Virus qlobal böhran təhlükəsi yaradır – DÜNYA ÇƏTİN DURUMDA


Virus qlobal böhran təhlükəsi yaradır – DÜNYA ÇƏTİN DURUMDA

Koronavirusun yayılması ilə əlaqədar Çin və digər ölkələrin üzləşdiyi iqtisadi itkilərin həcmi 2020-ci ilin birinci rübündə 280 milyard dollara çata bilər.

Qeyd edilən açıqlamanı Britaniyanın “Capital Economics” konsaltinq şirkəti yayıb. Bildirilir ki, vəziyyət belə davam edərsə, 2009-cu ildən bəri dünya iqtisadiyyatında ilk dəfə olaraq, rüblük müddətdə ümumi daxili məhsulda artım baş verməyəcək.

Qısa müddətli təsirinə görə, mütəxəssislər Çində koronavirusun yayılmasını nəqliyyat, turizm və digər sahələrdə yaratdığı ardıcıl məhdudiyyətlərə görə 2008-ci ilin qlobal maliyyə böhranı nəticəsində baş verən qlobal resessiyalarla müqayisə edib. “Capital Economics”in eksperti Saymon Makadam bildirib ki, şirkətin qiymətləndirmələri virusun yayılmasının tezliklə dayana biləcəyi və iqtisadi itkilərin 2020-ci ilin sonrakı rüblərində artım tempi ilə qismən qarşılanacağı ehtimalı əsasında aparılıb. Saymon hesab edir ki, proses bu ssenari üzrə gedərsə, koronavirus yalnız qlobal iqtisadiyyatın böyüməsini ləngidəcək, ancaq onu dayandırmayacaq. Koronavirusun yayılması ilə əlaqədar Çində və dünyanın digər ölkələrində işgüzar fəallığın azalması nəticəsində təxmin edilən zərərin daha dəqiq hesablanması, çox güman ki, bu ilin mart ayının əvvəlində, o cümlədən Çində ticarətlə bağlı 2020-ci ilin yanvar və fevral aylarına dair məlumatların açıqlanmasından sonra aparılacaq.

Çin hökuməti ilin ilk iki ayı üçün məcmu məlumatların elan edəcəyini bildirsə də, yanvar ayı üçün ticarət statistikasının yayımlanmasını ləğv etmək qərarına gəlib.

Maraqlıdır, 2020-ci ildə ölkələrin üzləşdiyi iqtisadi itkilərin həcmi çox ola bilərmi? Ümumiyyətlə, bu itkilər cari ilin ikinci rübündə də davam edəcəkmi?

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, Çindəki məlum epidemiya ilin başlanğıcından geniş yayılıb:

“Hələlik hadisələrin gedişatının hansı sonluqla nəticələnəcəyini öncədən proqnoz etmək çox çətindir. Doğrudur, ilkin göstəricilər artıq virusun dünya iqtisadiyyatı üçün mənfi nəticələri aşkar görünür. Həm neftin qiyməti enib, həm fond birjalarına böyük şirkətlərin səhmlərində, həm də aparıcı indeks göstəricilərində kəskin enmələr qeydə alınıb. Müəyyən mənada bu enmələr səngiyib, amma vəziyyət heç də yaxşı deyil. Ümumiyyətlə, bu ilin birinci rübündə, eləcə də ilin birinci yarısında Çinin ümumi daxili məhsul (ÜDM) istehsalında kəskin eniş qeydə alınacağı gözlənilir. Çinin ticarət dövriyyəsinin də məhdudlaşacağı gözlənilir. Çin dünya iqtisadiyyatı üçün aparıcı dövlət olduğu üçün proses dünya bazarlarına avtomatik olaraq təsir edəcək. Bunun ilkin nəticəsidir ki, əsas strateji məhsul olan neftin qiyməti uzun müddətdir 60 dollardan yuxarı olsa da, qısa müddət ərzində 54-55 dollara enib. Bütün bunların da ümumən dünya iqtisadiyyatı üçün rəqəmlə ifadədə hansı itkilərə gətirib çıxaracağını əvvəlcədən söyləmək çox çətindir”.

Analitik məlum vəziyyətin hədsiz dərəcədə dərinə gedəcəyini gözləmədiyini də qeyd edib:

“Bu ilin birinci rübünün sonuna yaxın bir çox məqamlar aydın olacaq. Növbəti ayın birinci ongünlüyündə ölkələrin üzləşdiyi iqtisadi itkilər haqqında konkret proqnoz deyə bilərik. Mümkün deyil ki, koronavirus fəlakəti Çin iqtisadiyyatını faciəvi sonluqla bitirsin. Çin iqtisadiyyatının hədsiz dərəcədə tənəzzülə uğramasında, hətta onunla rəqabət aparan ABŞ, o cümlədən Avropa İttifaqı və Böyük Britaniya ölkələri üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hesab edirəm ki, bu ajiotajın aradan qalxmasında dünya iqtisadiyyatının aparıcı ölkələri Çinlə birlikdə müvafiq addımlar atacaq”.

Yeganə Oqtayqızı

Tarix: 12-02-2020, 08:11
Xəbəri paylaş





Xəbər lenti