“Sığorta bazarında sözün əsl mənasında “bazar açıblar” - PROBLEM

“Sığorta bazarında sözün əsl mənasında “bazar açıblar”
Ölkəmizdə sığorta bazarının bir neçə ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, hələ də bu istiqamətdə istənilən nəticə əldə edilməyib.

Vətəndaşlar isə sığorta bazarından razı olmadıqları üçün bu sahəyə o qədər də maraq göstərmirlər. Millət vəkili Razi Nurullayev parlamentin son iclasında bu məsələyə toxunub:

“Azərbaycanda xeyli sayda sığorta şirkəti olsa da, vətəndaşların bu xidmətdən narazılığı çoxdur".

Onun sözlərinə görə, xüsusilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı sığorta şirkətlərindən ödəniş almaq çətindir:

“Bu cür sığorta hadisələri zamanı şirkətlər əlindən gələni edir ki, ya ödəniş etməsin, ya da az məbləğ ödəsin. Mən özüm də xeyli müddət əvvəl sığorta şirkətlərindən biri ilə bu cür hal yaşadım. Rəhbərliklə danışmaq istədim, telefona bir qız cavab verdi, bilmədim canlıdır, yoxsa robot. İnsanlar tanıyıram ki, onları bezdirdiklərinə görə sığorta ödənişindən imtina ediblər".

Beləliklə, bu gün sığorta bazarı istənilən səviyyədə inkişaf etmir və problemlər qalmaqdadır.

Problemləri aradan qaldırmaq, əhalinin sığorta şirkətlərinə inamının yaranması üçün hansı addımlar atılmalıdır, bu istiqamətdə xarici sığorta bazarını ölkəyə cəlb etmək lazımdırmı? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, bu gün ümumilikdə sığorta bazarında vəziyyət qənaətbəxş deyil:

“Hazırda açıq-aşkar sığorta bazarında, xüsusilə də icbari avtomobil sığortasında bunu görmək olar. “Bazar” sözünün iki mənası var. Biri bazar iqtisadiyyatıdırsa, digəri odur ki, sözün əsl mənasında sığorta şirkətləri “bazar açıblar”. Sığorta şirkətləri ancaq pul yığır, onları maraqlandıran ancaq budur. Hadisə baş verəndə vətəndaş Dövlət Yol Polisi xidmətindən asanlıqla sənədini alır. Yaxud hər hansı istintaq araşdırması baş verərsə, orada bütün sənədlərini rahatlıqla toplayır. Ancaq sığorta süründürməçiliyi davam edir. Birincisi, hər biri özlərinə məxsus təmir-bərpa yerləri ilə müqavilə imzalayır və sürücünü həmin yerə yönəldirlər. Orada isə sürücü keyfiyyətli iş ala bilmir. Ona görə də məcburdur ki, öz tanıdıqları, bildiyi mərkəzlərə müraciət etsin. Bu zaman onların icbari qaydada, mütəşəkkil formada pullarını kəsməyə başlayırlar. Vətəndaş bu gün dəyən ziyanın pulunu tam şəkildə ala bilmir. Bu da ona gətirir ki, insanlarda inamsızlıq formalaşır, sığorta sistemindən kənarlaşmalar başlayır, cəmiyyətin sağlam mühitə keçidin sürətini azaldır və qlobal problem yaradır”.

Ekspertin sözlərinə görə, əslində bunun çox sadə yolu da var:

“Belə ki, sosial şəbəkələr vasitəsilə ictimai qınaq şəklində həmin şirkəti nüfuzdan salmaq daha yaxşı olar. Bu gün sosial şəbəkələrdə məktəblilərin davranışı ilə bağlı məlumat yayılır və ictimaiyyət reaksiya verir. Sığorta ilə bağlı da xalq reaksiya verməlidir ki, belə bir hadisə olub, vəziyyət bu şəkildədir, problem də budur. Bu zaman daha tez effekti olacaq. Sığorta şirkətləri öz nüfuzuna sosial şəbəkələrdə xələl gətirməmək üçün ən azı fəaliyyətlərində çeviklik yaradacaq. Hər şeydən pul qazanmaq istəyirlər. Heç olmasa hadisə baş verəndə onu aradan qaldırın ki, əhali stimullaşsın. İcbari şəkildə yox, özləri müraciət edərək, sığorta etdirsinlər. Xarici modeli buraya dəvət etmək də olar. Ancaq nəzərə almaq lazımdır ki, o model də buraya gəlsə, bizim işbazlar işləyəcək. Ona görə sistem, baxış dəyişilməlidir. Bizim ASAN kimi xidmətimiz var və nə qədər sahələr üzrə neqativ hallar yox olub. Sığortada da hər hansı formada bunu tətbiq etmək lazımdır”.
Tarix: 12-10-2022, 21:53
Xəbəri paylaş





Xəbər lenti