“Ucuz ətin şorbası olmaz...” - Bahalaşan ət bazarından əməkdaşımızın qeydləri


“Ət mafiyası” mal ətinin kilosunu 11 manat 20 qəpiyə qaldırıb; ekspert hesab edir ki, Gürcüstanın yeni qərarı Yeni il ərəfəsində növbəti qiymət artımını qaçılmaz edir - əməkdaşımızın qeydləri...

Azərbaycanda mal ətinin qiyməti qalxıb. Bazarlarda ətin kilosu 11 manat 20 qəpik olub. “Yeni Müsavat” üçün həftəsonu reportaj hazırlayarkən öyrəndik ki, əvvəl ətin kilosu 10 manat 40 qəpiyə satılıb.

Qiymətdə 80 qəpik artım olması yerli məhsulların çatışmazlığı ilə izah olunur. Gürcüstan tərəfinin mal-qara ixracına məhdudiyyətləri sərtləşdirmək planı qarşıdakı dövrdə yenidən bahalaşma olacağına əsas verir. Hazırda quzu ətinin qiyməti 14 manata qalxıb ki, bu da 7,6% artım deməkdir. Bununla yanaşı, sümüksüz qoyun ətinin kilosu bir çox supermarketlərdə 15 manatdır.

Bakıdakı qəsəbələrin birində olduğumuz kiçik heyvan bazarında satıcılar dedilər ki, yerli mal-qaranın istehsal gücü hələ 2015-2016-ci ildən azalmağa başlamışdı. İndisə vəziyyət daha da pisləşib. Çünki örüş yerlərində, yem bazası olan rayonlarda texniki bitkilərin əkilməsi artımın qarşısını alıb. Bu, həm də yemin qiymətini qaldırıb. Nəticədə maldarlıqla məşğul olmaq artıq sərfəli deyil. Şəhərin bəzi yerlərində, satış məntəqələrində kilosu 6-7 manata satılan ət məhsulları da tapmaq olar. Amma heyvan bazarında satıcılar onlara yaxın getməməyi məsləhət görürlər. Necə deyərlər, “Ucuz ətin şorbası olmaz...”

Satıcıların sözlərinə görə, Bakı ilə regionlar arasında ətin qiymətində fərq yoxdur. Yalnız Ağcabədi, Bərdə, Beyləqan rayonlarında 10 manata ət almaq mümkündür. Heyvan bazarında söhbətləşdiyimiz sahibkarların sözlərinə görə, qoyun, keçi əti alanlar da var. Amma otlaqların azalması ucbatından bazarlarda Ukrayna, Gürcüstan məhsulları üstünlük təşkil edir. Gözlənilən yeni bahalaşma dalğası Hindistandan idxal edilən mənşəyi bilinməyən məhsulların bazarları ağuşuna alması ehtimalını gücləndirir.

Onu da öyrənirik ki, bizdə qiymətlər sərbəst müəyyən olunmur, adətən, bütün ölkə üzrə standart olur. Kimsə öz heyvanını gətirib bazarda 9 manata sata bilmir, onu “başa salırlar” ki, ət 11 manatadır. Hətta bəzi qəssablar etiraf edirlər ki, ətləri xarab olsa belə, onu ucuz sata bilmirlər. Bu baxımdan, “ət monopoliyası”nın bu amildən istifadə edərək, qiymətləri 10 faiz artırması mümkündür.

Satıcılar onu da bildirdilər ki, əgər bu gün Gürcüstanda ət 1 manat bahalaşıbsa, qoy bizdə də bahalaşsın, amma gələcəkdə 3 manat ucuzlaşanda da bunun ölkəyə təsiri olsun. Amma bizdə bu, baş vermir.

Natiq Cəfərli: “Turist axını da qiymətləri qaldırır”

İqtisadçı-eskpert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda ətin qiymətinin qalxmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, proses 2015-ci ildən başlayıb. Ekspert hesab edir ki, həmin il texniki bitkilərin əkin sahələrinin genişləndirilməsi qərarı ölkədə ətin qiymətinin bahalaşmasının təməlini qoyub: “Əsasən də pambıqçılığın inkişaf etdirilməsi qərarı ciddi təsir göstərdi. Bu zaman bəzi örüş rayonlarında, yəni yem bazasını təşkil edən bölgələrdə pambıq əkilməsi örüş sahələrini azaltdı, qıtlıq yaratdı, bu da istər-istəməz yemin qiymətinin qalxmasına səbəb oldu”.

N.Cəfərlinin fikrincə, digər səbəb Azərbaycana olan turist axınıdır: “Bunu da nəzərdən qaçırmaq olmaz və nəzərə almalıyıq. Turist axını ətə olan tələbatı artırır və qiymət artımına dəlalət edir. Bu il ölkəyə 3 milyon turist gəlməsi gözlənilir. Daxili istehsalat tələbatı ödəyə bilmir deyə ət idxalı zamanı qiymət qalxır. Çünki real valyutanı nəzərə almaq lazımdır”.

İqtisadçı bu ilin sonu, gələn ilin əvvəlində ətin qiymətində növbəti bahalaşmanı qaçılmaz sayır: “Yanvarda, hətta deyərdim ki, Yeni il ərəfəsində ətin qiyməti bir daha artacaq. Ona görə ki, Gürcüstan ixracatla bağlı qərar verib, 200 kilodan artıq heyvanın gətirilməsi üçün rüsum qaldırılıb. Bu zaman Gürcüstandan bizə gələn ətin, ümumiyyətlə, ət bazarında məhsulların qiyməti qalxacaq”.

Statistik rəqəmlərə görə, 2015-ci ildən indiyədək ət idxalı 3,2 dəfə artıb. Ölkəmizin ət idxalçılarının arasında, hətta Braziliyanın da adı var. Bu ölkədə istehsal olunan ət keyfiyyətcə aşağı hesab olunsa da, Braziliyadan idxal həcmləri artmaqda davam edir.

Qonşularımızda mal əti neçəyədir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 213,2 min ton ət istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,7% çoxdur.

Bugünkü rəsmi məzənnə ilə hesabladığımız zaman Azərbaycanda 1 kiloqram mal ətinin qiyməti 6,7 dollara bərabər olur. Bu qiymət, region ölkələri arasında orta göstərici hesab olunur.

Mal əti hazırda ən ucuz qiymətə Moldovada satılır. Bu ölkədə mal ətinin 1 kiloqramı 5,13 dollara bərabərdir. Ukraynada qiymətlər Moldovadan cüzi bahadır - 5,14 dollara...

Qazaxıstanda 1 kilo mal əti 5,2 dollara bərabərdir. Qonşu Gürcüstanda mal ətinin qiyməti 5,67 dollar təşkil edir.

Digər region ölkələrindən Ermənistanda kiloqramı 6,33 dollara, Rusiyada 7,33 dollara, Türkiyədə 10,5 dollara, İranda 19,44 dollara satılır.

Emil SALAMOĞLU

Tarix: 25-11-2019, 09:02
Xəbəri paylaş





Xəbər lenti