“Hökumət əhalinin sağlamlığını deyil, büdcəni doldurmağı düşünür”


“Hökumət əhalinin sağlamlığını deyil, büdcəni doldurmağı düşünür”

Gələn aydan xarici istehsal spirtli içkilərin qiymətləri qalxacaq və bu, nələrə səbəb olacaq?

 

Bu ilin əvvəlində ölkəyə idxal olunan spirtli içkilər üçün aksiz vergiləri artırıldı. İndi xaricdən gələn spirtli içkilərin yenidən bahalaşması dövrüdür, baxmayaraq ki, onların qiyməti istehlakçıları qane etmir.

 

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda buğdadan hazırlanan pivənin idxalında aksiz vergisi bir litr üzrə 1,7 manatdan 1,9 manat qədər artıb. O cümlədən, üzümdən hazırlanan təbii şərabın idxalı üzrə aksiz dərəcəsi 3,5 manatdan 3,6 manata, şampan üçün 5 manatdan 5,1 mananata qalxıb. Spirtli içkilərin bir litrinin aksiz dərəcəsi (ən azı 80% spirt olan denaturatlaşdırılmış etil spirti daxil olmaqla) 4 manatdan 5,2 manata qədər artırılıb. Viski, rom, cin, araq, likör və digər spirtli içkilər üçün - 10 manatdan 11,2 manata qədər artım olub. Tərkibində 9% -dən az olan alkoqollu içkilərin aksiz dərəcəsi 1,9 manat səviyyəsində müəyyən edilir.

 

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov qərarın martın 19-da qüvvəyə minəcəyini deyib: “Bu məhsulların istehlakçıların büdcə xərclərində müəyyən bir payı var, yəni onun artması büdcə gəlirlərinin azalmasına səbəb olacaq. Lakin, məsələn, spirt tərkibinin 9% -dən az olduğu spirtli içkilərin vəziyyətini nəzərə alsaq, heç də ürəkaçmayan mənzərə ilə qarşılaşırıq. Gömrük rüsumu üçün 3,4 manat (2 ABŞ dolları) və aksiz rüsumu üçün 1,9 manat artım o deməkdir ki, 1 litr spirtli içkinin qiymətində 5,3 manat bahalaşma olacaq. Bu, çox böyük məbləğdir və bəzi xarici firmalar bazardan çıxa bilər. Çünki Azərbaycanda istehlak gücü hələ də yüksək səviyyədə deyil və spirtli içkilər elə də vacib məhsul hesab olunmur”.

İqtisadçının sözlərinə görə, aksiz vergilərinin artırılması barədə qərarın rasionallığı təhlil tələb edir: “Yerli istehsalçılar da spirtli içkilərin qiymətlərini qaldıra bilər və spirtli içkilərin bazarında uyğun olmayan vəziyyətə düşə bilərik”.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev hesab edir ki, hökumət bu addımı atmaqla əhalinin sağlamlığını deyil, büdcəni doldurmağı düşünür: “İnsanların əksəriyyəti qiymətlərin artmasına baxmayaraq, adət etdikləri içkini dəyişmir. Onlar öyrəşdikləri və bəyəndiklərini alacaqlar. Məsələn, mağazalarda çoxlu sayda Ukrayna araqları var və onlara tələbat çoxdur. Ancaq bazarda digər ölkələrdən olan daha keyfiyyətsiz və saxta spirtlər də görünə bilər. Rusiyanın Dağıstan və İnquşetiya kimi bölgələrində çoxlu sayda saxta spirt məhsulları istehsal olunur”.

 

“Qiymə artımı saxta məhsulların bazarda mövqeyini möhkəmləndirəcək. Saxta malların bazara girməsi və kafe-restoran, şadlıq evləri sahiblərinin saxtakarlıq etməməsi üçün buna müvafiq qurumlar nəzarət etməlidir”, - Ağayev bildirib.

 

AYNA-ya danışan iqtisadçı-ekspert Fuad Əlizadə isə o fikirdədir ki, idxal olunan alkoqollu içkilər üçün aksiz vergilərinin artırılması yerli şərabçılığın inkişafına dəstək verəcək və onu daha rəqabətli edəcək: “Biz bazarımızı qoruyuruq, amma idxalda qiymət artımı yüksək olmamalıdır, əks təqdirdə qaçaqmalçılıq baş alıb gedəcək. Məncə, biz artıq məqbul səviyyəyə çox yaxınlaşmışıq. Qiymətləri artırmağa davam etsək, xəzinəyə gəlir gətirmək əvəzinə, alkoqol üçün kölgəli bazar səbəbindən problemlər yaradacağıq”.

 

“Vətəndaşların maddi imkanları yaxşılaşıb, xarici və yerli olmasından asılı olmayaraq, ən yaxşısını almağa can atırlar. Bu, yerli istehsalçıları keyfiyyəti artırmağa və məhsulu münasib qiymətə satmağa həvəsləndirməlidir. Öz şərabımızı xaricə, xüsusən də Çinə ixrac edə bilərik. Düzdür, koronavirusla bağlı vəziyyət hər şeyi çətinləşdirdi. Rusiya da bizim üçün perspektivli bazardır. Ümumiyyətlə, yüksək keyfiyyətli spirt həmişə öz alıcısını tapır”, - Əlizadə vurğulayıb.

Şərab istehsalçısı Nadir İsmayılovun sözlərinə görə, idxal məhsullarından qabaq yerli spirtli içkilərin aksiz vergiləri artırıldığı üçün, onların arasında yenə əvvəlki kimi qiymət fərqi olacaq: “Bir çox insanlar deyirlər ki, xarici və yerli şərab arasında qiymətdə elə də böyük fərq yoxdur. Bunun səbəbi Avropadan ən ucuz şərabın gətirilməsidir. Və istehlakçımız, bir qayda olaraq, şərabın keyfiyyətini başa düşmür və xaricdən gələnin həmişə daha yaxşı olduğunu düşünür. Bizim satış mərkəzlərimizdə satılan şərabın bir şüşəsi Qərbdə 2-3 avrodur. Bahalı xarici şərab dükanlarımızda elə də populyar deyil. Onları, adətən restoranlar alır”.

 

“Xarici spirtli içkilərin qiymətinin bahalaşması, həm yerli, həm də xarici istehlakçıların etimadını qazanmağın lazım olduğunu başa düşən yerli istehsalçıları sakitləşdirməyəcək. Şərabçılarımız bu işdə irəliləyiş əldə edirlər. Mən Azərbaycan Şərabçılar Birliyinin üzvü olaraq bu irəliləyişi görürəm. Beləliklə, bu il Azərbaycan şərabı Moskvadakı “Prodexpo” sərgisində geniş şəkildə təqdim olundu və mütəxəssislərin müsbət rəylərini aldı”, - İsmayılov əlavə edib.

Tarix: 22-02-2020, 15:58
Xəbəri paylaş





Xəbər lenti