Dünya iqtisadiyyatı “pandemik” zərərə doğru

 

İqtisadçı-alim: “Epidemiya Neft Fondunun aktivlərini də ”vurur""

Dünya birliyi koronavirusun pandemiyaya çevrilməsinə hazır olmalıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus “Twitter”dəki səhifəsində yazı paylaşıb: “Hazırda ”pandemik" sözünü işlətmək faktlara uyğun gəlməsə də, mövcud vəziyyət, əlbəttə ki, qorxu yaratmalıdır. Dünyamız ikiqütblü, yaxud ağ-qara deyil. Biz səylərimizi əngəlləməyə yönəltməli və pandemiya ehtimalına hazır olmaq üçün əlimizdən gələni etməliyik".

Koronavirusa qarşı universal çarənin olmadığını qeyd edən təşkilat rəhbəri hər ölkənin konkret vəziyyətə görə təhlükəni qiymətləndirməsinin vacibliyini diqqətə çatdırıb.

Dünya Bankının hesablamalarına görə, 2018-ci ilin nəticələri üzrə mal və xidmət ixracatı 2,7 trilyon dollar, idxalı isə 2,6 trilyon dollar olan Çin dünya ixracatında birinci, idxalatında isə ikinci yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun məlumatına görə isə Çin bəzi əmtəələr üzrə qlobal tələbatın 50 faizindən çoxuna sahibdir. Məsələn, dünya üzrə sement istehlakının 59 faizi, nikel istehlakının 57 faizi, mis, polad və daş kömür istehlakının 50 faizi Çinin payına düşür.

Belə bir həcmə malik ölkənin - iqtisadiyyatın azca da olsa zəifləməsi bütün dünya iqtisadiyyatına mənfi təsir etmək gücündədir. Buna görə də Çində virus epidemiyası üzündən qeyri-müəyyənliyin başlanması ilə dünya bazarında neft 15 faiz, mis isə 8,4 faiz dəyər itirdi. Analitiklər hesab edirlər ki, xüsusilə misin dəyərsizləşməsi qlobal iqtisadiyyat üçün ciddi təhlükə siqnalıdır. Belə ki, dünya sənayesində külli miqdarda məhsulun istehsalında misdən istifadə edilir. Buna görə misə tələbatın artıb-azalması dünya analitik mərkəzləri tərəfindən qlobal iqtisadiyyatda inkişaf və durğunluq, yaxud geriləmənin əsas əlamətlərindən biri kimi qəbul edilir. Misin qiymətinin enməsi isə adətən dünya iqtisadiyyatında geriləmənin göstəricisi sayılır.

Çinlə bağlı proqnozlar bədbinləşir

Virusun Çin iqtisadiyyatına mənfi təsirləri barədə rəylər getdikcə daha bədbin notlara yönəlir. Belə ki, Mood’s Beynəlxalq Reytinq Agentliyi ötən həftə cari il üçün Çindəki iqtisadi artım proqnozunu 5,8 faizdən 5,2 faizə, S&P isə 5,7 faizdən 5 faizə endirib.

Virus yayılandan bəri Çindən kənara 85 mindən yuxarı təyyarə reysi ləğv edilib. Bu, Çindən ümumi uçuşların üçdə biri deməkdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) məlumatına görə, uçuşların təxirə salınması nəticəsində bu ilin birinci rübündə qlobal hava nəqliyyatının gəlirləri 4-5 milyard dollar azalacaq.

Beynəlxalq Hava Nəqliyyatı Birliyi isə Covid-19 təhlükəsinin Asiyanın hava nəqliyyatı şirkətlərinə olan tələbi 13 faiz azaltmaqla, dünya hava yükdaşıma şirkətlərinin 29 milyard dollar zərərə düşməsinə gətirəcəyini açıqlayıb.

Koronavirusun dünya turizminə vurduğu zərərin ən yaxşı halda 2021-ci ildə aradan qalxacağı gözlənilir. Çin və digər Asiya ölkələrinə bu il üçün planlaşdırılmış səyahət paketlərinin 75 faizindən çoxu artıq ləğv edilib. İCAO-nun hesablamalarına görə, bu ləğvetmələrdən ilin birinci rübündə Yaponiya 1,3 milyard dollar, Tailand isə 1,2 milyard dollar itirəcək.

Virusun yayılması Çində fəaliyyət göstərən beynəlxalq şirkətləri də ciddi zərərlə üzləşdirir. KFC, Pizza Hut, Starbucks və McDonalds şəbəkələri Çində minlərlə restoranlarını bağlayıblar. Açıq olanlarda isə təchizat problemlərinə görə normal fəaliyyət mümkün deyil.

"Apple" planlaşdırılan 63-67 milyard dollarlıq gəlir hədəfinə virusa görə nail ola bilməyəcəyini açıqlayıb. "Hilton" hotellər şəbəkəsi isə Çində olan 150-dək hotelindəki 33 min otağın bağlı olduğunu, Nike Çindəki mağazalarının yarısını bağladığını, qalan mağazalarda isə alışın çox zəiflədiyini elan edib.

Milyarderlər 1 gündə 140 milyard dollar itirdilər

Fevralın 24-də isə ABŞ fond birjaları kotirovkaların kəskin enişi ilə bağlanıb. London fond birjasının əsas indeksi olan FTSE100 3,3 faiz, alman Dax-ı 4 faiz, Fransa CAC40-ı 5 faiz, HonqKonq Hang Seng-i 1,79 faiz, Yaponiyanın Nikkei  indeksi isə 0,39 faiz dəyər itirib. Birjalarda bu kəskin enişin səbəbi Çindən kənarda koronavirusun geniş yayılması (İtaliya, Cənubi Koreya, İran) olub. Dünən səhərin məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 80 mini, ondan ölənlərin sayı isə 2700-ü keçib. Analitiklər hesab edirlər ki, kəskin eniş fond bazarlarının indiyədək koronavirusun dünya iqtisadiyyatına təsirlərini olduğundan daha aşağı qiymətləndirməsi, yalnız bu həftədən etibarən təhlükənin miqyasını dəqiq müəyyən edə bilməsi ilə bağlıdır. Belə ki, Çinlə bağlı olan külli miqdarda ticarət əlaqələri dağılır, digər sahələrdə hətta ən yaxın dövrlə bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır.

Fond birjalarındakı çöküş dünya milyarderlərini ciddi itkilərə məruz qoyub. Belə ki, “Bloomberg”in hesablamalarına görə, səhmlərin dəyərsizləşməsi dünyanın 500 ən varlı adamının 140 milyard dollar itirməsinə səbəb olub. Bu, 2016-cı ilin oktyabrından bəri ən böyük itkidir.

Dünya milyarderləri arasında ən çox itkiyə Fransanın LVMH(Louis Vuitton Moet Hennessy) şirkətinin baş direktoru Bernar Arno və “Amazon”un sahibi Ceff Bezos məruz qalıb - hərəyə 4,8 milyard dollar. Facebook-un sahibi Mark Zukerberq 3,48 milyard dollar, Google-un yaradıcılarından biri olan Larri peyc isə 2,7 milyard dollar itiriblər.

Dünya 500-lüyünə dair olan Rusiya milyarderlərindən ən çox zərəri “LUKoil”in prezidenti Vahid Ələkbərov çəkib - 1,21 milyard dollar. “Novatek”in başçısı Leonid Muxelson 692 milyon, “LUKoil”in vitse-prezidenti Leonid Fedun isə 508 milyon dollar zərərə düşüblər.

Bütün bu neqativlərin fonunda bəzi ümidverici məlumatlar da yayılmaqdadır. Belə ki, Çində koronavirusla bağlı ağır stabil vəziyyətin yaranması bəzi beynəlxalq şirkətlərin aktivləşməsinə səbəb olub. Məsələn, ABŞ-ın “Apple” şirkəti koronavirusa görə Çində bağladığı 42 mağazasının 69 faizini və ya 29-nu yenidən açıb. Xarici mətbuatın yazdığına görə, açılan mağazaların əksəriyyətində məhdud iş saatları tətbiq olunacaq. Qeyd edək ki, “Apple” koronavirusun yayılmasını nəzərə alaraq fevralın əvvəlində regiondakı mağazalarını bağlamaq qərarına gəlmişdi.

Daha bir müsbət xəbər ondan ibarətdir ki, “Toyota Motor” Çinin Siçuan əyalətinin paytaxtı Çenqdu şəhərindəki müəssisəsini işə salıb. Bununla da şirkətin Çində yeni koronavirusun yayılması ilə bağlı fəaliyyəti daha əvvəl dayandırılmış 4 müəssisəsi yenidən işə salınmış olub (Report).

Xatırladaq ki, “Toyota”nın Çanqçun, Quanjou, Tiancin şəhərlərindəki daha üç müəssisənin fəaliyyəti keçən həftə bərpa edilib. Bununla belə, karantin işləri ilə bağlı istehsalat zəncirlərinin hələ də bərpa olunmaması üzündən müəssisələr gücünün 50 faizi səviyyəsində çalışır.

Bundan əvvəl “Nissan Motor”, “Honda Motor”, “Mazda Motor” da Çindəki müəssisələrini tam və ya qismən işə salıblar.

Səhm bazarındakı enmə Azərbaycanın valyuta ehtiyatlarını azaldır

Bu müsbət xəbərlərə baxmayaraq, dünya xammal bazarında durğunluq davam edir. Bu isə əsas xammallardan biri olan neftin qiymətində azalmaya səbəb olur. Son məlumatlara görə, dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,64 dollar azalaraq 57,57 dollar təşkil edib. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan 55 dollarlıq həddə çox yaxın məbləğ olsa da, ekspertlər yaxınmüddətli dövrdə büdcənin təmin olunması ilə bağlı ciddi problemin yaranacağını gözləmirlər. Lakin qeyd etdiyimiz kimi, koronavirus epidemiyası yalnız neft deyil, dünya səhm bazarlarını da vurmaqdadır. Əgər neftin ucuzlaşması gözlənilən gəlirlərimizi azaldırsa, səhm bazarındakı çöküş neft pullarının toplaşdığı Dövlət Neft Fondunun aktivlərinə ciddi mənfi təsir göstərir.

Qubad İbadoğlu ile ilgili görsel sonucu

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, koronavirusun Çin sərhədlərini aşıb dünyanın 30-dan çox ölkəsinə yayılması səhm bazarlarında təlatümlər yaradıb. Belə ki, dünyanın aparıcı Dow Jones sənaye indeksi özünün 124 illik tarixində 3-cü ən pis gününü yaşayıb, bir gündə indeks 1031 xal və ya 3,56 faiz dəyər itirib: “Bu, digər indekslərə, o sıradan da Dövlət Neft Fonunun (DNF) səhmlərinə də neqativ təsir göstərib. Belə ki, dünən Neft Fondunun səhmlərinə malik olduğu ”Standard and Poor’s 100" indeksi 11.86 xal və ya 3,35 faiz, eləcə də “MSCI Europe ex UK” indekis 1.0850 xal və ya 4,11 faiz dəyər itirib. Bununla yanaşı, Fondun Rusiya Federasiyasının aparıcı banklarından biri olan VTB bankının səhmləri, habelə Məsuliyyətli Cəmiyyətinə olan investisiyalarıına risklər artmaqdadır".

İqtisadçı-alim bildirir ki, digər tərəfdən, Neft Fondunun 29 milyard 621,3 milyon ABŞ dolları borc öhdəlikləri və pul bazarları alətləri ABŞ dolları, avro, ingilis funt sterlinqi, Avtraliya dolları, Türkiyə lirəsi və Çin yuanında ifadə olunan aktivlərə yatırılıb: “Bu portfelin avro, ingilis funt sterlinqi, Türkiyə lirəsi və Çin yuanında olan hissəsi də məzənnə fərqinə görə dəyərsizləşir. Nəhayət, onu qeyd etmək istərdim ki, son günlər DNF-nin strateji altportfelinə daxil olan qızılın qiymətində bahalaşma müşahidə olunur. Neft Fondu baş verənlərə qarşılıq olaraq hərəkətə başlamışdır. Hesab edirəm ki, ilk növbədə ”Brexit" və koronavirusun təsirlərini nəzərə alaraq valyuta portfeli yeniləşdirilməli, xüsusilə də Çin yuanında, Türk lirəsində, rus rublunda olan aktivlər riskli bazarlardan geri çəkilməli, avronun və ingilis funt sterlinqin yekunda payı aşağı salınmalıdır".


“Yeni Müsavat”

Tarix: 26-02-2020, 09:35
Xəbəri paylaş





Xəbər lenti