Dünyanın gözlədiyi neft qərarı: Son söz Ağ Evdə


Dünyanın gözlədiyi neft qərarı: Son söz Ağ Evdə

Neftin ucuzlaşmasının qarşısını almaq üçün edilən cəhdlər dalana dirənib.

Belə ki, Rusiya hasilatı azaltmaq üçün ABŞ-ın da hasilatın kəskin azaldılmasına dair yeni razılaşmaya qoşulmasını tələb edir. Lakin prezident Donald Tramp artıq bildirib ki, ABŞ-ın bu razılaşmaya qoşulmaq niyyəti yoxdur, çünki onsuz da qiymətin aşağı düşməsi nəticəsində Birləşmiş Ştatlarda hasilat azalıb. Görünür, belə vəziyyətdə ABŞ prezidentini fikrindən daşındırmaq üçün Rusiya çox sərfəli hansısa təklif irəli sürməlidir.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında ilk əvvəl bildirib ki, aprelin 1-dən başlayaraq həm OPEC, həm də OPEC-dən kənar, həm də Vyana sazişinə qoşulmayan nefti hasil və ixrac edən dövlətlər gündəlik hasilat həcmlərinin müəyyən edilməsində artıq sərbəstdirlər:

“Mart ayının sonu Vyana sazişinin müddəti başa çatıb. Hazırda qlobal tələbata ən aqressiv təsir edən faktorlardan biri də koronavirusun dünyada yayılmasıdır. Maliyyə sabitliyinin pozulması, terminalların, limanların karantin altına düşməsi, ümumdünya ticarət dövriyyəsinin aşağı düşməsi və eyni zamanda karbohidrogen yanacaqlarına tələbatın 25-30% aşağı düşməsi təbii ki, neftin qiymətini təhdid altına alır. Artıq müstəqil mənbələrin, eyni zamanda bazar iştirakçılarının qiymətləndirməsinə görə aprel ayında tələbatdan 20 milyon barrelə yaxın neft həcmləri bazarda dövr edəcək. Bu baxımdan bütün hallarda bazarın tənzimlənməsinə ehtiyac var. Bütün dövrlərdə belə olub, neftin kommersiyalaşmasında başlanan dövrdən bugünədək bazar bu və ya digər formada tənzimlənir”.

Zəfər Vəliyev qeyd edib ki, neft bazarlarının tənzimlənməsi mümkün olmazsa, qarşıdakı aylarda vəziyyət daha da kritikləşəcək:

“Çünki əgər hasilat həcmlərində azalmalar baş verməyəcəksə, bu, üzən tankerlərdə sərbəst güclərin olmasını, boru kəmərlərinin tam layihə gücündə işləməsini, orada sərbəst güclərin olmasını şübhə altına alacaq. Ona görə sərbəst güclərin bitməsinə imkan verilməməlidir. Çünki bitərsə, neft hasil və ixrac edən dövlətlər, həmçinin enerji şirkətləri hasilatı kəskin şəkildə azaltmalıdırlar və yaxud beynəlxalq sulara çıxmaq imkanı olan neft hasil və ixrac edən dövlətlər hasilatın müəyyən hissəsində kəsintilərə getməlidirlər. OPEC və OPEC kənar dövlətlərin virtual toplantısı təyin edilmişdi. Virtual toplatının təyin olunması ərəfəsində Səudiyyə Ərəbistanı və Rusiya arasında fikir ayrılıqları qarşılıqlı ittihamlarla müşayiət olundu. Rusiya Vyana sazişinin pozulmasında Səudiyyə Ərəbistanını günahlandırdı, onlar da gecikmədən Rusiyanı ittiham etdilər. Belə şəraitdə ayın 9-na planlaşdırılmış toplantıda da müəyyən nəticələrin gündəmə girməsi ağlabatan deyil. Qarşılıqlı anlaşmazlıq varsa, ümumi razılığa gəlmək çox çətin olacaq. Səudiyyə Ərəbistanı tələb edir ki, böyük kəsintilərə gedəcəyiksə, ortada ədalətli bir saziş olmalıdır. Artıq Səudiyyə Ərəbistan sazişdəki kimi yükün böyük hissəsini üzərinə götürməyəcək. Rusiya isə tələb edir ki, Norveç, Kanada, ABŞ bu sazişə qoşulsun və böyük kəsintilərdə iştirak eləsin”.

Ekspertin sözlərinə görə, ABŞ-ın hazırda sutkalıq neft hasilatı 13 milyon barreldir. Kanadada bu həcm 4 milyon, Norveçdə 1.8 milyon barrel civarındadır və onlar bazarın real oyunçularıdır, ona görə də kəsintilər ədalətlə bölünməlidir. ABŞ-ın bu akta qoşulması ABŞ-ın qanunvericiliyinə ziddir, çünki enerji şirkətləri tamamilə müstəqil şirkətlərdir, dövlətə bağlılıq yoxdur:

“Onlarda hasilat və ixrac fərqli qanunlarla tənzimlənir. Prezident Donald Trampın son bəyanatlarından biri də o oldu ki, ABŞ-da fəaliyyət göstərən şirkətlər müstəqildir və bazarımız liberal bazardır. Ona görə də əvvəlcədən biş şey demək olmur. Çünki əgər ABŞ-da OPEC və OPEC kənar dövlətlərin bu təşəbbüsünə qoşulacaqsa, qanunvericilik bunlara hansı şəkildə imkan verəcəyi məlum deyil”.


Tarix: 6-04-2020, 21:01
Xəbəri paylaş





Xəbər lenti