“Kolxoz” qayıdır: Kəndliyə iş və qazanc?


“Kolxoz” qayıdır: Kəndliyə iş və qazanc? 

Aqrar sektorda kollektiv təsərrüfatlar yaranır.Bu günlərdə Sabirabad rayonunun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində yaranan “Birlik” İstehsal Kooperativinin açılış mərasimi keçirilib. Kooperativin yaradılması üçün  680 torpaq sahibi birləşib. Kooperativin ümumi sahəsi 850 hektar əkin sahəsini əhatə edir, bu da orta hesabla adambaşına 1,25 hektar torpaq sahəsi deməkdir. Kooperativ üzvlərindən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. “Birlik” İstehsal Kooperativinin sədri Şamil Əliyev artıq ilk təşəbbüsün beynəlxalq qurumların diqqətini cəlb etdiyini bildirib.Onun sözlərinə görə, bu günlərdə İsraildən gəlmiş ekspertlər kooperativin əkin sahələrindən analiz üçün nümunələr götürüblər.

Qeyd edək ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda və Strateji Yol Xəritəsində vətəndaşların könüllü birləşməsi əsasında kollektivlərin yaradılmasına təkan verilməsi nəzərdə tutulur.Bu cür təsərrüfatların yaradılması dövlətin də marağındadır.Sabirabadda yaranan ilk kooperativin açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov, həm də Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iştirak ediblər. Kənd təsərrüfatı naziri İnam Kərimov kooperativin yaradılmasını dəstəklədiyini bildirib:  “Bu iş könüllülük əsasında həyata keçirilir, heç kimi kooperativ yaratmağa məcbur edə bilmərik. Lakin biz də Kənd Təsərrüfatı Nazirliyi olaraq kiçik pay torpağı olan vətəndaşların öz torpaqlarını birləşdirərək kooperativ yaratmasını həmişə dəstəkləmiş və təbliğ etmişik. Bildiyiniz kimi, nazirlikdə fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi fəaliyyət göstərir. Biz Azərbaycanda kooperasiyanın gələcəyinə ümidlə baxdığımız üçün bu şöbəni təsis etmişik”.

İcra başçısı Nazim İsmayılov Sabirabaddan başlayan kooperativləşmə prosesinin digər rayonlarda davam edəcəyinə ümidvar olduğunu deyib. Bəs kooperativləşmənın ölkənin aqrar sektorunda hansı təsirləri ola bilər? Bu istehsalın yüksəlməsinə, əhalinin kənd təsərrüfatı məhsullarının təminatı ilə təchiz edilməsinə və ixrac potensialına yol aça bilərmi?

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bu cür təsərrüfatların yaranmasını təqdir edib: 

“Tarixi təcrübə göstərir ki, vaxtilə böyük imkanları olan təsərrüfatların istehsalı daha effektli olur.Bu gün dünyanın ən böyük aqrar ölkələrindən biri İsraildir.Bu da sırf kollektiv təsərrüfatların fəaliyyətinin nəticəsidir. Azərbaycanda İsmayıllı rayonunun İvanovka kəndində mövcud olan Nikitin adına  kollektiv təsərrüfat qalıb. Bu nümunəvi bir təsərrüfatdır və çox gəlirli və məhsuldar fəaliyyət göstərir”.

Elçin Bayramlı bildirib ki, fərdi təsərrüfatların imkanları xaricində olan məsələlərin həlli kollektiv təsərrüfatlar üçün çətinlik törətmir: 

“Kiçik təsərrüfatların imkanları olmur ki, ixrac bazarlarını araşdırsın, aqronomlar, texniklər cəlb etsinlər. Bu baxımdan da daha az və keyfiyyətsiz məhsul istehsal edir, məhsulun daşınması və satılması problemləri ilə rastlaşır. Bu problemlərə görə aqrar sektor ziyan görür. Məsələn, tutaq ki, kiminsə iki hektar üzüm sahəsi varsa, o bununla böyük miqdarda gəlir əldə etməyəcək, 100 nəfər birləşən zaman isə texnika almaq, bununla da da daha rahat və daha tez məhsul əldə etmək imkanı  olur.   Bu gün əgər istəyirsəksə aqrar məhsullarla özümüzü təmin edək və onu ixrac  edək, bizə iri təsərrüfatlar lazımdır. İxtisaslaşmış iri təsərrüfatlar yaradıla bilər ki, onların emal müəssisələri də yaradıla bilər. Bununla bağlı bir neçə il əvvəl sərəncam verilmişdi. Həmin sərəncamdan sonra aqroparklar yaradılıb.Bu işləri genişləndirmək və daha yaxşı nəticə əldə etmək olar”.

Elçin Bayramlı deyib ki, bu istiqamətdə dövlətin dəstəyinə ciddi ehtiyac var: 

“Texnika fondunun formalaşması, ilkin mərhələdə işlərin görülməsi üçün dövlət ilkin mərhələdə dəstək verə bilər. Bu, ölkəyə gəlir gətirəcək.İstifadəsiz torpaqlar da bu cür təsərrüfatlar yaradıla bilər.Məsələn, fərdi sahibkar pambıq sahələrindən xeyir götürə bilmir.Çünki şəxsi kombaynı yoxdur. Yığım, daşınma baha  başa gəlir. İstifadəsiz torpaqlarda bu cür təsərrüfatlar yaradıla bilər”,

Ekspert hesab edir ki, kollektiv təsərrüfatlar, aqrar kooperativlərin fəaliyyəti iki  istiqamətdə ola  bilər: 

“İxtisaslaşmış və qarışıq tipli kooperativlər yaradıla bilər. Qarışıq kooperativlərin torpaq fondu böyük olmalıdır ki, burada məsələn, həm meyvə bağı, həm pambıq sahəsi salmaq mümkün olsun.İri kollektivlərin yaranmaısı istehsal, gəlir baxımından səmərəli olmaqla yanaşı həm də ixrac potensialı yaradır.Fərdi sahibkarın imkanı olmur ki, başqa ölkələrə məhsul göndərsin, amma böyük təsərrüfatların Türkiyə, Rusiya, Avropa bazarına məhsul göndərmək imkanı olacaq”.

Elçin Bayramlı bildirir ki, bu məsələdə könüllülük prinsipi vacibdir: 

“Bu məcburi formada həyata keçirilməməlidir. Digər tərəfdən isə kooperativ təsərrüfatlarda şəfaff nəzarət olmalıdır.Payçıların hər biri bilməlidir ki, nə qədər məhsul əldə olunub, neçəyə satılıb, harda satılıb və texniki xərclər nə qədər olub.Gəlir mülkiyyətçilər arasında bərabər ədalətli bölünməlidir.(Cebhe.)


Tarix: 24-11-2018, 20:55
Xəbəri paylaş





Xəbər lenti