Ət süfrədən qəhətə çəkilir: Yerini toyuqlar tutur - Ekspert danışır

Ət süfrədən qəhətə çəkilir: Yerini toyuqlar tutur
Ölkəmizdə ət və ət məhsullarına tələbat artıb.

Bu il Azərbaycan Gürcüstandan toyuq əti tədarükünü altı dəfədən çox artırıb. DİA.AZ-ın məlumatına görə, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Cəbhe.info-ya açıqlamasında bildirib ki, buna səbəb dana və qoyun ətinin bahalaşmasıdır:

"Dana və qoyun ətinin bahalaşması daha ucuz olan toyuq ətinə tələbatın artmasına gətirib çıxarır. Ötən il ölkənin toyuq ətinə olan tələbatı 140 min ton idisə, bu il 150 minə tona yaxınlaşa bilər".

O, toyuq ətinin qırmızı ətə nisbətən daha sağlıqlı olmasının da təsirini vurğulayıb:

"Dünyada belə bir tendensiya var ki, ağ ət, yəni toyuq və quş ətləri daha sağlıqlıdır. İsanlar xolesterindən qaçmaq istəyirlər. Dünyada bu tendensiya çox ciddi gedir. Hazırda ABŞ-da adambaşına 105 kq, İsraildə 95 kq, Avropa Birliyi ölkələrində 46 kq, Türkiyədə 26-28 kq toyuq əti yeyilir. Bizdə də yəqin ki, gələcəkdə bu arta bilər. Ümumiyyətlə, ölkə əhalisinin ətə olan tələbatı 300 min tondur, onun 50 faizə yaxınını toyuq əti təşkil edir".

Sədr ölkə üzrə adambaşına düşən toyuq əti istehlakının 14 kiloqram olduğunu qeyd edib:

"Ötən illə nisbətdə toyuq ətinin 6 dəfədən çox artırılmasına inanmıram. 2021-ci ildə Azərbaycana 21 ton toyuq əti gəlib. Braziliyadan kolbasa və sosiskalarda istifadə edilmək üçün toyuğun bud hissəsi gətirilmişdir. Gürcüstandan gəlməsinin isə həmişə biz əleyhinə olmuşuq. İşbazlar Belarusiyadan ikinci növ, qidaya yararlılığı olmayan toyuq əti gətirmişdilər, onların qarşısı alındı.

Azərbaycanın toyuq əti istehlakı 140 min tondur. Yəni adambaşı 14 kiloqram ət yeyilir. 140 min tonun 85 faizini yerli fabriklər istehsal edir. Bir ara yemin baha olmasına görə gecikmələr oldu, lakin ölkə başçısının soya ilə bağlı sərəncamı və yem qatqılarının gömrük rüsumundan azad edilməsi, soyadan əlavə dəyər vergisinin götürülməsi yenidən fabriklərin işə salınmasına gətirib çıxardı. Hazırda kifayət qədər ət də, yumurta da var. Anbarlarda 40-50 milyon süfrə yumurtası var. Gündəlik tələbat üç milyon altı yüzün üzərindədir".
Tarix: 10-11-2022, 22:45
Xəbəri paylaş





Xəbər lenti