Bazardakı “oliqarx əli”: “Onlar qiyməti qaldırıb və qoruyub saxlayırlar”



Dövlət Statistika Komitəsinin inflyasiya hesabatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2021-ci ilin doqquz ayına nisbətən 13,4 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,3 faiz, qeyri-ərzaq məhsulları 7,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 10,2 faiz bahalaşıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deputat Əli Məsimli inflyasiya haqqında danışarkən bunları deyib:
"Azərbaycanda heç kim inhisar hesabına yaranan inflyasiyadan danışmır. Qiymət artımının neçə faizi xaricdən idxal olunur, neçə faizi sünidir?"
Siam.az-ın məlumatına görə, süni şəkildə artırılan qiymət artımı barədə Cebhe.info-ya danışan iqtisadçı ekspert Razi Abbasbəyli deyib ki, ölkədə idxalla bağlı rəqabət yoxdur:

“Azərbaycan bu gün daha çox idxal inflyasiyasından əziyyət çəkir. Ölkənin idxal məhsulları bir neçə nəfərin inhisarındadır. Azərbaycanda idxal inflyasiyasına səbəb oliqarxların ölkədə süni şəkildə sobataj etməsidir. Azərbaycana gətirilən iynədən, sapdan tutmuş avtomobil, iri texnikalara qədər hər bir məhsulun öz sahibləri var. Bunlar oliqarxlar, məmurlardır.
Xüsusilə də, ərzaq məhsulları bazarında, gündəlik lazımlı, ölkəmizin yaşayışı üçün əhəmiyyətli olan məhsulları gətirənlər inhisarçılardır. Bu inhisarçılar Azərbaycanın daxili bazarında istədikləri qiyməti müəyyən edirlər, ölkədə inflyasiyanın yaranmasında onların birbaşa rolu var. Əgər idxalla bağlı ölkədə normal rəqabət imkanları yoxdursa, bunların ölkəyə gətirilməsində iştirak etmək istəyən iş adamları kənara atılırsa və bir neçə nəfər bu idxalı öz inhisarında saxlayırsa, təbii ki, birtərəfli qiymət müəyyənləşdirilməsi həyata keçirilir ki, bu da bahalaşmaya gətirib çıxarır”.
Ekspert hesab edir ki, bu yöndə görülən tədbirlər yetərli deyil:
“Bu məsələlərdə dövlətin təsir imkanları çox aşağıdır. Rəsmi dairələr zaman-zaman bir sıra monitorinqlər həyata keçirir, amma bu monitorinqlər pərakəndə satış nöqtələrində olur. Ölkəyə idxal olunan məhsulların qiymətləri gömrükdə və topdansatış bazarlarında müəyyən olunur və ondan sonra pərakəndə satış nöqtələrində qiymətlər formalaşır. Millət vəkilinin dediyi kimi, burada çox ciddi problemlər var. Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməsi və bu məcəllənin işlək bir hala salınmasına ehtiyac var”.
İqtisadçı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmadığını, gömrük öhdəlikləri götürmədiyini vurğulayıb:
“Qeyd edim ki, Azərbaycan postsovet məkanında Ümumdünya Ticarət Təşkilatına üzv olmayan tək ölkədir. Bu təşkilata üzv olmaq o deməkdir ki, idxalda inhisarçılıq ortadan qaldırılır, sağlam rəqabət mühiti yaradılır. Rəqabət mühitində də qiymətləri bazardakı şəxslər müəyyən edir. Yəni bu gün dünya bazarında hər hansı məhsulun qiyməti aşağı düşürsə, bu, dərhal Azərbaycanın daxili bazarında özünü göstərməlidir. Dünyanın əksər ölkələrində dünya birjalarında bir sıra ərzaq məhsullarının, məsələn, ərzaq buğdasının qiyməti aşağı düşüb. Bununla da Azərbaycanda ərzaq buğdasının, ümumiyyətlə, buğdanın, unun , çörəyin qiymətinin ucuzlaşmasını görmürük.
Digər məhsullarda da eyni tendensiyadır. Bəzi ərzaq məhsulları ucuzlaşsa da, ölkədə bunu hiss etmirik. Çünki Azərbaycana gətirilən məhsulların hər birinin ayrı-ayrı oliqarx sahibləri var və onlar qiyməti qaldırıblar və qoruyub saxlayırlar. Bazar özü-özünü tənzimləmir, bu da inflyasiyanın sürətlə yayılmasına, böyüməsinə səbəb olur. Bununla da ən yüksək səviyyədə mübarizə aparılmalı və rəqabət imkanları yaratmaqla, şəffaf gömrük imkanları tanımaqla, vətəndaşların da ticarət münasibətlərində iştirakını təmin etməklə bazarda qiymətləri bazarın öz ixtiyarına buraxmaq lazımdır”.
Tarix: 7-11-2022, 11:56
Xəbəri paylaş





Xəbər lenti