Azərbaycanda devalvasiya olacaq? - “İlin sonuna kimi...”


Avropanın vahid valyutası avro nağd tədavülə buraxıldığı 2002-ci ildən bəri ilk dəfə ABŞ dollarından ucuz olub.

Belə ki, 1 dolların məzənnəsi 0,9999 avro təşkil edib. Bu, ABŞ-da rekord inflasiya haqqında məlumatlar açıqlandıqdan sonra baş verib.

Qeyd edək ki, son zamanlarda dollar dünyanın bir çox xarici valyutaları qarşısında dəyər qazanmağa başlayıb. Hətta qarşıdakı aylarda bəzi ölkələrdə devalvasiya olacağı ehtimalları da mövcuddur.

Avronun ilk dəfə dollar qarşısında ucuzlaşması da bu ehtimalların güclənməsinə səbəb olub. Bununla yanaşı, bəzi ekspertlər yaxın aylarda Azərbaycanda da dolların bahalaşacağı proqnozlaşdırırlar.

Ümumiyyətlə, yaxın aylarda Azərbaycanda devalvasiya gözlənilir? Dia.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan ilin sonuna qədər devalvasiya gözlənilmir:

“Çünki hazırda enerji qiymətləri yüksəkdir. İlin birinci yarısının ortalarında neftin bir barelinin qiyməti 105 dollar olub. İlin ikinci yarısında da enerji qiymətlərinin eyni intervalda olacağı gözlənilir. Yəni bu qiymətlər yüksək olaraq qalacaqsa, heç bir devalvasiya gözlənilə bilməz. Hazırda hökumətin əsas prioriteti inflyasiyaya qarşı mübarizədir. Devalvasiya isə inflyasiyanı daha da sürətləndirəcək. Hətta bu, qaçılmaz olacaq. Yəni indiki 13 faizlik inflyasiya 30-40 faizə qədər çatacaq. Hökumət üçün də bu, arzuolunan məqam və vəziyyət deyil. Ona görə də indiki yüksək sürətli inflyasiya mühitində devalvasiyanın olması sosial və sabitlik cəhətdən əlverişli qərar sayıla bilməz. Düşünürəm ki, ilin sonuna kimi hər hansısa devalvasiya riski real deyil”.
Tarix: 14-07-2022, 15:26
Xəbəri paylaş





Xəbər lenti