Azərbaycanda maye qaz niyə yoxa çıxıb - araşdırma


SOCAR rəsmisi: “Təmirlə bağlı emal zavodunda istehsal dayanmışdı”

Bir neçə aydır Azərbaycanda maye qaz (LPG) qıtlığı yaşanır. Yay aylarından etibarən başlanan problem son bir ayda daha da kəskinləşib. Avtomobilləri LPG ilə işləyən sürücülərlə yanaşı, rayonlarda qazlaşdırılmayan ərazilərdə bu qazdan istifadə edən insanlar da ciddi çətinliklərlə üzləşiblər.

Hazırda ölkənin ən iri yanacaqdoldurma şəbəkələrinə malik “Azpetrol” şirkətində maye qaz, ümumiyyətlə, yoxdur. Şirkətdən məhsulun nə zaman olacağını bilmədiklərini deyirlər. Digər yanacaqdoldurma məntəqələrinin əksəriyyətində də eyni vəziyyətdir.

Azərbaycanda maye qazın yeganə istehsalçısı SOCAR-ın Bakı Neft Emalı Zavodudur. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədovun “Yeni Müsavat”a verdiyi məlumata görə, maye qazı və ya LPG kimi tanınan maddələr neft emalı prosesində əldə edilən propan-propilen və butan-butilen fraksiyalarıdır: “Bu maddə Azərbaycanda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda illik təxminən 220-230 min ton həcmində istehsal olunur. Maye qazları həm kimya sənayesində aralıq məhsulu kimi istifadə olunur, həm də yanacaq kimi birbaşa istehlak olunur.

İbrahim Əhmədovun ile ilgili görsel sonucu

SOCAR-ın dəyər zənciri çərçivəsində maye qazları (LPG) əvvəlki illərdə də Sumqayıtdakı kimya müəssisələrimizə xammal kimi yönləndirilir və beləliklə ölkəmizin qeyri-neft istehsalatına töhfə verirdi. Maye qazın kimya sənayesində istifadə olunmayan həcmləri isə yanacaq kimi daxili bazarda təchizatçı şirkətlər vasitəsi ilə reallaşdırılırdı. Ötən ildən etibarən SOCAR Polymer zavodlarının istismara verilməsi ilə ölkəmizin kimya sənayesində və bununla da qeyri-neft sektorunda sıçrayış oldu. Nəticədə isə bu sənayenin xammalı olan maye qaza  - LPG-yə tələbat artdı və yanacaq bazarında istehlakçılar qıtlıqla üzləşdilər”.

Şirkət sözçüsü bildirir ki, SOCAR maye qazının ölkə daxilində istehsalçısıdır, lakin satış sahəsində maye qazı üzrə inhisarçı deyil: “Yəni təchizatçılar bunu həm SOCAR-dan, həm də digər şirkətlərdən də ala bilərlər, lakin ölkə xaricində bu məhsul daha yüksək qiymətə alınıb-satıldığına görə hələlik təchizatçılar onun idxalından vaz keçirdilər. Qeyd etmək vacibdir ki, maye qazı kimya sənayesində daha böyük dəyər yaradır, yanacaq kimi istifadə olunanda onun məhsuldarlığı nisbətən aşağı olur. Buna görə SOCAR ötən ildən etibarən eyni qiymətə daha effektli və dayanıqlı yanacaq növünü bazara təqdim etmişdir. Sıxılmış təbii qaz və ya CNG kimi tanınan bu yanacaq artıq bir çox SOCAR yanacaqdoldurma məntəqələrində satılır və hələ bazarda maye qaz qıtlığı yaranmazdan əvvəl istehlak bazarında böyük maraqla qarşılanıb, onun istifadəsi sürətlə artmağa başlayıb. CNG maye qazdan daha sərfəli və yanacaq kimi daha məhsuldardır, həm də daha təhlükəsizdir və ətraf mühitə daha az ziyan vurur. Bir sözlə, maye qazı sənayedə aralıq məhsulu kimi daha böyük dəyər yaradırsa, CNG isə məhz yanacaq kimi effektlidir. CNG birbaşa təbii qazdan əldə edildiyinə görə onun təchizatında hər hansı qıtlığın yaranması da gözlənilmir”.

İlham Şaban ile ilgili görsel sonucu

İlham Şaban: “Sıxılmış qazdan istifadəyə üstünlük verilməlidir”

İ.Əhmədovun sözlərinə görə, həm LPG, həm də CNG üçün əlavə avadanlığın quraşdırılması vacibdir ki, bu da yanacağın yaratdığı maddi üstünlüklər hesabına qısa zamanda özünü doğruldur: “Son bir ayda LPG (maye qazı) təchizatında qıtlıq kəskinləşmişdi, bu da bir tərəfdən tələbatın artımı, digər tərəfdən isə NEZ-də aparılan dövri təmir işləri ilə bağlı olub. Yaxın zamanda dövri təmir işləri başa çatacaq və ölkə daxilində maye qazın istehsalı bərpa olunacaq. Bundan sonra bazarda vəziyyətin nisbətən stabilləşməsini gözləmək olar. Lakin uzunmüddətli perspektivdə maye qaza tələbatın artması qaçılmazdır. Həmin məhsula olan tələbatın üzərindən təzyiqin azaldılması üçün alternativ və daha əlverişli olan CNG kimi məhsulların geniş yayılmasına çalışırıq. Əgər hazırda maye qazdan istifadə edən avtomaşın sahiblərinin bir hissəsi CNG-yə keçərsə, onda bazarda mövcud olan maye qaz həcmləri bu keçidi etmək imkanı olmayan (məsələn, maşınları yalnız LPG ilə işləyən) qalan istehlakçılar üçün də kifayət edər. Biz ümid edirik ki, CNG maye qazı kompensasiya edə bilər. Yox, əgər biz görsək ki, CNG maye qaz qıtlığını tam kompensasiya etmir, əlbəttə ki, bu zaman təchizatçı şirkətlərlə bu məsələni müzakirə edib dövlət səviyyəsinə çıxardacağıq”.

Hökumət nə edir?

Onu da bildirək ki, istehsal müəssisələrini təchiz etmək üçün SOCAR-ın getdikcə daha çox həcmdə LPG-ni həmin müəssisələrə yönəldəcəyi hökumət tərəfindən də nəzərə alınır. Belə ki, yaranmış problemin əsas həll yollarından biri maye qazın xaricdən idxal edilməsidir. Xaricdə isə bu məhsul Azərbaycanda istehsal olunandan xeyli baha satılır. Buna görə də iyun ayında Nazirlər Kabineti özünün 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər  edib. Dəyişikliyə əsasən propan qazının və butanın emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevrilmələr üçün, təmizliyi 90  faizdən çox, lakin 99 faizdən az olan m3 üzrə tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) “15 dollar”  “0 dollar” ilə əvəzlənib. Yəni bu qazların idxalı gömrük rüsumundan tamamilə azad olunub. Bundan əlavə, LPG-nin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün heç kim onu xaricdən baha alıb, ölkədə ucuz satmaqda maraqlı ola bilməzdi. Bu problemi aradan qaldırmaq üçün Nazirlər Kabineti sentyabrın 16-da “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib. Dəyişikliyə görə, maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.

Maye qaz idxalı niyə başlamır?

Lakin yaranmış vəziyyət göstərir ki, hələ də ölkəyə LPG idxalına meyl edənlər yoxdur. Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, yanvar-avqust aylarında Azərbaycana maye qaz idxalı həyata keçirilməyib. Nazirlər Kabinetinin maye qazın qiymətini tənzimlənən qiymətlər siyahısından çıxarması isə sentyabrın ortalarında baş verib. Yəni belə qısamüddətli dövrdə maye qaz idxalına başlanması real görünmür. Bunun əsas səbəblərindən biri maye qazın daşınması və saxlanması üçün avadanlıq və qurğuların olmamasıdır. Məlumdur ki, LPG-nin daşınması 3 qat mühafizəli çənlərdə həyata keçirilir, eyni zamanda onu alıb gətirəndən sonra çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilməklə saxlanması tələb olunur. Bu baxımdan, maye qaz idxalı ilə geniş imkanları, saxlama yerləri, ölkə daxilində paylama infrastrukturu olan şirkətlər məşğul ola bilərlər. Digər tərəfdən, hazırda Azərbaycanda maye qazın qiyməti 45-50 qəpik arasında dəyişir. Dünya bazarında bu məhsulun qiyməti bundan bir neçə  dəfə yüksəkdir. Belə olduğu halda isə idxal qazının qiyməti 1,5-2 manata qədər bahalaşa bilər. Belə qiymətə maye qazı kim alacaq? Üstəlik, nəzərə aldıqda ki, SOCAR bazara daha ucuz və ekoloji baxımdan daha əlverişli məhsul - sıxılmış qaz çıxarır və maye qazla işləyən avtomobillərin böyük bir hissəsində bu qazla işləmək imkanları var, bu zaman maye qaz idxalının səmərəli olmayacağını bəribaşdan söyləmək mümkündür.

Bu amilləri nəzərə alsaq, indiki şəraitdə Azərbaycanda maye qaz problemini həll etmək üçün xaricə ixracın azaldılması ola bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 44,5 min ton maye qaz satılıb. Bu, ötən ilkindən az olsa da, daxildəki çətinliklərin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Belə ki, ölkənin enerji balansından aydın olur ki, 2018-ci ildə Azərbaycanda 215,5 min ton mayeləşdirilmiş qazlar istehsal olunub. Bunun 82 min tonu ixrac edilib. Enerji balansına əsasən, istehsal olunan maye qazın 132,3 min tonu son istehlaka yönəldilib. Bunun 108,1 min tonu qeyri-enerji məqsədli son istehlak, 24,2 min tonu isə enerji məqsədli son istehlakdır. Yəni maye qazdan yanacaq kimi istifadə həcmi cəmi 24,2 min ton təşkil edib. Bu isə o deməkdir ki, qiymətlər sərbəstləşdikdən sonra ölkədə istehsal olunan maye qazın ixrac həcmi azaltmaqla, daxili tələbatı qarşılamağa yönəldilən hissəni artırmaq mümkündür.

Maye qazdan sıxılmış qaza keçid sürətlənməlidir

Digər bir məsələ CNG-dən istifadənin təşviq olunmasıdır. Enerji sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, CNG-nin tətbiqi  yanacaq bazarının diverkafikasiyasının və ölkə enerji təhlükəsizliyinin mənbəyidir: “Bu yanacaq növü benzin, dizel və LPG(sıxılmış maye qaz) ilə müqayisədə ekoloji cəhəddən əhəmiyyətli dərəcədə təmizdir. CNG yanğın riski sinifinə görə ən təhlükəsizdir və beynəlxalq standatlaşmaya görə, LPG və benzindən sonra qərarlaşıb. Digər tərəfdən, ABŞ Energetika Nazirliyinin açıqlamasına görə, CNG-nin 1 kubmetrindən əldə edilən enerjinin miqdarı 1 litr benzinin yaratdığı enerjidən 8 faiz yüksəkdir”.

Mütəxəssis Azərbaycanın təbii qaz ehtiyatları ilə zəngin ölkə olduğunu nəzərə alaraq, alternativ yanacaq qismində CNG-nin tətbiqinin ölkənin ənənəvi neft məhsullarından asılılığının azalmasına gətirib çıxaracağı, onların ixracı və ya emalının isə ölkənin əlavə qazanc mənbəyinə çevriləcəyini deyir: “Yəni Azərbaycanda CNG-nin satışı istehlakçıya qənaət, istehsalçıya isə əlavə gəlir imkanları yaradır. Hesablamalara görə, Azərbaycanda gələcəkdə avtomobil parkının 10 faizinin qaza keçirilməsi nəticəsində atmosferə atılan karbon oksidlərin tullantılarının həcmlərini ildə ən azı 150 min ton, azot oksidlərinin - 2 min ton, karbohidrogen - 1 min ton, kükürd oksidlərin tullantıları isə 50 ton azalmasına nail olmaq mümkündür. Bazarın təhlili göstərir ki, kommersiya baxımından isə 10 faiz avtoparkın CNG-yə keçirilməsi Azərbaycanın avtomobil istehlakçıları üçün ildə 200 milyon manata qədər qənaət deməkdir ki, bu vəsait iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilərək yeni əlavə dəyər yaratmaq imkanları açar”.


Tarix: 7-11-2019, 10:49
Xəbəri paylaş





Xəbər lenti