Ramiz Məmmədov: “İnsanlar fikirləşir ki, sudan harada olsa, nə qədər istəsə istifadə edə bilərlər”


“Kür çayında suyun miqdarı o qədər azalıb ki, ərazidə olan geomüxtəliflik məhv olur”.

 

Bunu Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

 

Akademikin sözlərinə görə, dünya təsnifatında Azərbaycan suyu qıt olan ərazilərdəndir: “Ölkənin ümumi su resurslarının 1 illik həcmi 32 kub/kilometrdir. Bunun da üçdə iki hissəsi ölkə xaricində, qalan üçdə biri isə Azərbaycan ərazisində formalaşır. Yəni bizə gələn su resurslarının çoxu tranzit çayların - əsasən Kür, Araz, Qabırrı, Qanıx, bir az da Samur çayları vasitəsi ilə formalaşır.

 

Əgər bu ölkələr sudan öz istədikləri kimi istifadə edirsə, onun kəmiyyət və keyfiyyətini dəyişdirirsə, bu, mütləq Azərbaycan ərazisində öz əksini tapır. Müqayisə üçün deyim ki, qonşu Gürcüstanda hər adam sayına və hər ərazi vahidinə düşən suyun miqdarı müvafiq olaraq 2-7 dəfə azdır. Azərbaycanda 8 mindən bir az çox, Gürcüstanda isə 50 mindən çox çay var. Bunların hamısı şirin su resurslarıdır”.

 

Ramiz Məmmədov onu da qeyd edib ki, iqlim dəyişmələrinin təsiri ilə su resursları ciddi təzyiqlə üzləşir:

 

“Azərbaycanda ərazi boyunca getdikcə temperaturun qalxması nəticəsində buxarlanma çoxalır, yağıntıların miqdarı azalır. 20 il əvvəl dünya alimləri tərəfindən verilmiş proqnoza əsasən, quraq ərazilərdə yığıntıların miqdarı getdikcə azalacaq, buxarlanma isə çoxalacaq. Azərbaycan ərazisinin 60%-i quraqdır.

 

Təəssüflər olsun ki, bu proqnoz bizim ərazi üçün özünü doğrultmağa başlayıb. Belə ki, Abşeron yarımadası, Şəki, Zaqatala zonasından başqa Azərbaycan ərazisi boyunca qurulmuş müşahidə məntəqələrinin əksəriyyətində yağıntının miqdarı azalıb. Eyni zamanda müxtəlif ərazilərdə buxarlanmanın miqdarı 5-10% dəyişib. Bunun nəticəsidir ki, may ayında çaylarımızın çoxunda su yoxdur. İyunun əvvəlidir, Kür çayında suyun miqdarı o qədər azalıb ki, ərazidə olan geomüxtəliflik məhv olur. Buna ekoloji axın deyirlər. Yəni, Kür çayı özünün ekoloji azalmasına yaxınlaşıb. Əlbəttə, vəziyyət bizim xeyrimizə deyil”.

 

Ramiz Məmmədov hesab edir ki, bu gün Azərbaycanın su resursları özünə kifayət edər: “Ancaq bu resurslardan səmərəli istifadə etmək lazımdır. Ölkə başçısı dəfələrlə çıxışında bildirib ki, xüsusən suvarma sistemində, şəhərlərin su ilə təchizatında çoxlu itkiyə yol veririk. Mil-Muğan düzündəki pambıq sahələrinin suvarılmasında itkiyə gedən suyun miqdarı ildə 5-6 kub/kilometrə çatır. Rəqəmlər köhnə olsa da, səciyyəvidir. Bu isə Araz çayını itirmək deməkdir. Əkin sahələri selləmə suvarılır, nəticədə torpaqda şoranlaşma prosesi gedir. Ona görə də damcılama, sızma üsulları ilə suvarma aparmaq lazımdır. Şəhərlərin təchizatında harada itki varsa, qarşısı alınmalıdır”.

 

Akademik əhalinin suya münasibətni dəyişməyin önəmini də vurğulayıb: “Əhali fikirləşməlidir ki, su bir əmtəədir. Əgər su boru vasitəsi ilə Oğuzdan, eləcə də digər regionlardan şəhərə gəlirsə, artıq əmtəəyə çevrilir. Əmtəənin isə qiyməti var, yəni suyun qiymətini bilmək lazımdır. İnsanlar fikirləşir ki, sudan harada olsa, nə qədər istəsə istifadə edə bilərlər.

 

Əslində belə deyil, suya qənaətlə yanaşmaq lazımdır. Üstəlik Azərbaycan kimi su ehtiyatları qonşularla müqayisədə nisbətən az olan bir ölkədə sudan səmərəli istifadə etməkdən başqa yol yoxdur”.

 

Ramiz Məmmədov deyir ki, ölkə ərazisində mövcud su qıtlığı ilə bağlı əlavə tədbirlər həyata keçirilir: “Qabaqlayıcı tədbirlərdən biri də çaylar üzərində su anbarlarının tikilməsidir. Hökumət bu istiqamətdə səmərəli addımlar atır. Belə ki, son zamanlar Şəmkir çayının üzərində, eləcə də Ağcabədi rayonunun Taxta Körpü ərazisində bir neçə su anbarları tikilib. Məlumata görə bir neçə su anbarlarının da layihəsi hazırlanır”.Teleqraf



Tarix: 11-06-2020, 09:05
Xəbəri paylaş





Xəbər lenti