Vətəndaşın kredit borcu olduğu zaman maaşı və ya təqaüdü tam şəkildə tutula bilərmi? - Ekspertdən açıqlama


“Bir şəxsin banka kredit borcu olduğu zaman onun maaşının və ya təqaüdünün maksimum yarısı, yəni gəlirin 50 faizinədək olan hissəsi tutula bilər. Həmin şəxs aliment də ödəyirsə, bu zaman bu gəlirlərin 70 faizinədək olan hissəsi qanuni şəkildə tutula bilər. Maaşın və ya təqaüdün tam şəkildə tutulmasından söhbət gedə bilməz. Lakin təcrübədə belə bir hal da var ki, vətəndaş maaşı, yaxud təqaüdü aldığı bankla müqavilə imzalayanda, orada həmin banka borcu olduğu təqdirdə onun maaşının və təqaüdünün tam şəkildə tutulmasına dair bənd ola bilər. Bu hal isə könüllüdür. Vətəndaş özü müqavilə ilə banka bunu icra etməyə icazə verir. Bu zaman o, kreditini vaxtında banka ödəməyəndə, bank onun hesabındakı pulu tam şəkildə tutur. Burada bank heç bir qanunu pozmuş olmur”.
 
Bunu Pravda.az-a açıqlamasında bunu açıqlamasında bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, kredit borcuna görə maaşdan, yaxud da təqaüddən 50 və 70 faizə qədər olan məbləğin tutulması prosesi məhkəmənin qərarı ilə icra məmuru tərəfindən həyata keçirilir: “Bu məsələlərin kökündəki problem tamam başqadır. Kreditin ödənməsi zamanı vətəndaşın maaşından və təqaüdündən pul tutulduqda o, qanuna uyğun olaraq həmin bankdan xidmət almaya bilər. Yəni maaşı və ya təqaüdü artıq həmin bankdan almayaraq bankın kartından imtina edə bilər. Maaşla bağlı iş yerinə, təqaüdlə bağlı isə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək deyə bilər ki, maaşımı, yaxud təqaüdümü artıq o banka köçürməyin. Əvəzinə isə gedib başqa bankda bank hesabı açıb onlardan tələb edə bilər ki, pulu ora köçürsünlər. Onlar isə öz növbəsində bunu etməlidirlər. Ümumiyyətlə, Mülki Məcəlləyə görə hər bir vətəndaşın ixtiyarı var ki, istənilən bankdakı bank hesabını istənilən zaman bağlasın. Sadəcə bizdə praktiki cəhətdən bu icra olunmur və bunu etmirlər. Bu məsələyə aid əsas qanunsuzluq budur. Əgər vətəndaş gəlib bank hesabının, kartının bağlanmasını tələb edirsə, bunu etməlidirlər. Bizdə isə təəssüf ki, bir çox halda bunu etməkdən boyun qaçırırlar. Ümumiyyətlə, hamı elə bilir ki, maaşı yaxud da təqaüdü hansı bankdan alırsansa, mütləq həmin bankdan almalısan, ancaq elə bir şey yoxdur. Hər kəs maaşını və təqaüdünü istənilən bankdan ala bilər. Buna əməl edilmədiyi təqdirdə isə o, artıq qanunu pozmuş olur”.
Tarix: 8-07-2022, 15:09
Xəbəri paylaş





Xəbər lenti