Qazın qiyməti ilə bağlı ÇAŞQINLIQ: Nə ucuzdur, nə baha? - SOCAR-dan İZAHAT

 


Xəbər verildiyi kimi, yanacaqdoldurma məntəqələrində maye qaz kimi tanınan LPG qazının qiymətində artım olub. 

SOCAR rəsmilərinin bildirdiyinə görə, maye qazla bağlı bazarda qıtlıq olduğu üçün qiymətin tənzimlənməsinə qərar verilib. SOCAR bildirib ki, istehsalçı qurum olduqları üçün qiymətin bahalaşmasında onların heç bir rolu yoxdur. Satışda LPG-dən əlavə digər yanacaq növü də var ki, onun adı CNG-dir. Bu, sıxılmış təbii qazdır.

Sıxılmış təbii qazın qiymətində hər hansı bir dəyişiklik yoxdur. Əslində hər iki növ qaz sıxılmış qazdır.

Maraqlıdır, bu qaz növləri hansı sahədə istifadə olunur?

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov Cebhe.info-ya açıqlamasında hər iki qazın tətbiq olunduğu sahələrlə bağlı izah verib:

“LPG əsasən, neft emalında əldə olunur. Bu qaz həm də maye qaz şəklində olan praktikalardan da çıxa bilir. Cəmiyyətdə propan, butan qazları kimi tanınır. Bu maddələr əsasən kimya sənayesində istifadə olunur. Məsələn, neft xam neft olaraq neft emalı zavoduna gəlir və orada emaldan keçir. Emaldan bir neçə məhsul çıxır. Benzindən, dizeldən biri də propan, butan maye qazlarıdır. Onları kimya zavodlarına ötürürlər. Orada bu qazlar növbəti emal mərhələsindən keçir. Polietilen kimi məhsullar ixrac olunur. Yerdə qalan hissəsi nəqliyyatda yanacaq kimi istifadə olunur. Bu qazdan evdə çox az hallarda istifadə olunur. Daha çox bəzi yerlərdə balonlara doldurularaq qaz kimi istifadə olunur. CNG isə metandır. Yəni evdə istifadə etdiyimiz qazdır. Bu, təbii qazdan əldə olunur. Həmin təbii qaz sıxlaşdırılanda CNG olur. Bu qaz artıq bazarda satışda var və bir kubmetri 45 qəpikdən satılır. SOCAR bunu bilir. Propan və butan maye, bu isə quru qazdır. CNG qazı sıxlaşdırılıb maşınlara vurulur. Bu qaz da həm məişətdə, həm də yanacaq kimi istifadə olunur. Lakin LPG ilə bağlı kimya sənayesində artım olduğuna görə bazarda qıtlıq yaranmışdı. Əvvəl şirkət bu qazı yalnız SOCAR-dan alırdı, indi həm də bunu idxal edir. Qiymət artımı da çox güman kimi ona görə yaranıb. Çünki idxal edəndə onun xaricdən aldığı qiymət daha yüksək olur. Biz onu ucuz qiymətə satırıq”. 

Tarix: 12-11-2019, 14:12
Xəbəri paylaş





Xəbər lenti