"Növbəti qiymət artımı dalğası qaçılmaz görünür" - ZAUR MƏMMƏDOV


"Qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib"
"Dünyada taxıl qiymətləri rekord həcmdə istehsal gözləntilərinə baxmayaraq, 8 illik maksimuma çatıb. Hazırda postpandemiya dövrünün iqtisadi durğunluğu, Rusiya və Qazaxıstanın taxıl ixracına qoyduqları qadağalar, Ukraynada davam etməkdə olan müharibə, tətbiq edilən iqtisadi sanksiyalar dünyada ərzaqın, o cümləsən taxılın, nəticə etibarilə unun qiymətinin artmağa davam etməsini labüd edir"Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Politoloq qeyd edib ki, Çikaqo əmtəə birjasının məlumatlarına əsasən, yumşaq payızlıq taxılın qiymətləri 2012-ci ildən bəri ilk dəfə bir buşel (0,027 ton) üçün 8 dolları keçərək rekord vurub: "Ekspertlər, həmçinin buğdanın bahalaşması ilə əlaqədar dünyada məhsulların qiymətinin artacağını proqnozlaşdırır. Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Qlobal iqtisadiyyatda gedən proseslər təbii olaraq ölkəmizə də öz təsirini göstərir. Elə məhsullar var ki, Azərbaycanda istehsal olunmadığından idxaldan asılıdır. Məlum olduğu kimi, taxıl ölkəmizə əsasən Rusiyadan idxal olunur. Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Lakin Ukraynada müharibənin uzanması fonunda növbəti qiymət artımı dalğası qaçılmaz görünür".
Tarix: 16-08-2022, 15:03
Xəbəri paylaş





Xəbər lenti