiziki şəxs SWIFT sistemindən kənarda qalan bankların müştərisi arzusunda olmamalıdır. Bankların SWIFT sistemindən kənar qalması, onların fəaliyyətini iflic vəziyyətə salır”.

SWIFT platformasına alternativ əməliyyat sistemlərinin yaranmasına gəlincə, analitik bunun nəzəri baxımdan mümkün olduğunu bildirib: “Yadaq salaq ki, keçmiş Sovetlər birliyində sberbank əmanət kitabçaları məhz bu sistem vasitəsilə işləyirdi. Sovetlər birliyi 1991-ci ildən dünya xəritəsindən itəndən sonra bu sistem çökdü. Bəlkə də o dövrdə bu sistem qalsaydı, müasir dövrün tələblərinə də cavab verərdi, hətta alternativ ödəniş sistemi kimi qalardı. O dövrdə yaranmış boşluqdan istifadə edən ABŞ bu sistemi  püxtələşdirdi.

Rusiya Krımı ilhaq etdikdən sonra regionda plastik kartların fəaliyyəti dayandırılıdı. Sirr deyil ki, xarici ölkəyə səfər edərkən ən yaxşı vasitə özünüzlə nağd pul deyil, bank kartı aparmaqdır. Üzərinizdə yüksək miqdarda nağd pul daşımamaq, onu gömrükdə təsdiq etmək məcburiyyətinizin olmaması və ödəniş zamanı yaşayacağınız rahatlıq plastik kartın əsas üstünlüyüdür. Bu baxımdan “Visa” və “MasterCard” uzun müddətdir ki, beynəlxalq status qazanıb. SWIFT xidməti dayandırıldığı üçün səyahətçinin əsas köməkçisi olan bu kartlardan istifadə Krımda mümkün deyil. Sanksiyaların tətbiqi nəticədə işgüzar insanları iflic edir”.

Fuad İbrahimov bir müddət əvvəl Rusiyanın beynəlxalq ödəniş sistemi olan SWIFT-dən kənarlaşdırılmasının gündəmə gəldiyini də xatırlayıb: “Rusiya bankları Qərbin belə bir addım atacağı təqdirdə hansı qərarlar qəbul edəcəklərini müzakirə edirlər. Rusiya bəyan etdi ki, SWIFT sisteminə qarşı alternativ planları mövcuddur. Nəzərə almaq lazımdır ki, bu, sadəcə layihədir və bunu həyata keçirmək üçün mühüm əhəmiyyətli iş görülməlidir. Bu sahədə qurulacaq yeni sistem aerokosmik vasitələrlə, infrastrukturla, İT ilə təmin edilməlidir”. Ekspert onu da vurğulayıb ki, İran banklarının SWIFT sistemindən kənarlaşdırılması, ilk növbədə ölkədaxili pulköçürmə əməliyyatlarına xələl gətirəcək: “SWIFT sistemi olmadan bank anlayışı ola bilməz. Bu nöqteyi-nəzərdən İran bankları iflic olacaq”.

Yeganə Oqtayqızı

Tarix: 18-11-2018, 20:04
Xəbəri paylaş





Xəbər lenti