“Fondun aktivlərinin satışa çıxarılması ciddi narahatlıq doğurur” - QUBAD İBADOĞLU



“Fondun aktivlərinin satışa çıxarılması ciddi narahatlıq doğurur” - QUBAD İBADOĞLU

“DNF-dən büdcəyə köçürülən vəsaitin 31,66 faizini  Fondun aktivlərinin satışından əldə edilən gəlirlər təşkil edib”

 “Maliyyə Nazirliyinin açıqlamalarına görə, bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 810,9 milyon manat, xərcləri 5 254,8 milyon manat olub. Birinci rübdə dövlət büdcəsinin mədaxilinin 32,5 faizi və yaxud 2 536,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə 4 631 milyon manat vəsait transfert edilib ki, bu da mədaxilin 59,3 faizini təşkil edib. Dövr ərzində DNF-dən dövlət büdcəsinə transfer proqnoza nisbətən 1 793,5 milyon manat və ya 1,6 dəfə çox olub”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

Q. İbadoğlu qeyd edib ki, DNF-dən büdcəyə köçürülən vəsaitin 61,34 faizini Fondun 1 rüb üzrə cari gəlirləri, 31,66 faizini isə Fondun aktivlərinin satışından əldə edilən gəlirlər təşkil edib: “Əslində, hələ böhran başlamış Fondun aktivlərinin satışa çıxarılması ciddi narahatlıq doğurur”.

“Aprel ayının 1-ə dövlət büdcəsində 2 556,1 milyon manat profisit yaranıb”

“Dövlət büdcəsinin xərclərinə gəlincə, onun 48 faizi və ya 2 519,8 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3 919,9 milyon manatı və ya 74,6 faizi cari xərclərə, 930,3 milyon manatı və ya 17,7 faizi əsaslı xərclərə, 404,6 milyon manatı və ya 7,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Aprel ayının 1-ə dövlət büdcəsində 2 556,1 milyon manat profisit yaranıb”,-deyə iqtisadçı alim nəzərə çatdırıb.

Q. İbadoğlunun sözlərinə görə, dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması əsasən dövlət büdcəsinə DNF-dən proqnozdan artıq 1 793,5 milyon manat vəsaitin köçürülməsi hesabına olub”.

“Dostlar, hazırda dövlət büdcəsində 2 milyard 556 milyon 100 min manat (adambaşına 255 manat 61 qəpik) məbləğində artıq vəsait vardır. Siz maliyyə naziri olsaydınız, hazırkı şəraitdə bu vəsaiti nəyə sərf edərdiniz”,-deyə iqtisadçı alim sual edib.


Tarix: 4-04-2020, 11:11
Xəbəri paylaş





Xəbər lenti