Aqrar özbaşınalıq...




Azərbaycanın kənd təsərrüfatında subsidiyalarla bağlı qərarlar – subsidiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara üzrə subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı subsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı kimi məsələlər Aqrar Subsidiya Şurasının səlahiyyətindədir. Şuraya kənd təsərrüfatı naziri İnam Kərimov sədrlik edir.

Novator.az-ın məlumatına görə, iqtisadçı Qalib Toğrul yazır ki, aqrar subsidiyaların verilməsi gecikdirilir: “Səbəb Kənd Təsərrüfatı Nazirliyinin (KTN) torpaqların aqrokimyəvi analizlərdən keçirilməsi tələbi qoymasıdir. Torpaqlarını aqrokimyəvi analizdən keçirməyən fermerlərə subsidiya verilmir. Bu qərar KTN-in özbaşınalığıdır. 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqlarının 2021-ci ildən aqrokimyəvi analizlərə cəlb olunması və əkin subsidiyalarının ödənişini analizlərin nəticələrinə bağlamaq qərarını Aqrar Subsidiya Şurası verib. Ancaq nəinki şuranın, heç KTN-in də belə bir qərar verməyə səlahiyyəti yoxdur.

Prezidentin 27 iyun 2019-cu il fərmanı ilə təsdiq edilmiş sənəddə – “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nda Aqrar Subsidiya Şurasının səlahiyyətlərinin çərçivəsi konkret müəyyənləşdirilib. Qaydaya görə, şura hər il yanvarın 15-dək əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi; məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi; toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi barədə qərarlar qəbul edib ictimaiyyəti məlumatlandırmalıdır.

Şuranın subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etmək, müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq yeniləmək hüquqları var.

Ancaq Aqrar Subsidiya Şurasının torpaqların analizdən keçirilməsi ilə bağlı məcburi göstəriş verməyə, norma yaratmağa və hər hansı bir şəkildə subsidiyaların verilməsini məhdudlaşdırmağa hüququ çatmır. Dolayısı ilə şuranın, əslində isə KTN-in məlum qərarı konstitusiyanın normativ hüquqi aktlar maddəsinin tələblərinə və “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa ziddir. KTN-in və onun yanındakı qurumların rəhbərlərinin qərara hüquqi don geyindirmək üçün istinad etdikləri “Fitosanitar nəzarəti haqqında” qanunda və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”ndə müvafiq hüquqi norma yoxdur.
Tarix: 2-06-2021, 14:14
Xəbəri paylaş





Xəbər lenti