Büdcədən yeni gözləntilər- MÜZAKİRƏ


Büdcədən yeni gözləntilər- MÜZAKİRƏ

Noyabrın 13-dən etibarən Milli Məclisdə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi, yəni büdcə zərfinə daxil olan sənədlər toplusunun müzakirəsi yekunlaşıb.

Növbəti müzakirə noyabrın 23-də olacaq, noyabrın 30-da isə büdcə zərfinə daxil olan qanunlar müzakirəyə çıxarılacaq və səsə qoyularaq qəbul ediləcək. Maraqlıdır, büdcə müzakirələri necə dəyərləndirilir?

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət”ə açıqlamasında deyib ki, gəlirlər məsələsində həm müsbət, həm də mənfi amillər var: “Büdcə hələ qəbul olunmamışdan əvvəl Vergilər Məcəlləsində edilən dəyişikliklər həm kiçik sahibkarlığın inkişafında, həm də kölgə iqtisadiyyatında müxtəlif şirkətlərə yönəldilmiş təşviqi addımları çox müsbət qiymətləndirirəm. Bu, əslində yarımçıq olsa da, hesab edirəm ki, Gürcüstan modeli istiqamətində addımlar atılır.

Dövlət Sosial Sığorta Fondu ilə bağlı yığımlara və nəzarətə Vergilər Nazirliyinin cəlb olunması addımı hələ ki yarımçıqdır. Ümid edirəm ki, gələcəkdə Dövlət Sosial Sığorta Fondunun funksiyaları ləğv olunacaq və onun vergiyığma səlahiyyəti tamamilə Vergilər Nazirliyinə veriləcək. Bunu islahatın ilk addımı kimi qəbul edirəm. Yaxşı olardı ki, gələcəkdə sosial vergi adı altında bir islahat aparılsın. Yəni  fiziki şəxslərdən gələn gəlir vergisi ilə sosial sığorta haqqı birləşdirilsin və Gürcüstanda olduğu kimi, cəmi 20 faiz götürülsün. 2018-ci ildə yaşadığımız dövrdə bu məsələ çox fərqlidir. Mütərəqqi addımlar atılıb ki, fiziki şəxslərdən götürülən gəlir vergisi 8 min manata qədər tutulmasın və yuxarı həddi 25 faizdən 14 faizə endirilsin. Bu 2019-cu ilin büdcə gəlirlərində verginin azalmasına gətirib çıxaracaq”.

Ekspert qeyd edib ki, narahatedici məqamlardan biri sadələşmiş vergi üzrə olan problemlərdir: “Əslində Vergilər Nazirliyi bu məsələni bir qədər diqqətdə saxlayır və müsbət addımlar atmağa çalışır. Tutaq ki, 2019-cu ildə yüz minlərlə sadələşmiş vergi ödəyicisi var. Onların dövlət büdcəsinə ödədiyi vəsait 322 manat proqnozlaşdırılırsa, büdcə təşkilatlarının ödənişli xidmətlərə daxil olması 627 milyon manatdır. Bu o deməkdir ki, dövlət strukturları özləri sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bununla bağlı nazirliklərdə, komitələrdə islahatlar aparsaq və fəaliyyəti sahibkarlıq subyektlərinə dövr etsək, mütləq gələn gəlirlər daha şəffaf olar. Dövlət orqanları bu siyahıdan yığılan vəsaitləri sonradan müxtəlif paketlər, zərflər adı altında əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə sərf edir. Bunlar isə büdcə təşkilatlarına yaraşmayan, uyğun olmayan hərəkətlərdir.

 Dövlət vəsaitləri mənimsənilir. Vergi şəklində gələn vəsait səmərəsiz şəkildə xərclənir”.

Ekspert əlavə edib ki, vacib vergilərdən sayılan əlavə dəyər vergisi 5 il əvvəlki vəziyyətdən də pis duruma gəlib: “Təqribən o müddətdən bu günə qədər əlavə dəyər vergisi 200 milyondan çox azalıb. Amma gömrükdə yığılan əlavə dəyər vergisi ölkə daxilində yığılan əlavə dəyər vergisindən artıqdır. Gömrük Komitəsində son vaxtlar proqnozların artıqlaması ilə göstərilməsi statistikanın həm də Vergilər Nazirliyi tərəfindən aparılmasıdır. Bu, müxtəlif məcburi şəffaflandırmaya gətirib çıxarır. Əlavə dəyər vergisinin 2 milyon 294 milyon manatı təkcə ölkə daxilində mal və xidmətlərdən olan ƏDV-dən təxminən 500 milyon daha çoxdur.  Bu o deməkdir ki, biz daha çox idxaldan asılı olan ölkəyik.  Ona görə də şəffaflandırma addımlarının davamı olmalıdır. Yəni Gömrük Komitəsi ləğv olunub, onun əlavə vergiyığma funksiyası  vergilər rüsumuna verilməlidir və Vergilər Nazirliyində toplanmalıdır. Gömrük Komitəsi isə bir xidmət və prosedur orqanı olaraq Vergilər Nazirliyinə birləşdirilməlidir. O zaman idxalda olan monopoliya tam aradan qaldırılmış olar.

Çünki bu və ya digər formada bu sahədə kifayət qədər qanun pozuntuları var. Gürcüstanda vergi daxilolmalarının büdcə gəlirlərində faiz nisbəti ən azı Azərbaycandan 2 dəfə çoxdur. Yəni qonşu ölkədə 2019-cu il üçün bu 76 faizdir. Amma Azərbaycanda bu 31,9 faiz təşkil edir. Gürcüstan bununla ikili mühasibatlığı ləğv etməklə nail olub. Yəni sosial verginin tətbiqi ilə bağlı stimullaşdırıcı addımlar atıb.

Belə ki, Gömrük Komitəsinin və Sosial Müdafiə Fondunun ləğvi  və Vergilər Nazirliyinə birləşdirilməsi ilə bu məsələ həllini tapıb. Gürcüstan 2007-ci ildə kölgə iqtisadiyyatına görə ilk sıralarda idisə, indi şəffaflığa görə ilk onluqdadır. Bu yolu biz də getməliyik. Ümid edirəm ki, bu addımların davamı olacaq.  Büdcə gəlirlərində sırf verginin və iqtisadi fəaliyyətin xüsusi çəkisi ilbəil artacaq. Dövlət Neft Fondundan olan transfertlər də bizi çox qane etmir. Çünki bu il kəskin artım var.  5 il əvvəlki transfertdən 2 milyarddan daha artıq  dövlət büdcəsinə transfert olunacaq. Bu ondan xəbər verir ki, biz daha çox gələcək nəsillərin vəsaitlərini  xərcləməkdə cari xərclərimizə davam edəcəyik. Ona görə də prezidentin bir neçə il qabaq iqtisadi qurumlar qarsında qoyduğu tələb kimi cari xərclərimizi cari gəlirlərimizlə təmin etməliyik. Gələcək nəsillərə daha çox vəsait saxlamalıyıq. Müxtəlif qurumların səhlənkar addımları və bu sahədə problemlər qalmaqda davam edir”.(Cebhe.info)



Tarix: 18-11-2018, 21:36
Xəbəri paylaş





Xəbər lenti