Büdcədən polislərə daha çox artım var

Hazırda Milli Məclisdə müzakirə edilən 2023-cü ilin dövlət büdcəsi layihəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 2 milyard 744.4 milyon manat nəzərdə tutulub. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozunda eyni göstərici ilə müqayisədə 11.8 faiz çoxdur.
Təkcə Daxili İşlər Nazirliyinə (DİN) ayrılan vəsait 89 milyon 381 min 308 manat və ya 12.6 faiz artırılaraq 797 milyon 34 min 455 manata çatacaq.
Rəsmilər gələn ilin büdcəsini də “sosialyönümlü” adlandırır. Amma layihədə sosialyönümlü xərclər cari illə müqayisədə cəmi 9.3 faiz çox olacaq.

“Qarabağ bölgəsində əlavə xidmətlərin sayı artıb”

Milli Məclisin deputatı Fazil Mustafa “Turan”a deyib ki, müdafiə və təhlükəsizliklə bağlı xərclər artırılır, amma müqayisəni bu kontekstdə aparmaq düzgün deyil: “Dövlətin prioritet məsələləri var. Təbii ki, sosial məsələ ən öndə olan məsələlərdən biridir, amma bütövlükdə Qarabağ bölgəsində əlavə xidmətlərin sayı xeyli artıb. Yəni, dövlət təhlükəsizliyi, polisin funksiyalarının genişlənməsi ilə bağlı o bölgədə işlərin miqyası genişlənib”.
Onun sözlərinə görə, bunu yalnız büdcə vəsaitlərinin hesabına həyata keçirmək olar: “Başqa yol yoxdur. Sabitlik dövründə bu qədər artım olsa, bunu diqqətə gətirmək olar, amma indi hər an Qarabağ bölgəsində müəyyən dərəcədə separatizm meyllərinin güclənməsi problemini görürük. Ona görə də təhlükəsizlik xidmətlərini daha da artırmaq lazımdır ki, bu bölgədə fəaliyyət şəbəkəsi daha da genişlənsin”.
Azadlıq radiosu
Tarix: 24-11-2022, 22:02
Xəbəri paylaş





Xəbər lenti