“Qara pullar” “gün işığı”na çıxır? - “Hökumət belə bir nəticəyə gəlibsə...” - ŞƏRH


“Qara pullar” “gün işığı”na çıxır? - “Hökumət belə bir nəticəyə gəlibsə...” - ŞƏRH

Martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib ki, iqtisadiyyatın ixrac yönümlüyünü saxlamaq və genişləndirməklə daxili istehsal, eləcə də istehlakın həvəsləndirilməsinə yönəldilmiş tədbirlər daha geniş yer alır.

Həmçinin qeyd edib ki, özəl sektor kapital və əmlak amnistiyası təklif edib:

“Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə olunub. Bu gün sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılmasının vəsatətini qaldırıblar”.

Beləliklə, Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması məqsədilə kapital və əmlak amnistiyasının həyata keçirilməsi təklif olunur. Uzun illərdir müstəqil ekspertlərin zəruri addım olaraq təklif etdiyi kapital və əmlak amnistiyası hökumətdə müzakirə olunur.

Maraqlıdır, Azərbaycanda “qara pullar”ın biznesə gətirilməsi üçün şərait varmı?

“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, indiki şəraitdə bunun əsl vaxtıdır, hətta məcburi addım halına gəlib. Uzun illərdir bu haqda müzakirələr aparırlır:

“Bu hal bir çox ölkələrdə tətbiq olunur və effekti də yaxşı olub. Büdcəyə vergi yığımları, demək olar ki, dayandı, çünki çox yer işləmir, beləliklə, dövlətin gəlir yerlərindən biri dayandı. Büdcədə böyük payı olanlardan biri gömrükdür, burdan gələn gəlir də azalıb. Neft də məlumdur. Bizim əsas gəlir mənbələrimiz azalandan sonra həm investisiya reytinqimiz aşağı düşür, həm dövlətin ehtiyatları azalır, büdcə defisiti yaranır. Bunun qarşısını almaq üçün ən yaxşı maliyyə amnistiyasının tətbiqidir olunsun. İndi azərbaycanlı sahibkarlar, biznesmenlər, keçmiş məmurlar əllərində olan vəsaiti Azərbaycan iqtisadiyyatına yatırmalı və amnistiya verilməlidir ki, bunu qorxmadan etsin. Əgər belə bir təminat olarsa, həmin şəxslər vəsaitlərini kiçik və orta, eləcə də böyük biznesə yatırmaqda maraqlı olarlar. Beləcə ölkədə yerli istehsal artar”.

Elçin Bayramlı qeyd edib ki, indiki halda idxaldan asılı ölkəyik və dünya ölkələrindən bəzi məhsulları almaq risklidir:

“Dünyada vəziyyət bir az da ağırlaşsa, hər ölkə öz ümidinə qalacaq, yəni hər ölkə nə istehsal edirsə, ounla da kifayətlənməlidir. Deməli, biz bunu sürətlə etməliyik, investisiya qoyulmalı, istehsal obyektləri açılmalı, təsərrüfatlar yaradılmalı, potensial olan sahələrə yatırım olunmalıdır. Biz bunları etsək, qısa müddətdə idxaldan asılılığımız azalar, məhsul bolluğu yaranar, işsizlik aradan qalxar, dövlət büdcəsinə xeyli əlavə vəsait daxil olar, valyuta ehtiyatları ölkədən çıxmaz. Ən əsası belə hallardan özümüzü sığortalamış olarıq. Dünyada növbəti illərdə buna oxşar hadisələr baş versə, artıq iqtisadiyyat dayanıqlı olacaq, gündəlik tələbat mallarından tutmuş əsas lazımlı məhsullara qədər özümüzü təmin etmək səviyyəsinə çatarıq. Bizə hazırda istehsal texnologiyası lazımdır. Biznesin 5 əsas şərti var. Bunun biri işçi qüvvəsi, biri maliyyə, digərləri isə xammal, bazar və nəqliyyat infrastrukturudur ki, hamısı bizdə var. Təkcə bu addımı atmaq lazımdır. Ümidvaram ki, tezliklə bu haqda qərar qəbul olunacaq”.

Tarix: 4-04-2020, 19:47
Xəbəri paylaş





Xəbər lenti