Azərbaycana böyük gəlir vəd edən qış turizmi: şərait var, amma...


 

Ekspert: “Çatışmazlıqların aradan qaldırılması üçün ilk növbədə müvafiq dövlət qurumları qiymət və keyfiyyət məsələlərini tənzimləməlidir”

Turizm dedikdə, gözümüzün önündə daha çox yay istirahəti canlanır. Ancaq dünya təcrübəsində turizmin bir çox sahələri var, kənd turizmi, ekoturizm, qış turizmi, balıqçılıq turizmi, dağ turizmi, qış turizmi və s...
Azərbaycan turistik bölgəyə çevrilməyi hədəfləyən ölkələrdəndir. Bu istiqamətdə dövlət müxtəlif proqramlar icra edir. Düzdür, hələlik ortada arzuolunan nəticə yoxdur, ancaq qarşıda olacağı istisna deyil.  Məsələ ondadır ki, Azərbaycanda təkcə yay turizmi deyil, qış turizmi, balıqçılıq turizmi, kənd turizmi üçün kifayət qədər imkanlar var. Bəs bu imkanlardan necə istifadə olunur?

Turizm sahəsi üzrə ekspert Əziz Şiriyev “Yeni Müsavat”a açıqlamasında dövlətin bu sahəyə kifayət qədər dəstək göstərdiyini vurğuladı: “Bir neçə il öncə turizm eksperti kimi Latviyada kənd evlərində olduq, onların təcrübələrini öyrəndik və Azərbaycanda tətbiq etməyə başladıq. Hazırda turizmin bir çox istiqamətləri üzrə inkişaf var. ”Azerbaijan Tourism Board"un (ATB) regionlarda şöbələri var. Kənd turizmi paralel olaraq icma turizmini inkişaf etdirir. Məsələn, kənd evində qalan turist digər kənd sakinlərindən müxtəlif məhsullar alır və s. Hazırda bu istiqamətdə işlər görülür. Hətta Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu layihəyə dəstək verdi. Kənd turizminin inkişafı üçün 220 min vəsait ayrıldı. İsmayıllının Basqal, İvanovka kəndlərində işlər görüldü. Bu sahədə işlər davam etdiriləcək".
Az pulla çox səyahət
Rəna Kərimova
Səyahət blogeri Rəna Kərimovanın müşahidələrinə əsasən qış turizmi, o cümlədən kənd turizmində nəzərəçarpacaq inkişaf var, amma görüləcək işlər çoxdur: “Kiçik sahibkarlar qonaqlara, turistlərə daha yaxşı xidmət göstərməyə çalışırlar. Dövlət qurumları, xarici təşkilatlar da kənd turizminin inkişafına dəstək verirlər. Azərbaycan Turizm Blogerləri Assosiasiyasında (ATBA) da bununla bağlı müzakirələr olub. Bu sahənin inkişafında səyahət blogerlərinin fəaliyyəti də önəmli rol oynayır. İnsanlar maraqlı, gözəl yerləri bloggerlərin sayəsində tanıyırlar və gedib öz gözləri ilə görmək istəyirlər. Layihələr hazırlayıb çatışmazlıqları aradan qaldırmaq kimi icraedici funksiyamız yoxdur. Bizim üzərimizə düşən getmək, çəkmək, təbliğ etməkdir. Ümumiyyətlə, bu sahədə konkret dövlət qurumundan, yaxud blogerlərdən gözlənti olmamalıdır. Güc birlikdədir. Çatışmazlıqların aradan qaldırılması üçün ilk növbədə müvafiq dövlət qurumları qiymət  və keyfiyyət məsələlərini tənzimləməlidir. Bəzən regionlarda yüksək qiymət müqabilində aşağı xidmət göstərildiyini görürük. Bunu aradan qaldırmaq lazımdır. Sahibkarlar turizm sahəsində kifayət qədər bilikli olmadıqları üçün narazılıqlar yaranır. Ümid edirəm, zamanla bu problemlər həll olunacaq”.
Dövlət Turizm Agentliyindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirildi ki, yaxın günlərdə bu məsələ ilə bağlı geniş açıqlama veriləcək.
Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında 2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektlərinin təsis olunması nəzərdə tutulur . Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin təsis olunması planlaşdırılır. Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəkdir.
Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar 2022-ci ilin 28 yanvar tarixinədək müraciət edə bilərlər.
Qeydiyyat üçün DTA-nın saytında link yerləşdirilib.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib.
Tarix: 9-09-2022, 09:48
Xəbəri paylaş





Xəbər lenti