Oliqarx məmurlar bahalaşmadan 5 dəfə artıq qazanır


Oliqarx məmurlar bahalaşmadan 5 dəfə artıq qazanır 



Azərbaycan Mərkəzi Bankı (AMB) iyul ayı üzrə inflyasiya dərəcəsini açıqlayıb. 
AMB-nin açıqladığı rəqəmə görə, cari ilin iyul ayında inflyasiya dərəcəsi 13 faiz təşkil edib. Qeyd edək ki, bu, öncəki ayla müqayisədə 0.1, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.5 faiz bəndi çoxdur. 
Qeyd edək ki, postpandemiyada müəssisələr, iaşə obyektləri yenidən fəaliyyətini bərpa etməyə başlasa da, son dövrlər bahalaşma ilə üzləşiblər. Belə ki, ölkədə bahalaşma sürətlə davam etməkdədir və bu isə alıcılıq qabiliyyətinin hər ötən gün daha da aşağı düşməsinə səbəb olur. 
Alıcılıq qabiliyyəti aşağı düşən müəssisələr isə istehsalı azaltmağa, bu isə işsizlərin sayının artmasına gətirib çıxarır. 
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu cari ilin hesabatında hökumətlərdən yoxsul və həssas aztəminatlı qrupların müdafiəsi ilə bağlı siyasət hazırlanmasını istəmişdi. 
İnflyasiya və bahalaşma ilin sonuna kimi işsizlərin sayının daha da artmasına gətirib çıxaracaq? 
İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirdi ki, iflyasiya son 4 ay ərzində kifayət qədər sürətlə inkişaf etməyə başlayıb: 

“Əvvəllər inflyasiyanın birrəqəmli olduğu deyilirdi və proqnozlara görə, bu, 9 faizdən yuxarı qalxmamalı idi. Hökumət 2022-ci il, xüsusilə də ilin I yarısına qədər olan dövr üçün birrəqəmli inflyasiya proqnozlaşdırırdı. Cari il fevarl ayının 21-də “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı var idi. Həmin qərarda qeyd edilirdi ki, Mərkəzi Bank, Maliyyə Nazirliyi tədbirlərin həyata keçirilməsini təmin etsin. Biz artıq ilin sonlarına doğru yaxınlaşırıq. Artıq 8-ci aydır və faktiki real maliyyə siyasəti ilə bağlı nə Mərkəzi Bank, nə də Maliyyə Nazirliyi hər hansı maliyyə alətlərindən istifadə etməklə infıyasiyanın əhalinin sosial vəziyyətinə yönəlik təsirlərinin azaldılması istiqamətində hər hansı bir addım atıb. İnflyasiyanın sürətlənməsi bir sıra neqativ hallarla müşayiət edilir”. 
Ekspert deyib ki, bu, həm də iş yerlərinin itirilməsi ilə bağlıdır: 
“Bu, həmçinin Azərbaycan manatının faktiki real dəyərini itirməsi, eyni zamanda, əhalinin alıcılıq qabiliyyətinin, xidmət sektoruna müraciət edənlərin sayının azalmasıdır. Nəticə etibarilə də həmin sektorda mövcud olan subyektlər ziyanla işləməyə başlayılar. Xidmət sektorunda müstəqil gəlirlər, maliyyə münasibətləri işçi qüvvəsinin saxlanması müstəvisini formalaşdırır. Xidmət sektorunda işçilərin saxlanması xərcləri çoxalırsa və gəlirlər aşağı düşürsə, iş yerlərinin itirilməsinə, ixtisarlara səbəb olur. Bu prosesin ilin sonuna kimi və ondan sonrakı dövrlərdə davam edəcəyi gözləniləndir. Çünki nə Mərkəzi Bank, nə də Maliyyə Nazirliyi hər hansı önləyici tədbirlər həyata keçirib. Baxmayaraq ki, antiinfyasiya ilə bağlı kağız üzərində Nazirlər Kabinetinin bir neçə qərarı var. Faktiki olaraq onların heç birinin icra edildiyini görmürük. Mərkəzi Bankın uçot dərəcələrinin aşağı salınması, kredit faizlərinin azaldılması, nə də manatın məzənnəsi ilə bağlı faktiki hər hansı addım atmadığının şahidi oluruq. Təbii ki, burada qazananlar var. Oliqarx məmurlar idxalda inhisarçılıqqla məşğul olurlar və onların bu ərəfədə qazancları beş dəfə artır. Bahalaşmadan çoxlu pullar qazanır və həmin oliqarx məmurlar vəziyyətin bu şəkildə qalmasını daha çox istəyir, bununla bağlı əllərində olan səlahiyyətlərindən istifadə edirlər. Əhalinin rifahının yaxşılaşdırılması, heç olmasa mövcud olan iş yerlərinin itirilməməsi ilə bağlı heç bir addım atılmır”. 
Tarix: 22-08-2022, 18:08
Xəbəri paylaş





Xəbər lenti