Əkrəm Həsənov: “Dövlət Neft Fonduna ehtiyac yoxdur, səlahiyyətləri Mərkəzi Banka verilməlidir”


“Elman Rüstəmov 400 milyonluq binanı özü üçün deyil, Mərkəzi Bank üçün tikirdi. Mərkəzi Bank bu barədə rəsmi qərar verib, tender keçirib, qalib də var. Düzdür, Elman Rüstəmov getdi, yerinə başqası gəldi. Artıq tikinti başlayıb və o bina tikiləcək. Ola bilsin ki, bina son nəticədə Mərkəzi Banka verilməsin, başqa məqsədlər üçün istifadə olunsun. Bu dəqiqə söhbət tikintinin başa çatmasından getmir. Aydındır ki, başlanılıbsa, gərək, bitirilsin. Söhbət Mərkəzi Banka o boyda binanın lazım olub-olmamasından gedir”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.
 
O bildirib ki, Mərkəzi Bankın istifadəsində hazırda iki bina var: “Biri hamıya məlum olan Rəşid Behbudov küçəsindəki binadır. Digəri isə Bülbül prospektində keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (indiki Maliyyə Bazarlarına Nəzarət Palatası) binasıdır. Mərkəzi Bank yeni bina tikiləndən sonra bu iki binadan tam çıxacaq, ya yox, söhbət bundan gedir. Əlbəttə ki, Mərkəzi Banka yeni bina lazım deyildi. Amma indi belədir, hamı özü üçün yeni nəsə istəyir. Yeni bina tikiləndən sonra Mərkəzi Bank hazırda istifadə etdiyi iki binanı təhvil verməlidir. Bu binalara ehtiyac olmamalıdır”.
 
Ekspert əlavə edib ki, Azərbaycanda Dövlət Neft Fonduna ehtiyac yoxdur: “Fondun bütün səlahiyyətləri də Mərkəzi Banka verilməlidir. Azərbaycanın valyuta ehtiyatlarının bir qismini Neft Fondu, bir qismini Mərkəzi Bank idarə edir. Elə hamısını Mərkəzi Banka versinlər. O boyda bina Neft Fondunun nəyinə gərəkdir? Mərkəzi Bankın yeni binası olacaqsa, Dövlət Neft Fondu da ləğv olunsun, səlahiyyətləri Mərkəzi Banka verilsin. Beləliklə, 3 bina boşalacaq. Bu binalardan başqa məqsədlər üçün istifadə etmək olar. Binası olmayan o qədər dövlət müəssisəsi, vacib təçkilatlar var ki... Məsələn, Vəkillər Kollegiyasının indiyə kimi binası hələ də yoxdur. Olanda da, Neft Fondunun, Mərkəzi Bankın binası kimi olmayacaq. Təkcə Vəkillər Kollegiyasından söhbət getmir. Normal binası olmayan başqa təşkilatlar da var. Ona görə də yeni bina tikilirsə, Mərkəzi Bank da, Neft Fondu da orada olmalıdır”.
Tarix: 15-08-2022, 13:07
Xəbəri paylaş





Xəbər lenti