AZƏRBAYCAN ÜÇÜN İQTİSADİ FƏLAKƏT ANONSU… - Qarşıdakı aylarda ölkəmizi nə gözləyir?

AZƏRBAYCAN ÜÇÜN İQTİSADİ FƏLAKƏT ANONSU… - Qarşıdakı aylarda ölkəmizi nə gözləyir?

Qubad İbadoğlu: “Azərbaycana böhran qlobal böhrandan öncə gələcək”
Dünyanın bir sıra inkişaf etmiş ölkələri postpandemiya dövründən çıxmaqla bağlı antiböhran tədbirləri həyata keçirirlər. İstənilən halda ortada olan əsas məqam ondan ibarətdir ki, dünya pandemiyadan sonra yeni bir dövrün başlandığının fərqindədir. Odur ki, məhz aqrar sektorda yeni aşağı faizli kredit siyasəti, bazarlama və dəstək paketləri tətbiq edilir.
Azərbaycanda isə bu istiqamətdə aparılan işlər hələ ki, nəzərə çarpacaq səviyyədə deyil. Aylardır ki, ölkənin müstəqil ekspertləri tərəfindən müzakirələr aparılır, təkliflər irəli sürülür, lakin rəsmi dairlər susqunluq nümayiş etdirirlər. Anti-böhran sistemlərini həyata keçirmirlər.
Bu günlərdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov böhran anonsu verən bir açıqlamaya müəlliflik etdi. Nazir hesab edir ki, yaxın zamanlarda Azərbaycanı böyük bir böhran gözləyir.
Nazirin açıqlamasından belə anlaşılır ki, dünyada baş verənləri bəhanə gətirərək belə bir anons irəli sürülür. Söhbət hansı formada gözlənilən böhrandan gedir? 
İqtisadçı-alim Qubad İbadoğlu hesab edir ki, Mikayıl Cabbarovun bu açıqlaması bəhanə xarakterlidir. 
“İqtisadiyyat naziri Mikayıl Cabbarovun “böhrana hazır olmalıyıq” açıqlaması qarşıdan gələn böhranın məsuliyyətini indidən qlobal proseslərin üzərinə qoymaq cəhdidir. Təəssüf ki, 30 il ərzində Azərbaycanda dayanıqlı ola biləcək milli iqtisadiyyat qurulmadı, bazar iqtisadiyyatına keçid sonadək başa çatdırılmadı. Əvvala onu qeyd edim ki, Azərbaycana böhran qlobal böhrandan öncə gələcək. Bu dəfə də gözlənilən böhranı  neftin dünya bazar qiymətinin ucuzlaşması gətirəcək. Belə ki, son 5 ayda dünya bazarında neft qiymətləri 25 faiz ucuzlaşıb və  hazırda bu tendensiya davamlı xarakter alıb”, - deyə istisadçı-alim qeyd edir.
Gözlənilən odur ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması prossesi davam edəcək. Nəticədə Azərbaycan üçün gözlənilən böhran bir qədər dərinləşəcək.
Bu dəfə neftin qiymətinin ucuzlaşması ilə gələn böhran daha ağır, çoxtərəfli və uzunmüddətli olacaq və Azərbaycan manatı növbəti dəfə sərt devalvasiyaya məruz qalacaq. Belə ki, bu dəfə neft gəlirlərinin azalmasını yalnız dünya bazar qiymətlərinin ucuzlaşması deyil, həmçinin neft hasilatının azalması (2022-ci ilin 1-ci yarısında orta gündəlik neft hasilatı 424 min barel təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,41 faiz azalma deməkdir)  və hasilat (AÇĞ-də əməliyyat xərci son 6 ildə 1 milyon barrel üçün 80 min dollar və ya 36,7 faiz artıb), nəql xərclərinin artması da şərtləndirəcək. Məlumat üçün qeyd edim ki, 2009 və 2010-cu illərin hər birində AÇG yatağından 2022-ci ilin gözlənilən göstəricisindən 2,2  dəfə çox neft hasil olunub. Bu ilin 6 ayında Azərbaycanın neft gəlirlərinin 2 dəfə, qaz gəlirlərinin 4,5 dəfə artımı dünya bazarında qiymətlərin hədsiz yüksək olmasından qaynaqlanıb. 
Bundan əlavə 2022-ci il üçün dövlət büdcəsinin qeyri-neft gəlirləri 13660,3 mln. manat məbləğində gözlənilir ki, bu da cari xərclərin 67,47 faizini örtə bilər. Beləliklə də post-devolvasiya dövrünün ən yüksək inflyasiyasının təsiri ilə həm dövətin cari və investisiya xərclərinin, həm də əhalinin istehlak məsrəflərinin artması dövlətlə yanaşı, ailə büdcəsinin də kəsirini çoxaltmaqla  böhranın sosial təsirlərinin daha da gücləndirəcək.
Qubad İbadoğlu hesab edir ki, çıxış yolu təxirəsalınmaz tədbirləri əhatə edən anti-böhran proqramının hazırlanması və onun icrasındadır. Hökümət bu proqramı da Yol Xəritələri, 2022-2026-cı ilin sosial-iqtisadi strategiyası kimi mənasız sənədə çevirərsə, onda 2023-cü ili dərin  böhran ili ola bilər.
Faktiki olaraq Azərbaycanda anti-böhran tədbirləri kimi hansı addımların atıldığını müşahidə etmirik. Bu baxımdan da böhranın daha da dərinləşməsi gözləniləndir.
"Hürriyyət"
İqtisadiyyat şöbəsi
Tarix: 9-08-2022, 15:06
Xəbəri paylaş





Xəbər lenti