Avro və dollar “üz-üzə”: “Savaşı” kim qazanacaq?


Avro və dollar “üz-üzə”: “Savaşı” kim qazanacaq?

Koronovirusun yayılmasının təsiri altında dünyada baş verən iqtisadi proseslərin - neftin kəskin ucuzlaşması, idxal-ixrac əməliyyatlarının azalması, bir sıra istehsal müəssisələrinin qapadılmasının fonunda valyuta məzənnələri də dəyişməkdə davam edir.

Aparıcı valyuta məzənnələrində ciddi fərqlər yaranır. Neft istehsal edən bir sıra ölkələrin valyutalarında eniş müşahidə olunmaqdadır ki, bu da neftin qiymətinin ucuzlaşması ilə bağlıdır.
Bu arada avronun da dollar qarşısında ucuzlaşması müşahidə olunub. Avro/dollar məzənnəsi qısa müddətdə 1,8% düşərək 1.1069 səviyyəsinə geriləyib. Məlum olduğu kimi, Avropa Mərkəzi Bankı (AMB, ECB) uçot dərəcəsi üzrə faizlərin sabit saxlanılması haqda qərar qəbul edib. Bu qərar sərmayəçilərin gözləntilərini doğrultmayıb. Belə ki, AMB-nin 0, 1 bənd faiz endirimi ilə bağlı qərar verəcəyi gözlənilirdi.

Bank əsas pul siyasəti faizini 0%-də, marjinal faiz nisbətini 0.25%-də, depozit faizini də mənfi 0.5%- də saxlayıb. AMB ilin sonuna qədər əlavə 120 milyard avroluq qiymətli kağız alışı planlaşdırır. Bu qərarın isə Avro bölgəsini durğunluğa girməkdən xilas edə bilməcəyi ilə bağlı fikirlər mövcuddur.

Avronun dollar qarşısında ucuzlaşması davam edəcəkmi?

İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Avropa Mərkəzi Bankının, Federal Ehtiyat Sisteminin, eləcə də digər ölkələrin, məsələn, Britaniya Mərkəzi Bankının qəbul etdiyi qərarlar cari iqtisadi konyukturun formalaşdırdığı təsirlər altında qəbul olunub:

“Burada nə koronavirusun yayılmasının, nə də qlobal iqtisadiyyatın geriləmə ehtimalının təsirləri var. Məlumdur ki, beynəlxalq iqtisadi təşkilatlar artıq qlobal iqtisadi artımla bağlı olaraq proqnozlarını geri çəkməyə başlayıblar. Belə bir şəraitdə dünyanın maliyyə mərkəzləri, mərkəzi banklar ən azı iqtisaqi dinamikanı müəyyən vasitələrlə saxlamağa çalışırlar. Bazarda pul kütləsinin artırılması genişləndirildi ki, bu kredit siyasətinə xidmət edir. Alternativ addım olaraq uçot dərəcəsi aşağı salınır”.

İqtisadçı deyir ki, Avropa Mərkəzi Bankının qəbul etdiyi qərar faktiki olaraq bazarlarda avronun məzənnəsinə təsir göstərir, bu bazarın ilkin reaksiyasıdır:

“Qərar avro-dollar məzənnəsinə uzunmüddətli təsir göstərə bilməyəcək. Çünki digər tərəfdən Federal Ehtiyatlar Sistemi bazara əlavə olaraq 5 trilyon dolların çıxarılması ilə bağlı qərar qəbul edib. Bu şərtlər daxilində avronun dollar qarşısında ciddi şəkildə ucuzlaşması ehtimalı aşağıdır. Bu qərarlar mövcud konyuktur fonunda baş verir, çalışırlar ki, hansısa formada alıcılığı dəstəkləməklə müəyyən qədər iqtisadi aktivliyə nail ola və ya iqtisadi geriləmə tempinə təsir edə bilsinlər”.

Rəşad Həsənov hesab edir ki, avro-dollar məzənnəsi növbəti 6 ayda da 1 -1,1 aralığında olacaq:

“Qərarlar paralel olaraq qəbul olunur, bu da indiki şərtlərin ciddi şəkildə dəyişməsi imkanlarını məhdudlaşdırır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Federal Ehtiyatlar Sisteminin imkanları daha genişdir. AMB-dən fərqli olaraq FES-in uçot dərəcəsini 1 faizdən artıq azaltmaq imkanları var. Faktiki olaraq bazara daha çox dollar ineksiya etmək imkanları var. Ona görə də FES uzunmüddətli dövrdə prosesi davam etdirərsə, təbii ki, dolları ucuzlaşdıra bilər. Amma hesab etmirəm ki, dönərli valyutalar biri olan dolların ucuzlaşması siyasəti bu qədər aqressiv formada aparılsın. Çünki bu eyni zamanda dünya ticarətində, tədavüldə, dövriyyədə dolların payının azalmasına və mövqeyinin sarsılmasına gətirib çıxara bilər”.

Tarix: 15-03-2020, 09:41
Xəbəri paylaş





Xəbər lenti