Gələn ilin dövlət büdcəsində nələr çatmır?

Hesablama Palatası gələnilki dövlət büdcəsinin layihəsi haqqında rəyini açıqlayıb. Xatırlatmağa dəyər ki, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 30.7 milyard manat, büdcə xərclərininsə 33.3 milyard manat olması nəzərdə tutulub.
Deməli, hökumət gələn ilin büdcəsində 2.6 milyard manat defisit proqnozlaşdırılır. 2023-cü ildə dövlət büdcəsinin gəlirləri bu illə müqayisədə 5.2 faiz, xərcləri isə 3 faiz daha çox olacaq. Gələnilki büdcənin istər gəlirləri, istərsə xərcləri indiyədək manat ifadəsində ən böyük göstəricilərlə ifadə edilib. Büdcə gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb. Bir çox beynəlxalq təşkilatın (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Goldman Sachs” və s.) 2023-cü ildə neft qiymətləri ilə bağlı proqnozu 85-108 dollar arasında dəyişir. Bu baxımdan, növbəti il enerji qiymətləri gözləniləndən daha yüksək olarsa, bu, Azərbaycanın dövlət büdcəsi gəlirlərini daha da artıra bilər.

Baza göstəriciləri açıqlanmayıb

Hesablama Palatasının rəyində büdcə layihəsindəki çatışmazlıqlara da diqqət çəkilib. Palatanın rəyinə görə, bu çatışmazlıqlardan biri makroiqtisadi proqnozlar hazırlanarkən istifadə edilən bilgilərin açıqlanmamasıdır. Palatanın fikrincə, sözügedən çatışmazlıq makrofiskal təhlillərin aparılmasına təsir göstərir. Üstəlik, istər “Büdcə sistemi haqqında” Qanunda, istərsə “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda həmin göstəricilərin büdcə layihəsində əks etdirilməsi tələbi var. Ancaq hər iki hüquqi aktda bu göstəricilərin tərkibi haqqında tələb müəyyənləşdirilməyib. Palatanın qənaətincə, qanunvericilikdə bununla bağlı konkret tənzimlənmənin olmaması “Büdcə zərfi”nin tərkibinə daxil edilən makroiqtisadi parametrlər siyahısını dəyişdirə bilir.
Əvvəlki illər üzrə təqdim edilmiş zərflərin də təhlili göstərir ki, “Büdcə zərfi”nə daxil edilən sosial iqtisadi göstəricilərin proqnozları barədə bəzi məlumatlar əvvəlki illərlə müqayisədə azalıb. Bu il üzrə gözlənilən rəqəmlər barədə də bilgi verilməmişdi. Bu da makrofiskal təhlilin gerçəkləşdirilməsini və bəzi göstəricilər üzrə 2022-2023-cü illərə dair müqayisənin aparılmasını mümkünsüz edib.
Azadlıq radiosu
Tarix: 2-11-2022, 21:42
Xəbəri paylaş





Xəbər lenti