Hakimiyyətə yaxşı,xalqa pis




Qiyas İsmayıl
İlin ilk 4 ayında Neft Fondunun gəlirləri və banklara satdığı valyutanın həcmi təxminən eyni məbləğ təşkil edərək, 2 milyard dollara yaxın olmuşdur. Neftin hazırki qiymətlərinin il ərzində davam edəcəyini proqnozlaşdırsaq, neft gəlirlərinin 5 milyard dollara yaxın olacağını təxmin etmək olar
Bu o deməkdir ki, hər hansı fors-major olmasa, devalvasiya riski tamamilə aradan qalxır. Mövcud rejim üçün ölüm-dirim məsələsi olan sosial-iqtisadi stabillik qorunub saxlanılır, hiperinflyasiya riski məhdudlaşdırılır. Dövlət sektorunda çalışanların və təqaüdçülərin ödənişləri əvvəlki qaydada icra edilir. Lakin bu məsələnin yalnız bir tərəfidir
Ölkənin digər valyuta gəlirləri olmadığından, bütün maliyyə siyasəti 5-6 milyard dollar valyutaya əsaslanaraq həyata keçiriləcək. İnflyasiya əhalinin pul gəlirlərini əvvəlki qaydada yeməkdə davam edəcək, çünki dünya bazarlarında bahalaşma dalğasının səngiməsi gözlənilmir. ABŞ-ın çap etdiyi hər trilyon dollar, sadə azərbaycanlının cüzi gəlirlərinin daha da azalması deməkdir.
Daha xoşagəlməz cəhət, indiki kütləvi işsizliyin və iqtisadi tənəzzülün əvvəlki qaydada davam etməsidir. Ölkənin valyuta gəlirlərinin 5-6 milyard dollar ətrafında olması, hökumətin hər hansı ciddi iqtisadi inkişafa səbəb olacaq investisiya layihələrinə girişməsinə imkan vermir. Əsas diqqət büdcənin icrasına, maaş və pensiyaların ödənilməsinə yönəldiləcək, sahibkarların vəziyyəti isə pisləşməkdə davam edəcək
Bir sözlə, neftin hazırki qiyməti hakim komanda üçün əlverişli olduğu qədər, iqtisadi inkişaf baxımından olduqca əlverişsizdir və hazırki situasiyanın davam etməsini stimullaşdırır.
Tarix: 7-05-2021, 10:54
Xəbəri paylaş





Xəbər lenti