Koronavirusun iqtisadi təsirləri açıqlanır: Durum ürəkaçan deyil...

 

Koronavirusun dünyanın inkişaf etmiş iqtisadiyyatlarına mənfi təsirlərinə dair göstəricilər açıqlanmağa başlayıb.

Musavat.com xəbər verir ki, bu gün ABŞ Əmək Nazirliyi ötən həftə ərzində ölkədə işsizliyin rekord səviyyədə artdığını açıqlayıb. Nazirliyin məlumatından aydın olur ki, həftə ərzində ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı əvvəlki həftədəki 282 mindən 3 milyon 283 minə yüksəlib. Trading Economics bunu göstəricinin hesablandığı 1967-ci ildən bəri ən yüksək artım kimi qiymətləndirib. 

Analitiklər işsiz sayında 719 min, ən pis halda 1 milyon artım gösləyirdilər. Lakin reallıq gözləntiləri 3 dəfəyə qədər arxada qoyub. Ölkədə işsizliyə görə müavinət alanların sayı 14 martda bitən həftə ərzində 102 min nəfər artıb. Halbuki gözləntilər 7 min civarında idi. 

ABŞ maliyyə naziri Stiven Mnuçin hesab edir ki, ötən həftə iqtisadiyyata 2 trilyon dollarlıq dəstək paketi qəbul olunmadığı üçün sahibkarlar iş yerlərini maksimum ixtisar etməyə məcbur olublar. Onun CNBC-yə bildirdiyinə görə, işə salınan dəstək tədbirləri yaxın 3 həftə ərzində təsirini göstərməyə başlayacaq və şirkətlər yeni iş yerləri açacaqlar. 

Bu günlərdə koronavirus pandemiyasının Sinqapur iqtisadiyyatına təsiri ilə bağlı göstəricilər də açıqlanıb. Məlum olub ki, yanvar-fevral aylarında bu ölkədə 10,6 faizlik iqtisadi azalma qeydə alınıb. 

İqtisadçı-ekspert Rövşən Ağayev ile ilgili görsel sonucu

Dünyanın ikinci böyük iqtisadiyatı, virusun ilk ortaya çıxdığı Çində yanvar-fevralın nəticələlərinə görə sənaye istehsalı 13 faiz, pərakəndə ticarət 21 faiz, investisyalar 24.5 faiz azalıb. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, 20 ildən çoxdur dayanmadan böyüyən iqtisadiyyat bu müddətdə ilk dəfədir kəskin kiçilmə ilə üzləşir: “Çində bütövlükdə iqtisadiyyatda 1-ci rübün nəticələrinə görə 4 faiz azalma artıq real görünür. Yaxşı xəbər odur ki, Çin artıq virusun yayılmasını dayandıra bilib.

İqtisadi çöküş ABŞ-a keçir. FED rəhbəri Ceremi Pauell bu gün çox bədbin danışıb - 1 nömrəli iqtisadiyyat üçün artıq resessiyanı qaçılmaz adlandırır. Pauell 1 aylıq iqtisadi karantinin pandemiyanı dayandırıb dayandırmayacağı ilə bağlı müsbət bir gözlənti deyə bilməyib.
Dünyada gündəlik neft istehlakında artıq 5 milyon barrel azalma var. Bu arada Rusiya son 1 həftədə 30 milyard dollar valyuta ehtiyatı itirib”.

Ekspert hesab edir ki, soyuqqanlı olmaqdan başqa çarə yoxdu: “Amma durum çox çıxılmaz nöqtəyə gəlib. ABŞ kimi ölkənin FED rəhbəri də belə ümidsiz danışırsa, deməli vəziyyət göründüyündən daha qəlizdir”...


Tarix: 26-03-2020, 22:36
Xəbəri paylaş





Xəbər lenti