“Buğda mafiyası” əhalini çörəklə sınağa çəkir - Ekspert danışır



İri un və çörək istehsalçıları un və çörəyin qiymətlərinin müəyyənləşməsi ilə bağlı birgə məlumat yayıb.

Bildirilir ki, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir:

“Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcəkdir”.

BMT-nin Baş katibi Antonio Quterreş deyib ki, “Biz qlobal ərzaq bazarlarında stabilləşmənin baş verdiyini müşahidə edirik. "Taxıl sövdələşməsi"ndən sonra dünyada buğdanın qiyməti 8% ucuzlaşıb”.

Qeyd edək ki, hazırda bir sıra marketlərdə çörəyin qiyməti 65, bir qismində isə 70 qəpik müşahidə edilir. Əgər dünya bazarında qiymətlər ucuzlaşırsa, Azərbaycanda əksinə un və çörəyin bahalaşmasına səbəb nədir? Dia.az-ın məlumatın agörə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, dünya bazarlarında buğdanın qiymətləri 10 faizə qədər ucuzlaşıb:

“Digər ərzaq məhsulları da ucuzlaşıb ki, ən azından bahalaşma yoxdur. May-iyun ayından bəri sabitləşmə, avqust ayının əvvəlindən ucuzlaşma başlayıb. Dünya bazarında ucuzlaşmalar hər zaman Azərbaycanın daxili bazarına təsir etmir. Bu da onunla bağlıdır ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi buğda idxalı da inhisardadır.

Buğda idxalı da inhisarda olduğuna görə, rəqabət mühiti yoxdur. Ona görə də idxalçılar daxildə qiymətləri istədikləri formada qoya bilirlər. Dünya bazarında gedən proseslərin Azərbaycan daxili bazarına təsir etməsi üçün rəqabət mühiti, rəqiblər olmalıdır. Bu rəqiblər olmadığına görə belə mənzərə alınır. Ona görə də Azərbaycan hökuməti inhisarçıların bu cür artımına münasibət bildirməli, mövqe ortaya qoymalıdır.

Doğrudur, bazar isqtisadiyyatında sahibkarın qiymət müəyyənləşdirməsinə heç kim müdaxilə edə bilməz.

Ancaq o halda ki, bazarda raqabət olsun. Bazarda rəqabət mühiti yoxdursa, öz inhisarçılarına təzyiq göstərməlidir ki, dünya bazarında ucuzlaşma olduğu halda niyə daxili bazarda əksinədir. Digər tərəfdən taxıl mövsümü yeni başa çatıb. Ölkənin yerli istehsalı 25-30 faiz yerli istehsalı qarşılayır. Həmin məhsullar bazarda 60 qəpiyə satılır. Belə bir şəraitdə buğdanın bahalaşmasının yeganə səbəbi idxal inhisarıdır”.

Tarix: 19-08-2022, 22:20
Xəbəri paylaş





Xəbər lenti