Banklar müştərilərə daha sərt cəza istəyir


Banklar müştərilərə daha sərt cəza istəyir

“Azərbaycan qanunvericiliyindəki boşluqlar və bu boşluqları müştərilərə öyrədən bir sıra vəkillər bankların problemli kreditləri yığmasına çətinlik yaradır”. “AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov “Marja”-ya açıqlamasında belə deyib. Bankın problemli kreditlərindən danışan bankir bildirib ki, bu cür kreditlərin yığılmasına qanunvericilikdəki boşluqlar səbəb olur. 

5 ilədək davam edən məhkəmə işləri mövcud olduğunu bildirən Əfqan Cəlilov bu səbəblərdən də bir neçə ildir ki, “AGBank”-ın aktiv kreditləşdirməni dayandırdığını söyləyib: 

“Biz işçilərimizi yeni kreditlərin verilməsi işindən azad edib, əsasən devalvasiyalardan  sonra yaranmış problemli kreditlərin yığılmasına yönəltmişik. Əgər ödəmə vaxtı keçmiş kreditləri yığsaq, bu, xərclərimizin azalmasına, əvvəlki illər həmin kreditlərə görə yaratdığımız ehtiyatın azad olmasına və nəticədə bankın kapitalının artmasına səbəb olacaq”.

Əfqan Cəlilov deyir ki, Azərbaycanın qanunvericiliyi imkan verir ki, istənilən problemli müştəri müddəti uzatsın. Ən böyük problem də bununla bağlı yaranır. O, həmçinin qeyd edir ki, ödəmə vaxtı keçmiş kreditlərin bir çoxu Sahibkarlığın İnkişafı Fondunun (keçmiş Sahibkarlığa Kömək Milli Fondu) vəsaiti hesabına verilmiş kreditlərdir: “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına kreditlər aşağı faizlər ilə, manatda verilib. Müştəri “dollar bahalaşıb” və “faiz yüksəkdir” bəhanələrini edə bilməz. Sadəcə müştəri qanunvericilikdə olan boşluqlardan istifadə edərək krediti qaytarmaq istəmir”.

Bank rəhbəri həmçinin bir sıra vəkilləri də ittiham edərək, onların öz qazancları naminə müştəriləri öyrədərək, müddəti uzatdığını bildirib. 

İqtisadçı-ekspert Natiq Cəfərli isə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, əslində qanunlarda boşluq yoxdur: 

“Bank sədrinin ürəyindən keçən odur ki, qanunlar daha  sərt olsun və kreditləri qaytarılmayanlar cinayət məsuliyyətinə cəlb edilsin. O, bununla problemli kreditlər məsələsində ciddi irəliləyişin olacağını düşünür. Bu sərt yanaşmadır. Çünki manatın iki devalvasiyasından sonra vətəndaşların sadəcə imkanı buna çatmadı. İqtisadiyyat daraldı, gəlirlər azaldı, kredit borcları bir gecənin içində iki dəfədən çox artdı. Bu devalivasiyanın yaratdığı problem idi. Çünki devalvasiyalardan əvvəl problemli kreditlərin həcmi ölkə üzrə cəmi 4 faizə yaxın idi. Məhz iki devalvasiyadan sonra problemli kreditlərin həcmi 16 faizə çatdı. Bu qanunlarda boşluqdan çox, Mərkəzi Bank və hökumətin yaranmış problemin həlli istiqamətində ciddi addım atmamasının nəticəsidir”.

Natiq Cəfərli deyir ki, devalvasiyaların ağırlığı təkcə vətəndaşların üzərinə düşməməli idi: 

“Bunun nəticəsində, ümumiyyətlə, iqtisadi proseslərdə gerilik, bank sisteminin dövriyyəsinin zəifləməsi və digər fəsadlar əmələ gəlib. Dünya standartlarına görə, problemi kreditlərin həcmi 3 faizi keçməməlidir, halbuki bizdə hələ rəsmi rəqəmlərdə 16 faiz olduğu bildirilir. Dünya standartlarından düz 5 dəfə çoxdur. Bu da qanunvericilikdəki boşluqlarla deyil, məhz vətəndaşların gəlirlərinin azalması, ödəmə qabiliyyətinin azalması ilə bağlıdır”.

Sahibkarlığa Yardım Fondunun vəsaitləri hesabına verilmiş kreditlərə gəlincə, iqtisadçı deyir ki, bu məsələdə bank rəhbərinin dediyi faktın özü doğru olsa da, bunun səbəbləri açıqlanmır: 

“Sahibkarlığa Yardım Fondunun ayırdığı kreditlər bir neçə iri holdinqə ayrılıb. Halbuki bu vəsait kiçik şirkətlərə ayrılmalı, onların dəstəklənməsi istiqamətində xərclənməli idi. Burada da qanunlardakı boşluqlardan daha çox bankların apardığı siyasət, Sahibkarlığa Yardım Fondunun normal idarə olunmaması vurğulanmalıdır”. (Cebhe.info)


Tarix: 21-11-2018, 20:12
Xəbəri paylaş





Xəbər lenti