Qoşqar Təhməzlinin Rüfət Aslanlı yolu: AQTA da ləğv olunur?

 Fəaliyyəti hələ ki heç bir ciddi nəticə verməyən, adı tez-tez müxtəlif maxinasiyalarda hallanan, yalnız rəhbər şəxslərinin xaricdəki biznesi ilə daha çox gündəmə gələn Qida Təhlükəsizliyi Agentliyi özünü doğrulda bilmir.

Bu qurum qida sənayesində təhlükəsizliklə bağlı yaradılsa da, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi kimi, onun da işinə xitam veriləcəyi gözlənilir. İslahatlar paketi çərçivəsində təsis edilmiş AQTA eynilə MBNP kimi amöb bir qurum təsiri bağışlayır. Eyni zamanda sədr Qoşqar Təhməzli də ləğv edilmiş Palatanın keçmiş sədri Rüfət Aslanlının yolunu gedir.

R.Aslanlı heç bir iş görmədiyi halda, narazılıq yaratmaq və xaricdə çaxır biznesinin olması ilə ad çıxarmışdı. Bu qurumun yarıtmazlığı öz təsdiqini tapdı və prezident ləğvinə sərəncam verdi.

AQTA da effektiv fəaliyyət göstərmir və Q.Təhməzli biznesi ilə məşğuldur. Jurnalist Cavanşir Həsənli üzə çıxarıb ki, təkcə AQTA sədri Avropada biznes qurmayıb, müavini Rüfət Rüstəmzadənin adı Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (İCİJ) ortaya çıxardığı sənədlərdə iki şirkətlə bağlı çəkilir.

Kənd Təsərrüfatı Nazirliyində çalışdığı dövrdə onun adı mətbuatda güzəştli kreditlərlə bağlı xoşagəlməz işlərdə hallanıb.

"Paradise Papers" (Cənnət kağızları") kimi məşhurlaşmış sənədlərə görə Bakı şəhər, İ.Dadaşov küçəsi 50 ünvanında qeydiyyatda olan cənab Rüstəmzadə 2010-cu ilin martın 24-də Maltada təsis edilmiş PAGOR GROUP LIMITED-nin hüquqi təmsilçisi və direktorudur.

Şirkət Maltada VALLETTA, 12/13 VINCENTI BUILDINGS, STRAIT STREET ünvanında hüquqi qeydiyyata alınıb.

Şirkətin əsas səhmdarlarından biri isə "Azərsu" ASC və Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin çoxsaylı tenderlərinin, sifarişlərinin "qalibi" kimi çıxış edən "Alibayli" Ltd şirkətidir.

"Alibayli" Ltd Atlantik okeanının Britaniyaya aid Virciniya adalarında qeydiyyatdan keçib. Qorxmaz Paşayevin də adı sənədlərdə PAGOR GROUP LIMITED şirkətinin direktorlarından biri kimi çəkilir.

Rüfət Rüstəmzadənin və Qorxmaz Paşayevin adları Maltada həmin şirkətlə eyni gündə, eyni hüquqi ünvanda qeydiyyatdan keçmiş daha bir şirkətin - FOCUS GROUP LIMITED-in sənədlərində də hüquqi təmsilçi və direktor kimi qeyd olunub.

FOCUS GROUP-un əsas səhmdarlarından qismində PAGOR GROUP LIMITED də var. Hər iki şirkətin daha bir səhmdarı isə ARQ FIDUCIARIES LIMITED offşor şirkətidir. Bu şirkətin özü də müxtəlif sferaları əhatə edən çoxsaylı offşor şirkətlər tərəfindən təsis edilib.

Bu arada reportyor.info xəbər vermişdi ki, Qoşqar Təhməzli fəaliyyətdə olan özəl qida laboratoriyalarına qarşı “səlib yürüşü” təşkil etməkdədir.

Respublikada müstəqil olan qida laboratoriyaları AQTA sədrinin hədəfinə tuş gəlib və Q.Təhməzli bu məntəqələrin bağlanması üçün əlindəki bütün resurslarını səfər edib.

AQTA sədrinin məqsədinə çatmaqda niyyəti bu sektoru bir əldə cəmləmək, monopoliya yaratmaqdır.

Laboratoriyaların işinə xitam verilməsi qida müəssisələrini Q.Təhməzlinin tabeliyindəki laboratoriyalardan asılı vəziyyətə gətirməyə hesablanıb. AQTA şefinin laboratoriyalarında qida təhlükəsizliyinin yoxlanılması olduqca bahadır.

Məsələn, bir pendir növünün test edilməsi azı 300 manatdır. Özəl qida laboratoriyalarında isə qiymətlər daha münasibdir.

Təsadüfi deyil ki, Qida Təhlükəsizliyi Agentliyi “Laborator sərf materiallarının satın alınması” üzrə elan etdiyi tenderdə Q.Təhməzlinin şirkətini qalib elan etmişdi. Qalib şirkət “Medeks” MMC idi. Bu mənada qida laboratoriyaları “qan ağlamağa” başlayıb.

Bir müddət əvvəl AQTAhəkimlərinin həbsi qurumdakı vəziyyətə dair buna bir nümunədir. Ondan əvvəl isə agentlik qida sektorunda əsas pay sahibi olan holdinqləri şantaj etməkdə ittiham olunurdu.

Mediada gedən xəbərlərə görə, agentlik guya ölkəyə virus olan “Tutku”, “Ozmo”, “Pop kek” və s. şirniyyatların gətirildiyi xəbərini yaymışdı.

Sonra həmin şirkətdən külli miqdarda rüşvət istədiyi iddiaları mətbuatda yayılmışdı. Bu dosye halına gələn xəbərlər Qoşqar Təhməzliyə yaxşı perspektiv vəd etmir.

Qida Təhlükəsizliyi Agentliyi yaxşı niyyətlər üçün yaradılsa da onun sədri Qoşqar Təhməzlinin yaxın ətrafının dövlət agentliyi ilə bağlı ümidləri, fikirləri, ən əsas da niyyətləri tam başqadır.

Jurnalist Eynulla Fətullayev də Q.Təhməzlini ağır şəkildə tənqid etmişdi: “Bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir.

Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.

Yada salaq ki, cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk).

Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40-da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib.

25 dekabr 2017-ci ildə cənab Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir.

Mətbuatda gedən xəbərlərə görə, AQTA-nın qarşısındakı əlahiddə missiya əhalinin qida “terroru”ndan qurtuluşu üçün şəffaf fəaliyyət olmalıydı.

Amma istehlakçıların hər gün aldadılması, saxtakarlığa yol verilməsi, mənşəyi bilinməyən malların bazarlarda ayaq açması hallarına qarşı kompleks tədbirlər həyata keçirilmir.

AQTA rəhbəri Qoşqar Təhməzlinin Avropadakı biznesinin üzə çıxması da əminlik yaratdı ki, bir çox məmurlar kimi onu da vətəndaşların həyatı yox, öz həyatı maraqlandırır.

O baxımdan marketlərdə, bazarlarda leş ət, mənşəyi bilinməyən, onkoloji xəstəlikləri genişləndirən palma yağları, istehsalçı müəssisələri sexlərdə yerləşən ağartı məhsulları Azərbaycanda əhalinin həyatını zəhərə döndərməkdədir.

Qida Təhlükəsizliyi Agentliyi yağlarla, genetik modifikasiya olunmuş məhsullarla məşğul olmur. Azərbaycanda yayılmış qorxunc xəstəliklərin ən azı 80 faizi təkcə yağla bağlıdır.

Qida Təhlükəsizliyi Agentliyi isə marketlərdə satılan yağların mənşəyi, keyfiyyəti, istehsalçısı ilə bağlı heç bir araşdırma aparmır. azırda mağazalarda “Kərim”adlı bir yağ satılır. Guya kərə yağıdır, amma kilosu 2 manat 68 qəpikdir.

İnternet resurslarında axtarış verəndə də “Kərim” adlı yağın hansı istehsalat müəssisəsinə məxsus olduğu bilinmir. Deməli, sexlərdə, zirzəmilərdə hazırlanmış, xalqın genefondunu məhv edən yağlardan biridir. Digər bir məhsul isə araşdırma zamanı “Xoman Lyuks” yağları ilə bağlı olub. Bu yağın kilosu 6 manat 74 qəpiyə satılır.

Halbuki, bazarda normal kərə yağı kimi təqdim edilən, Zellandiyadan idxal olunduğu bildirilən “Vest Qold”, “Ankor” və s. yağların kilosu 16-18 manat arası dəyişir. Bu halda sual doğurur ki, “Xoman Lyuks” yağları niyə 6 manat 74 qəpiyə satılır?

İnternetdə bu məhsul kərə yağı kimi təqdim olunur. Amma 6 manata kərə yağına “bişmiş toyuğun gülməyi gələr”.

“Kalinka” adlı yağın kilosu 4 manat, “Zolatava”yağlarının kilosu isə 4 manat 20 qəpikdir. Yəni, bu məhsulların heç birinin təmiz kərə yağı olduğuna zəmanət verilməyib. Bütün bunlar araşdırılmamış qalıb.

Ehtimal ki, prezidentin sosial blokda aparacağı islahatlar çərçivəsində AQTA-nın da fəaliyyətinə qiymət veriləcək.
Tarix: 16-12-2019, 08:52
Xəbəri paylaş





Xəbər lenti