Müəllimlərin maaş artımını vergi və inflyasiya yeyir


Ekspert Rövşən Ağayev
Rısmi təsdiqlənməmiş məlumata görə, 2022-ci ildə orta təhsil sistemində çalışan müəllimlərin maaşları yanvardan etibarən 10% artırıla bilər.
Bu məsələ ilə bağlı vacib bildiyim bir neçə məqamı qeyd eləməyə ehtiyac duyuram.
Ən azı so 15-20 illik zaman intervalını götürsək, təhsil sistemi üzrə pedoqoji kontingentin yarısından çoxunu təşkil edən orta məktəb müəllimlərinin maaşlarında nəzərəçarpan artım 2016-cı ildə oldu – ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmənin nəticələrinə görə.
Hərçənd ki, o zaman maaşlarda 50%-lik artım olsa da, müəllimlərin də dərs yükü də elə 50%-ə yaxın artırıldı. Amma hətta bu amili kənara qoysaq belə, məvaciblərdə artım oldu. Məsələn, həmin qərarla 3 ilə qədər staja, ali təhsilə və tam dərs yükünə (18 saat) malik müəllimlər üçün aylıq məvacib 350 manat müəyyən edildi.
Son 6 ildə baş verən 2 artımdam sonra bu rəqəm hazırda 552 manatdır. Vergi çıxılmadan hesablasaq, bu 57.7% artım deməkdir.
Amma vergi yükü nəzərə almamaq yanlış olardı, çünki bu 6 ildə müəllimlətin vergi yükü də artıb və bu səbəbdən hesablamanı xalis əmək haqqı üzərindən aparanda nəticə dəyişir.
2016-ci ildə yaşayış minimumunun 1 misli, yəni o dövrdə qüvvədə olan məbləğlə 136 manatlıq hissə gəlir vergisinə cəlb edilmirdi. Tibbi və işsizlik sığortası mövcud deyildi, yalnız işçi maaşından 3% pensiya sığortası tutulurdu. Nəticədə ümumi məvacibi 350 manat olan gənc müəllim xalis 310 manat maaş ala bilirdi (təxminən 30 manat gəlir vergisi+10 manat sos. sığorta).
Hazırkı vergi tutma mexanizmi ilə eyni statusda olan müəlllimin ümumi vergi yükü 80 manat, xalis maaşı 472 manatdır. Yəni gross maaş 57.7% artdığı halda net məvacib 52% artıb. 2,5%-lik əlavə sığorta yükü (yeri gəlmişkən, hazırda 200 mantlıq hissə gəlir vergisinə cəlb edilmir və yerdə qalan məbləğdən 14% tutulur, üstəgəl 2% tibbi və 0,5% işsizlik sığortası, 3% pensiya sığortası da öz yerində), gəlir vergisinə cəlb olunmayan məbləğin böyüməsi hesabına ümumi vergi yükü 11,4%-dən 14,5%-ə yüksəlib. Yəni, 6 il əvvəl hər 100 manatın 11.4 manatı, indi isə 14,5 manatı vergis-sığorta ödəmələrinə gedir.
Daha bir vacib bir məqam odur ki, hətta Statkom-un qiymət müşahidərləri əsasında hesablama apardıqda, son 6 ildə minimum qida səbətinə daxil olan 20-yə yaxın ən zəruri ərzaq məhsulunun dəyəri 60%-ə yaxın bahalanıb. Öz növbəsində, kommunal xidmətlər səbətinin dəyəri 50%-dən çox artıb. Bu fakt onu göstərir ki, son 6 ildə orta məktəb müəllimlərinin xalis məvasibinin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb – yəni onların həyat səviyyəsi pisləşib. Halbuki diaqnostik qiymətləndirmədən sonra rəsmi vəd o idi ki, müəllimlərin maaşları indən sonra daha sürətlə artacaq.
Sonuncu məqam odur ki, 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı strategiyasında qeyd edilmişdi ki, müəllimlərin illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbəti mərhələlərlə1,8–2 dəfəyədək artırılacaq. Amma sənəd qəbul edilən anda də həmin göstərici 57% ətrafında idi, hazırda da elə həmin səviyyədə qalıb. Strategiyanın qəbulunun isə yaxın aylarda 10 ilini tamamlayacağıq.
Bu cür sənədlərdəki öhdəliklərin unudulması göstərir ki, adətən bizim hökumətin nə yazdığına yox, nə etdiyinə baxmaq lazımdır.
Proqram və strategiyalar yalnız siyasi idaretmənin taleyinin seçkidə həll edildiyi mühitdə rol oynayır. Əks halda onlar arxiv sənədləri kimi tarixə keçir…
Tarix: 21-11-2022, 22:16
Xəbəri paylaş





Xəbər lenti