""Azəriqaz" SOCAR-ın tərkibindən çıxarılacaq, iki vitse-prezident isə vəzifədən gedəcək" - Komitə sədri dəyişiklik anonsu verdi


img



SOCAR-da yanvar ayından islahatlar gözlənilir.

 

Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı açıqlama verib.

 

O bildirib ki, yanvar ayında "Azəriqaz" İB SOCAR-ın tərkibindən çıxırılacaq: "Bu qurum, yəni "Azəriqaz" müstəqil təşkilat kimi fəaliyyət göstərəcək.

 

Bundan əlavə, SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın İskəndərovun səlahiyyəti artırılacaq. Belə ki, Yaşar Lətifovun hazırda rəhbərlik etdiyi "Yataqların işlənməsi üzrə vitse-prezident"  postu ləğv olunacaq və onun kurasiya etdiyi sahə Daşqın İskəndərovun nəzarətinə veriləcək".

 

Mirvari Qəhrəmanlı xatırladıb ki, D.İskəndərovun "Azneft" İB-nin Baş direktoru olduğu dövrlərdə rəhbərlik etdiyi sahədə 11 faciəli qəza hadisəsi baş verib: "Orada Əmək Məcəlləsinin müxtəlif maddələrinin pozulması nəticəsində 120-dək işçinin həlak olması dövrü mətbuatda yazılıb..." .

 

M.Qəhrəmanlı başqa bir vitse-prezidentin də yaşla bağlı təqaüdə göndəriləcəyini bildirib.

 

Xatırladaq ki, Daşqın İskəndərov bu ilin dekabrın 3-də "Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsindən çıxarılaraq, SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. O, bu vəzifədə təqaüdə göndərilən Rəhman Qurbanovu əvəzləyib. 

 

 "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev isə bu ilin noyabr ayının 1-də vəzifədən çıxarılaraq, SOCAR-ın Qaz İxrac İdarəsinin rəisi təyin olunub. "Azəriqaz” İB-yə isə qurumun Baş direktorunun müavini Ruslan Əliyev  rəhbər təyin edilib. 

 

Onu da qeyd edək ki, SOCAR-da hazırda 13 vitse-prezident postu var.

Tarix: 22-12-2019, 23:05
Xəbəri paylaş





Xəbər lenti