"Rüfət Aslanlı kimi cılız tamahkir, Cahangir Hacıyev kimi yırtıcı onunla şahmat oyununda mat oldular"





Prezident İlham Əliyevin noyabrın 28-də maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən, onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verildi. 
Təbii ki, bu qərar gözlənilən idi və bu qurumun keçmiş rəhbəri Rüfət Aslanlının qeyri-peşəkarlığı və əndazəyə sığmayan iddiaları MBNP-ni tezliklə belə bir acınacaqlı aqibətlə üz-üzə qoyacağından xəbər verirdi. Ölkənin bütün bank-maliyyə sektorunun biliciləri, iqtisadçı alimlər və millət vəkilləri Rüfət Aslanlının iki devalvasiyanın şokunu yaşamış böhran içində olan bank sektoruna sağlamlaşma və şəffaflıq gətirmək əvəzinə bu sistemi tamamilə çökdürdüyünü vaxtaşırı dilə gətirirdilər və sonda bu bədnam qurum heç nə ilə yadda qalmayaraq tarixin arxivinə verilmiş oldu. 
Məsələnin ən diqqətçəkən tərəfi MBNP yarandığı ilk gündən nəinki Mərkəzi Bankın, eləcə də Maliyyə Nazirliyinin bir çox səlahiyyətlərini mənimsəyə bilmişdi, hətta tezliklə hikkəsi yerə-göyə sığmayan Rüfət Aslanlının Elman Rüstəmovun və Samir Şərifovun da "kitabını bağlayacağı" iddiaları səslənməyə başlamışdı. Amma bu oyun peşəkarların qalibiyyəti ilə nəticələndi və bu savaşdan Elman Rüstəmov daha da güclənmiş halda çıxmağı bacardı. 
Amma bir çox bank bilicisi ehtiyyat edir ki, bu qalibiyyətdən Elman Rüstəmovun başı gicəllənə bilər və ölkə nə zamansa üçüncü devalvasiya şokuna məruz qalası olsa, o nəinki işini, tarixdəki bütün qalibiyyət səhifələrini birdəflik bitirmiş olar. Onların qənaətinə görə, bu qalibiyyətin davamlı və dönməz olması üçün təkcə öz işinin bilicisi olmaq kifayət deyil, eyni zamanda çevik idarəetmə bacarığına malik komandanın formalaşması da heç də az əhəmiyyət kəsb etmir. Bu baxımdan onun ətrafında ölkənin peşəkar bank-maliyyə sektoru üzrə zamanın sınağından çıxmış yerli mütəxəsislərdən ibarət bir monolit komandanın yenidən tərtib edilməsinə ehtiyac var. 
O bunu edəcəkmi? Yoxsa o da illər sonra Rüfət Aslanlıdan miras qalmış hikkənin qurbanı olacaq? Hər halda bunu zaman göstərəcək. Bu gün Azərbaycan manatının durumu qənaətbəxşdir və bareli az qala 70 dollara satılan neftimizin gətirdiyi milyardlar Elman Rüstəmov üçün böhranlı perspektivlər vəd etmir. Amma dünyanın gedişatı elə şahmat taxtasındakı kimi hər an dəyişə bilər və növbəti qlobal böhran manatımızın qapısını döyəcləyən zaman Mərkəzi Bank sədri "kaş ki..." deməməsi üçün indidən güclü komandası ilə bu zərbəni itkisiz dəfə etməyə hazırlaşmalıdır... 

Keçmiş maliyyə naziri Fikrət Yusifov da ötənlərdə bank sektorunda yaşanan qısaqapanmalardan kifayət qədər məlumatlıdır və o da Elman Rüstəmovu bir peşəkar kimi tanıdığını deyir:
"O bunu edə biləcək qədər səriştəli bir lider və siyasətçidir. O peşəsində siyasətçidir. Nəyin necə baş verəcəyini əvvəldən görüb dəyərləndirməyi bacaran və sıxıntıları səbrlə yaşayıb sonda önə çıxmağı bacaran bir liderdi. O bunu artıq 25 ildən çoxdur ki, Mərkəzi Banka rəhbərlik etdiyi dövrdə dəfələrlə sübut edə bildi. Manatın kəskin ucuzlaşmasının yaratdığı uçurumdan, milli valyutanın çapı ilə bağlı baş vermiş qalmaqaldan məharətlə çıxa bildi. O, bu illər ərzində göstərdi ki, bank işinə sahib bir peşəkardı. Əldə etdiyimiz məlumatlara görə o daima mütaliə edir və daha çox fəlsəfi kitablara üstünlük verir. Həyat fəlsəfəsini öyrənməkdən yorulmur. Elə bu səbəbdən də Rüfət Aslanlı kimi cılız tamahkirlər, Cahangir Hacıyev kimi yırtıcılar onunla şahmat oyunlarında sonda mat oldular".
Tarix: 30-11-2019, 17:13
Xəbəri paylaş





Xəbər lenti