Durğunluq dövrü: Kreditlərə maraq niyə yoxdur? - AKTUAL

Durğunluq dövrü: Kreditlərə maraq niyə yoxdur?
2022-ci ilin 8 ayında (yanvar-avqust) Azərbaycanın bank sektorunun kredit portfeli 151,2 milyon manat artaraq 31 avqust 2022-ci il tarixində 18 milyard 638,6 milyon manata çatıb.

Mərkəzi Bankın məlumatına görə, iyul ayı ilə müqayisədə avqust ayında biznes kreditləri 5 milyon manat azalaraq 10 milyard 492 milyon manata düşüb. İstehlak kreditləri 101,7 milyon manat artaraq 5 milyard 416.7 milyon manata, ipoteka kreditləri isə 54.6 milyon manat artaraq 2 milyard 730 milyon manata çatıb.

Qeyd edək ki, zamanla istər biznes, istərsə də istehlak və ipoteka kreditlərində dalğalanmalar yaşanır. Cari ilin avqust ayında isə ötən ayla müqayisədə biznes kreditlərinin azalması müxtəlif səbəblərlə izah edilir.

Biznes kreditlərində azalmalara mövcud qlobal böhranın təsirləri varmı? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, biznes kreditləri ilə bağlı mövcud azalmanı əslində bir aylıq nəticə ilə dəyərləndirmək o qədər də məqəsəduyğun olmaz:

“Bu mövsümi də ola bilər, yay aylarında adətən heç kim biznes fəaliyyətinə başlamır. Bu proses bir neçə ay davam edərsə, problemin səbəblərini müəyyənləşdirmək olar. Mövsümi faktorla yanaşı bütövlükdə dünyada və bizdəki vəziyyətə nəzər salsaq, biznes aktivliyi və kreditləşmənin artması müşahidə edilmir. Vəziyyət elə deyil ki, kimsə fəaliyyətini genişləndirməyə başlasın.

Deməzdim ki, ötən illə müqayisədə biznes kreditlərinə maraq yoxdur. Bu gün kreditlərin çoxunu dövlət layihələrini həyata keçirən şirkətlər götürür. Özəl biznesdə olanlar o qədər çox kredit götürmür. Çünki fəaliyyətlərinin genişləndirilməsindən söhbət getmir. O krediti də qaytarmaq lazımdır. Ümumiyyətlə, son vaxtlar uğurlu bizneslərin sayı çox deyil. Bu baxımdan əgər dövlət layihələri ilə bağlı deyilsə, inanmıram ki, özəl biznes krediti götürməyə meyilli olsunlar”.
Tarix: 28-09-2022, 09:03
Xəbəri paylaş





Xəbər lenti