Gömrük islahatları: sahibkar-məmur kontaktı minimuma enir


Sahibkarların önündə açılan “Yaşıl dəhliz”

2019-cu il Azərbaycanda islahat ili kimi yadda qaldı. Ölkə  prezidenti İlham Əliyev kadr islahatları ilə yanaşı çox ciddi və ictimaiyyət tərəfindən də müsbət qarşılanan struktur islahatları da həyata keçirdi. Ekspertlər hesab edirlər ki, struktur islahatlarının nəticəsində yeni bir Azərbaycan qurulmaqdadır. Qeyd etmək lazımdır ki, Azərbaycanda yeni idarəetmənin tətbiq edilməsi fonunda iqtisadi sahədə də yeniliklər müşahidə olunur. O cümlədən Azərbaycan iqtisadiyyatına, ölkə büdcəsinin formalaşmasına böyük töhfə verən gömrük orqanlarında aparılan islahatlar artıq nəticələrini verməkdədir. 

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanuna görə, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat təşkil edib. Və bu məbləğin 900 000,0 manatı təkcə gömrük rüsumları hesabına formalaşıb. Eyni zamanda Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 2 390 000,0 manat, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 380 000,0 manat təşkil edib.

Ekspertlər statistik göstəricilərdə fərqin nəzərə çarpacaq dərəcədə artımını islahatların nəticəsi kimi xarakterizə edirlər.

Dünyada məmur vətəndaş, məmur sahibkar təmaslarını artırmaq üçün elektron xidmətlərin inkişafına üstünlük verilir. Azərbaycan gömrüyündə də son zamanlar bu istiqamətdə ciddi addımlar atılır. Elektron xidmətlərin inkişafı sahibkar-məmur təmasını azaltmaqla yanaşı, şəffaflığa, rüsum və ödənişlərin birbaşa dövlət büdcəsinə daxil olmasını ideal vəziyyətə gətirir.

“Yeni Müsavat” olaraq son zamanlar Azərbaycan gömrüyündə tətbiq edilən elektron xidmətlərdən bəzilərinə nəzər salaq. Bu xidmətlər sırasında ən çox bəhs edilən “Yaşıl dəhliz” buraxılış sistemidir. Araşdırmalar göstərir ki, bu sistemin tətbiqindən sonra sahibkarlar, gömrükdən istifadə edən hüquqi şəxslər Azərbaycan gömrük orqanlarından razılıqlarını ifadə edirlər.

“Yaşıl dəhliz” ile ilgili görsel sonucu

“Yaşıl dəhliz”in mahiyyəti nədir?

“Yaşıl dəhliz” buraxılış sistemi daha sürətli sərhəd keçidi,  daha yüksək ixrac potensialı imkanı verir. Eyni zamanda  daha çevik və şəffaf gömrük nəzarəti təmin edilir. Və həmçinin qanunvericiliyə könüllü riayət olunur.

“Yaşıl dəhliz” buraxılış sistemi istifadəçilərə aşağıdakı üstünlükləri təqdim edir:

Sərhəd buraxılış məntəqələrindən prioritet keçid,

Gömrük xidmətlərindən istifadə zamanı prioritetlik,

Minimum fiziki yoxlamalar,

Gömrük ekspertizasının prioritet qaydada aparılması,

Gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması

Xarici ticarət üzrə təlimlərdə iştirak

Eyni zamanda idxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması, həmçinin gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi də mümkündür.

“Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi sayəsində idxal-ixrac əməliyyatları sadələşdirilib, bu da öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasınının sürətləndirilməsində mühüm rol oynayır. Biznes nümayəndələri artıq “Azexport” portalı və “ASAN Xidmət” vasitəsilə də gömrük xidmətlərindən yararlanır, eləcə də hazırda 25 xarici iqtisadi fəaliyyət iştirakçısı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edir. “Yaşıl dəhliz” buraxılış sisteminin gömrük-biznes əməkdaşlığı üçün mühüm addımdır. Bu gün “Yaşıl dəhliz” statusu almış şirkətlərin sayı 50-ni ötüb.

“Yaşıl dəhliz” ile ilgili görsel sonucu

Bu kimi tətbiqlər gömrükdə ciddi nəzarətin də həyata keçirilməsinə səbəb olur. Belə ki, Azərbaycan Respublikası gömrük orqanlarının 2018-ci il ərzində hüquqpozmalara qarşı mübarizə üzrə fəaliyyətinin nəticələri haqqında hesabatında qeyd edilib ki,  2018-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9672 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 747-i cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfərin (592 Azərbaycan vətəndaşı, 205 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

Aparılan islahatların nəticəsi olaraq gömrük sərhəd buraxılış məntəqələrindən sürətli keçid üzrə artım da nəzərə çarpır. Belə ki, 2018-2019-cu illərin 10 ayı ərzində (yanvar- oktyabr) gömrük sərhəd buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrinin müqayisəli statistikasını araşdırıb, artım tendensiyasının olduğunu açıq şəkildə müşahidə etdik.

2018-cı ildə 394 min 706 yük nəqliyyat vasitəsi, 754 min 469 nəqliyyat vasitəsi, 30 min 356 ədəd isə avtobus keçib. Cəmi nəqliyyat vasitələrinin sayı 2018-ci il umun 1 milyon 179 min 531 ədəd edir. 2019-cu ildə isə 460 min 830 ədəd yük nəqliyyat vasitəsi, 1 milyon 17 min 109 ədəd minik nəqliyyat vasitəsi, 37 min 141 ədəd isə avtobus keçib. 2019-cu ildə nəqliyyat vasitələrinin cəmi 1 milyon 515 min 80 ədəd edir ki, bunu da faizə çevirdikdə ortaya çıxan artım tendensiyası 29 faizdir.

Statistika göstərir ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi məqsədilə müraciətlər durmadan artır. Belə ki, indiyədək ümumilikdə 500-dək xarici ticarət iştirakçısına bu sistemdən daimi istifadə hüququ verilib.

Onu da bildirək ki, rəsmi statistikaya görə, gömrük orqanları tərəfindən cari ilin 10 ayı ərzində 3,5 milyona qədər elektron xidmət göstərilib. Bu isə 3.5 milyon əməliyyatda vətəndaş məmur təmasının minimuma endirilməsi deməkdir.

“Yaşıl dəhliz” ile ilgili görsel sonucu

Kənd təsərrüfatının qarşısında açılan “Yaşıl dəhliz”

“Yaşıl dəhliz” sisteminin tətbiqi kənd təsərrüfatımızdakı artımda da böyük rol oynayır. Belə ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb. O cümlədən, cari ilin birinci yarısında bitkiçilikdə 25,6 faiz, heyvandarlıqda 2,9 faiz artıma nail olunub.

Kənd təsərrüfatında müşahidə olunan yüksək inkişaf tempi bu sahənin ÜDM-də payının artmasını da şərtləndirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,6 faiz təşkil edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov özü də tədbirlərin birində söyləyib ki, ötən il sahibkarlara yaşıl dəhlizdən daimi istifadə hüququnun verilməsi, məhsulların xarici bazarlara çıxarılmasını daha da asanlaşıb. Bu islahatların mərkəzində Azərbaycan fermeri durur. “Yaşıl dəhliz”dən istifadə kənd təsərrüfatı məhsullarının gömrük- keçid məntəqələrindən sürətli keçidini təmin edir və məhsullar daha keyfiyyətli şəkildə xarici bazarlara çatdırılır. Bu da məhsullarımızın rəqabət qabiliyyətini artırmış olur. Nəticədə fermerlərimiz daha çox gəlir əldə edir, onların sosial durumu yaxşılaşır. Xüsusən tərəvəz və meyvə ixracında biz bunu hiss etmişik. Bu ilin ixracı ötən illə müqayisədə əsaslı sürətdə artıb. Fermerlərə verilən bu imkan aqrar məhsulların ixracını artırmaqla yanaşı, “Yaşıl dəhliz”in tətbiqi ölkəmizin logistik imkanlarını da artırmış olacaq.

“Yaşıl dəhliz” ile ilgili görsel sonucu

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi yaxın günlərdə “Elektron növbə” sisteminin tətbiqinə də başlayıb.  Dövlət Gömrük Komitəsinin layihənin  tətbiqində məqsədi  gömrük-sərhəd keçid məntəqələrində sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etməkdir. “Elektron növbə” layihəsi daha rahat və sürətli keçid imkanı yaradır.

Layihəyə əsasən 3 növ xidmət təklif olunur:

“Elektron növbə” (e-növbə);

“Sürətli keçid” (Fast Track);

“CİP xidmətləri”.

Sistem haqqında yazılanlardan belə nəticəyə gəlmək olur ki,  “Elektron növbə” sisteminin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir.

Təsadüfi deyil ki, “Doing Business 2020" hesabatında ”Sərhəddə ticarət" indikatoru üzrə bu il ölkəmiz bir pillə irəliləyib. Mütəxəssislər hesab edirlər ki,  sərhədkeçmə proseslərinin sürətləndirilməsi, vaxt və məsrəflərin azaldılması istiqamətində yeni layihələrin hazırlanaraq həyata keçirilməsi ticarəti asanlaşdırmaqla yanaşı, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəlməsinə təkan verəcək və bu istiqamətdə yeni yanaşmalar ortaya qoyulmalıdır.

“Yeni Müsavat”a gömrükdəki son islahatlarla bağlı danışan sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov bildirib ki, gömrük sferasından pozitiv gözləntilər çoxdur:

“İqtisadiyyata fayda verə biləcək  idxal-ixrac əməliyyatlarının olmasını hər kəs istəyir. Son zamanlar bu istiqamətlər üzrə islahatlar aparılır. İslahatlara qədər milyonlarla vəsait ayrı-ayrı məmurların  cibinə gedirdi. İndi isə bunun qarşısı alınıb. Qeyd etdiyim kimi, bunlar pozitiv məqamlardır. Mən tez-tez iş adamları ilə təmasda oluram. Onların gözləntiləri daha çoxdur. Həmçinin ölkə prezidentinin də gömrükdən gözləntiləri böyükdür. Gömrükdə son zamanlar ciddi kadr islahatları da gedir. Sistemin daha dəqiq mexanizm kimi fəaliyyət göstərməsi buradakı istənilən tərəfin rəğbətinə səbəb olur. Bu gün heç də hamı o fikirdə deyil ki, gömrükdə hər şey düzəlib. Ona görə də gömrük sahəsində islahatlar davam etməli, məmur-sahibkar təması minimuma endirilməlidir. Bu, cənab prezidentin ”ASAN Xidmət" vasitəsilə Azərbaycanda illərlədir ki, inkişaf etdirdiyi bir sistemdir. Söhbət hərtərəfli şəffaflıqdan gedir. Təbii ki, iş adamlarının məmnunluğuna qədər islahatları davam etmək lazımdır. Bütün bunlar olduqdan sonra cəmiyyətdə hər kəs gömrükdən razı qalacaq. Hər kəs qanun çərçivəsində istədiyini ölkəyə gətirib, ölkədən apara biləcək. Bu isə bütövlükdə ölkə iqtisadiyyatına bir çox töhfələr verəcək".

Ekspert bildirib ki, bu gün aparılan islahatlar kifayət qədər nəticələrin yaranmasına səbəb olur: “Ancaq qətiyyən bunun son olduğunu demək mümkün deyil. Qarşıda hələ çox işlər var ki, biz bunları etməklə gömrük işini qeyd etdiyimiz yüksək standartlara gətirib çıxara bilərik. Bəzən sistemi nə qədər yaxşılaşdırıb islahatlar aparsan da, hansısa kiçik bir hərəkət bütövlükdə bir adamın deyil, onlarla adamın baxışlarında neqativliyə səbəb ola bilir. Ona görə də, kiçik də olsa, yanlış hərəkətə yol vermək olmaz. Sərhəd keçid məntəqələrində operativliyin, sənədlərin yoxlanılmasının ideal səviyyəyə qədər gəlib çıxmasına ehtiyac var”.

Astara Gömrük postunda olduğumuz zaman orada sərhəddən keçən bir neçə vətəndaşla da söhbət edib, görülən işlərlə bağlı fikirlərini aldıq. İrandan Azərbaycana keçən şəxslər bildirdilər ki, son zamanlar aparılan işlərin nəticəsini onlar da hiss edirlər. Bildirdilər ki, xüsusilə də sərhəddə ləngimələr əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Bütün bunların nəticəsində söyləmək olar ki, insanlar artıq islahatların yaratdıqları şəraitdən məmnundurlar və onlar digər mövcud problemlərin də zamanla aradan qalxacağına ümid edirlər.

Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün dərc olunur.

Əli HÜSEYNOV

Tarix: 21-12-2019, 09:41
Xəbəri paylaş





Xəbər lenti