"MAAŞ artımı QİYMƏT artımına uyğun deyil" - ETİRAZ

"MAAŞ artımı QİYMƏT artımına uyğun deyil"
Siam.az Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizədadənin KONKRET.az-a müsahibəsini təqdi edir:

– Azərbaycandakı sosial durum və məşğulluq səviyyəsini necə qiymətləndirirsiniz?

“Təbii ki, sosial vəziyyətə təsir edən ciddi amillər var. Bu, xüsusilə son dövrlərdə müxtəlif sahələr üzrə qiymət artımı, ərzaq, gündəlik tələbat və digər məhsulların bahalaşması ilə bağlıdır. Eyni zamanda son 2 il ərzində bütün dünyada baş verən proseslər, bahalaşma, təbii ki, bahalaşma daha çox pandemiyanın fonunda baş verib. Eləcə də, pandemiya Azərbaycan iqtisadiyyatına paralel olaraq vətəndaşların sosial durumuna da kifayət qədər ciddi təsir edib.

Məlumdur ki, ölkədə işsizlik səviyyəsi elə də aşağı deyil. Pandemiyaya qədərki dövrdə 600 minə yaxın şəxsin işsiz olması ilə bağlı statistik məlumat var idisə, pandemiya dövründə məlum oldu ki, təxminən 2 milyona yaxın Azərbaycan vətəndaşı işsizdir. Bunu o vaxtkı müavinət müraciətlərindən də bilmək olardı. Hökumətin özünün də rəqəmləri onu deməyə əsas verdi ki, ölkədə işsizlik problemi var. İşləyən əhalinin orta aylıq əmıkhaqqı təxminən 750 manat civarında göstərilir, amma işləyənlərin hamısı o maaşı almaq imkanına malik deyil.

Bütün bunların fonunda, son 1 il ərzində tariflərin, kommunal xidmətlərin bahalaşması, dizel-benzin, su, elektrik qiymətlərimin artımı əhalinin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərib. Hesab edirəm ki, ölkədə qiymət artımı ilə bağlı hökumət tərəfindən ciddi tədbirlər görülməlidir. Çünki qiymət artımı real vəziyyətə adekvat deyil. Mövcud durumdan istifadə edənlər var. Bir sıra sahibkarlar var ki, süni qiymət artımına gedirlər. Ölkədə manatın məzənnəsi dollara nisbətdə sabit qalıb, ölkəyə daxil olan məhsulların qiymətində bir o qədər də artım yoxdur. Amma bunun müqabilində sahibkarlar tərəfindən süni qiymət artımı var ki, bu məsələ ilə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğul olmalıdır. Hökumətin müvafiq strukturları bu məsələ ilə bağlı ciddi ölçülər götürməlidirlər ki, süni qiymət artımının, inhisarçılığın qarşısı alınsın”.

– Sizin də vurğuladığınız kimi, qiymətlər bahalaşır, mütəmadi olaraq minimum əməkhaqqı da artırılır. Etiraf etmək lazımdır ki, dollara nisbətdə manatın məzənnəsi stabil saxlanılsa da, milli valyutamız dəyərdən düşüb, alıcılıq qabiliyyəti azalıb. Maaşlar da ölkədəki qiymət artımına uyğun deyil.

“Maaşların artımı təxminən 20 % civarındadırsa, bir sıra məhsullarda qiymət artımı 100 faiz və daha çoxdur. Ən aşağı qiymət artımı 50 faizdən yuxarıdır. Yəni, təbii ki bu, heç bir halda maaşların artımı ilə adekvat deyil. Maaşlar 20 faiz artırılırsa, qiymət artımı daha çoxdur. Təəssüflər olsun ki, hökumətin ayrı-ayrı üzvləri raport verirlər ki, adekvatdır. Hətta Prezidentə də bu cür hesabatlar verilir. Bunun şahidi olmuşuq. Amma birmənalı demək olar ki, qiymət artımı ilə maaşların artımı heç bir halda üst-üstə düşmür.

Hətta dünyada baş verən qlobal qiymət artımı, qlobal ərzaq çatışmazlığına Rusiya-Ukrayna müharibəsinin də təsiri var. Pandemiya ilə bağlı dünyada baş verən proseslər belə, Azərbaycanda bu səviyyədə qiymət artımına əsas vermir. Yəni bizdəki qiymət artımı dünyada baş verənlərə də adekvat deyil”.

– Əlbəttə, elə təbii ehtiyatlar (su, neft-qaz və s.), məhsullar var ki, onu idxal etmirik. Özümüzün istehsalıdır. İxrac etdiyimiz (meyvə-tərəvəz) məhsullarını da nəzərdə tuturam.

“Bəzi kənd təsərrüfatı məhsullarında qiymət artımı var ki, buna yanacağın bahalaşması da təsir edib. İlin əvvəlində dizelin bahalaşması fonunda hökumət belə bir bəyanat verdi ki, sözügedən yanacaqdan istifadə edən kənd təsərrüfatı sahələri üzrə sahibkarlara əlavə subsidiyalar veriləcək. Onun da şahidi olmadıq. Subsidiyalar verilməyib. Hər halda sahibkarlar mövqe bildirirlər ki, vəd olunan subsidiyalar verilmir. Ona görə, bu sahədə də qiymət artımı var. Azərbaycan ərzaq təhlükəsizliyini tam olaraq təmin edən ölkələr sırasında deyil. Amma buna baxmayaraq, bir çox məhsullar ölkədə istehsal olunur deyə həmin məhsulda qiymət artımı heç cür anlaşılan deyil”.

AMİP sədri sonda bir daha vurğulayıb ki, Azərbaycandakı bahalaşma mövcud vəziyyətə uyğun deyil.
Tarix: 19-10-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti