“Çoxsaylı cərimələr kütləvi sosial narazılığa gətirib çıxara bilər” - QUBAD İBADOĞLU



“Çoxsaylı cərimələr kütləvi sosial narazılığa gətirib çıxara bilər” - QUBAD İBADOĞLU

“Sığorta şirkətlərinin ləng fəaliyyəti ucbatından əhalini davamlı cərimələr gözləyə bilər”

 “Azərbaycanda 2011-ci il iyulun 24-də qəbul edilən "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanun dünəndən tətbiq olunmağa başlayıb”. Hurriyyet.org xəbər verir ki, sözügedən qanunla bağlı Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu fikirlərini bölüşüb.

Q. İbadoğlu qeyd edib ki, qanuna görə, üzərində hüquqların dövlət qeydiyyatı aparılan bütün növ daşınmaz əmlak məcburi surətdə sığorta olunmalıdır: “Bir illik İcbari sığorta haqqı sahəsindən asılı olmayaraq, bütün növ daşınmaz əmlak üçün Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində 30 manat müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə (469.1-ci maddə) əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə, cərimə 30 manat təşkil edir. Cərimə edildikdən 2 gün sonra o, daşınmaz əmlakı sığortalamasa, yenidən və hər 20 gündən bir eyni məbləğdə cərimə olunacaq”.

Hazırda 22 sığorta və təkrarsığorta şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdıran İbadoğlu onlardan 12-sinin daşınmaz əmlakı sığorta etmək üçün lisenziyası olduğunu bildirib.

““Daşınmaz əmlakın icbari sığortası haqqında” qanunun tətbiqinə moratorim qoyulsun və ya təxirə salınsın”

Q. İbadoğlu onu da nəzərə çatdırıb ki, ölkədə 2019-cu ilin oktyabr ayının 1-ə olan məlumata görə, mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 2051330-a çatır: “Bu isə o deməkdir ki, daşınmaz əmlakın sığortası bütün şirkətlər üzrə bərabər paylanarsa, hər bir şirkətə orta hesabla 170 445 sığorta müqaviləsi imzalamaq lazımdır. Qısa zaman ərzində bu qədər müqaviləni imzalamaq üçün infrastruktura və işçi potensialına malik olmayan sığorta şirkətlərinin ləng fəaliyyəti ucbatından əhalini davamlı cərimələr gözləyə bilər. Kütləvi cərimələnmə hallarının qarşısını almaq üçün sığorta müqaviləsinin on-line müraciət sistemi yaradılmalı, internet üzərindən həyata keçirilən sifarişlər qısa zamanda icra olunmaqla, daşınmaz əmlakın icbari sığortasına dair şirkətlər tərəfindən imzalanan müqavilələr qarşı tərəfə poçt vasitəsilə çatdırılmalıdır. Ona görə, təklif edirəm ki, bu sistem qurulana qədər “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanunun tətbiqinə moratorim qoyulsun və ya təxirə salınsın. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığa gətirib çıxara bilər. Çünki şirkətlərin korporativ maraqlarını təmin edən bu qanun qısa bir zamanda ev təsərrüfatlarının xərclərini 80 milyon manatdan çox artıra bilər”.


Tarix: 3-01-2020, 21:38
Xəbəri paylaş





Xəbər lenti