Gələn ilin büdcəsi: gəlirlər, xərclər, inflyasiya... – Milli Məclisdə müzakirə başladı


Parlamentdə 2023-cü ilin büdcə layihəsi müzakirəyə çıxarılıb: nazir əhalinin real gəlirlərinin inflyasiyanı üstələdiyini açıqlayıb
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. İclasda Baş nazir Əli Əsədov və hökumətin digər üzvləri iştirak ediblər. Qanun layihəsinə əsasən, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir. Eyni zamanda, layihəyə görə, 2023-cü ildə icmal büdcənin gəlirləri 32939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2022-ci ilin yenidən baxılmış proqnozuna nəzərən 3721,5 milyon manat və ya 10,2 faiz azalma deməkdir.
İcmal büdcə xərcləri isə növbəti ildə 37883,0 milyon manat proqnozlaşdırılıb ki, bu da ÜDM-nin 35,8 faizini təşkil edir. İcmal büdcənin xərcləri 2022-ci ilin yenidən baxılmış proqnozu ilə müqayisədə 2342,1 milyon manat və ya 6,6 faiz çoxdur. 2023-cü il üzrə icmal büdcədə 4943,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.
Komitə sədri: “Büdcə ili aprelin 1-də başlasın”
İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili maraqlı təkliflə çıxış edib. Komitə sədri deyib ki, Azərbaycanda dövlət büdcəsi ilə bağlı təqvim ilinin aprelin 1-də başlaması və martın 31-də başa çatmasını təklifi var: "Problemlərin həlli üçün müxtəlif mexanizmlərin olduğunu qəbul etməklə yanaşı, məsələnin makro səviyyədə həlli üçün ölkəmizdə büdcə ilinin dəyişdirilməsini, yanvarın 1-də deyil, aprelin 1-də başlamasını, dekabrın 31-də deyil, martın 31-də başa çatmasını təklif edirik. Hazırda bir çox ölkələrdə - Böyük Britaniya, Sinqapur, Yaponiya və Küveytdə büdcə ili 1 apreldə başlayır, 31 martda başa çatır”.
“Buna keçməyin mürəkkəb bir proses olduğunu anlayır, amma keçidin bir çox problemlərin həllinə də birdəfəlik rəvac verəcəyinə inanırıq. Hesab edirik ki, belə bir dəyişiklik layihələrin, tədbirlərin maliyyələşməsinə, büdcə planlaşdırmasının və parlament müzakirələrinin daha səmərəli keçməsinə imkan yarada bilər", - T.Mirkişili vurğulayıb.
“Vergi və gömrük rüsumları üzrə azadolmaların həcmi 7,8 milyard manatı keçəcək”
Komitə sədri qeyd edib ki, iqtisadi artımın davam etməsi, qeyri-neft sektorun inkişafı, iqtisadiyyatda şəffaflığın artması, enerji məhsullarının ixracının və coğrafiyasının genişlənməsi, nəqliyyat koridorlarının intensivləşməsi növbəti il üçün bizə yeni imkanlar vəd edir: “Təqdim edilmiş layihədə 2023-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, qeyri-neft-qaz sektorunda Ümumi Daxili Məhsulun real artım tempinin isə 4,5 faiz olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı, qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 70 faizə, orta aylıq əməkhaqqının 898 manata çatacağı, vergi Tədiyyə Balansının Cari Əməliyyatlar Hesabının və Xarici Ticarət balansının profisitlə olacağı proqnozlaşdırılıb. Növbəti ildə dövlət büdcəsinə hesablanmayan vergi və gömrük rüsumları üzrə azadolmaların həcmi 7,8 milyard manatı keçəcək”.
Nazir gələn il üçün hədəfləri açıqladı
Müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov əvvəlcə işğaldan azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait haqqında danışıb. Nazir bildirib ki, Vətən müharibəsində tarixi qələbədən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib.
“9 milyard 700 milyon vəsait 3 ildə azad edilmiş ərazilərin bərpası üçün xərclənib. Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”, - Şərifov qeyd edib.
Nazir qeyd edib ki, 2023-cü ildə qarşıya qoyulan əsas vəzifələrdən başlıcası Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın təmin edilməsidir: “Ölkəmizin maliyyə imkanlarının ildən-ilə artması bir neçə sahədə maliyyə xərclərinin daha da artırılmasına təminat verir. Bizim əsas hədəflərimizdən biri Ordumuzun müasir, mütəşəkkil hərbi qüvvədə təkmilləşdirilməsidir, buna dövlət büdcəsinin imkanı da çatır. Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılmasına xüsusi diqqət yetirilir. Bununla bağlı bir sıra qanun layihələri Milli Məclisə təqdim edilib”.
Mikayıl Cabbarov: “Dünya iqtisadiyyatında gərginlik və risklər daha da artmaqdadır”
“Dünya iqtisadiyyatında gərginlik və risklər daha da artmaqdadır. Bunun əsas səbəbi Rusiya ilə Ukrayna arasındakı münaqişənin daha da şiddətlənməsidir”. Bu sözləri isə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Dünyada inflyasiyanın artdığını söyləyən nazir bildirib ki, buna, eyni zamanda, beynəlxalq ərzaq bazarında olan artımlar təsir edir: “Dünya ərzaq qiymətləri indeksi cari ilin oktyabrında 0,1 faiz azalıb. İdxal olunan inflyasiya bizdə də artıb. Bu ilin 10 ayında əhalinin real gəlirləri inflyasiyanı üstələyib”.
Büdcə müzakirələri Milli Məclisin plenar iclasında davam edəcək.
Tarix: 16-11-2022, 22:08
Xəbəri paylaş





Xəbər lenti