Azərbaycanda əhali kredit hesabına dolanır? - AÇIQLAMA

Azərbaycanda əhali kredit hesabına dolanır?
2022-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycanın bank sektorunun kredit portfeli 167.4 milyon manat artaraq 31 iyul 2022-ci il tarixində 18 milyard 487.4 milyon manata çatıb.

Mərkəzi Bank xəbər verir ki, o cümlədən, biznes kreditləri 15.3 milyon manat artaraq 10 milyard 497 milyon manata, istehlak kreditləri 125.2 milyon manat artaraq 5 milyard 315 milyon manata, ipoteka kreditləri isə 26.9 milyon manat artaraq 2 milyard 675.4 milyon manata çatıb. 2022-ci ilin 7 ayı ərzində bank sektorunun cəmi kredit portfeli 1 milyard 828.3 milyon manat, o cümlədən biznes kreditləri 757 milyon manat, istehlak kreditləri 796.6 milyon manat, ipoteka kreditləri isə 274.7 milyon manat artıb.

Qeyd edək ki, son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunması Mərkəzi Bankı da narahat edir. Bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankı məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması üçün prudensial tələblərini sərtləşdirib.

Bu gün ölkədə istehlak kreditlərindən daha çox istifadə vətəndaşların ehtiyaclarını məhz bu kredit hesabına ödəməsinin göstəricidirmi? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət”ə bildirib ki, vətəndaşlar hər zaman daha yaxşı yaşamaq, yeni nəsə almaq istəyir və bu da başa düşüləndir:

“Xüsusilə indiki zamanda müxtəlif vasitələrlə insanların beyninə müəyyən reklamlar doldurulur və “qonşudan geri qalma” prinsipi ilə hamı istədiyini almağa çalışır. Eyni zamanda, banklara da vətəndaşlara istehlak kreditləri vermək sərf edir. Çünki istehlak kreditlərində faiz dərəcəsi biznes kreditlərindən xeyli yüksəkdir. İkincisi, bank vətəndaşa krediti hansı şərtlərlə istəsə imzalada bilir. Vətəndaş əksər hallarda bunu başa düşmür. Hər kəs bu sahədə mütəxəssis ola bilməz. Üçüncüsü, sabah kreditlə bağlı problem yarananda vətəndaşa bank tərəfindən təzyiq göstərmək daha asandır. Vətəndaşın əlində alətlər yoxdur ki, banka qarşı müqavimət göstərsin. Bu baxımdan bankın da istəyi başadüşüləndir. Bu istək çox olduğu üçün banklar da istehlak kreditlərini çox verir”.

Ekspertin fikrincə, bu, ölkə iqtisadiyyatı üçün pisdir:

“Banklar pulu istehlakçıya verir və istehlakçıya gedən iqtisadi artıma səbəb olmur. Əksinə, biznesə verilən kreditlər sahibkarlığı genişləndirir. Son nəticədə iş yerlərini, maaşlarını artırır. Bu baxımdan Mərkəzi Bankı da bu məsələ narahat edir ki, banklar biznesə yox, istehlaka kredit verirlər. İstehlak da əksər hallarda texnika ilə bağlıdır ki, onsuz da Azərbaycanda istehsal olunmur, xarici məhsullardır. Bu baxımdan pullar faktiki olaraq xaricə gedir”.

Ekspert deyir ki, bütün bunlarla bağlı Mərkəzi Bankın əlində bir sıra alətlər var:

“Ondan istifadə edir ki, banklar istehlak krediti verməyə çox meyilli olmasın. Bir problem də odur ki, bu təsir alətlərinin onun yanından ötüb keçmək yolu var və illərdir ki, istifadə edilir. Hələ ki, Mərkəzi Bank buna bir əncam çəkə bilmir. Bir sıra ticarət şəbəkələri texnika satışı zamanı özləri vətəndaşlarla alqı-satqı müqaviləsi bağlayır. Həmin ticarət şəbəkələri də banklardan kredit götürür və gedib xaricdən mal alıb gətirib vətəndaşa nisyə satırlar. Bankın verdiyi pul dolayısyla istehlakçıya gedir. Ancaq bankların statistikasında bu, elə göstərilir ki, sanki biznesə gedib. Bu baxımdan Azərbaycanda istehlak kreditləri daha çoxdur və bununla da mübarizə aparmaq olmur. Bununla necə mübarizə aparmaq olar? Mərkəzi Bankın qaydalarında belə bir dəyişiklik etmək olar ki, bankların ticarət şəbəkələrinə verdiyi kreditlərin də banklara sərf etməyən kreditlər kimi qarşısı alınsın. O demək deyil ki, istehlak kreditləri tamamilə verilməsin. Sadəcə elə etmək istəyirlər ki, çəkisi azalsın. İstehak kreditləri üzrə faizlər arta bilər. Nəticədə doğrudan da lazım olan vətəndaşlar kredit alsın. Etiraf edək ki, “hamıda var, məndə də olsun” prinsipi ilə kredit alanlar da çoxdur”.
Tarix: 26-08-2022, 14:40
Xəbəri paylaş





Xəbər lenti